Sadıqov Mirdaməd Mirsadıq oğlu

Azərbaycanın  elm və təhsil içtimayətinə ağır itki üz vermişdir. Əməkdar elm xadimi, İqtisad elmləri doktoru, professor, İsmayıllı Rayon İcra Hakimiyyətinin sabiq İcra başçısı Sadıqov Mirdaməd Mirsadıq oğlu ömrünün 71-ci ilində dünyasını dəyişib. Mirdaməd Mirsadıq oğlu Sadıqov 1 sentyabr 1950-ci ildə İsmayıllı rayonunun Lahıc qəsəbəsində anadan olub.

O, Lahıc qəsəbə orta məktəbini yüksək təhsil göstəriciləri ilə, Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir.

Mirdaməd Sadıqov əmək fəaliyyətinə 1971-ci ildə başlayıb və Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Maliyyə-Kredit kafedrasına işə qəbul olunub. Kafedrada baş referat, laborant və baş laborant vəzifələrini icra edib. 1973-1977-ci illərdə həmin institutun maliyyə-kredit kafedrasının aspiranturasında oxuyub və Moskva şəhərində namizədlik dissertasiyasını müdafiə edərək iqtisad elmləri namizədi adına layiq görülüb.

Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda Komsomol Komitəsinin katibi, maliyyə-kredit kafedrasının baş müəllimi və iqtisadiyyat fakültəsinin dekanı vəzifəsini icra edib. Müsabiqə yolu ilə kafedranın dosenti seçilib.

1988-ci ildən Bakı Maliyyə-Kredit Texnikumunun direktoru vəzifəsinə təyin edilib. Mirdaməd Sadıqov 1992-ci ilə qədər bu vəzifədə, sonra texnikumun Azərbaycan Maliyyə-İqtisad Kollecinə çevrilməsi ilə əlaqədar kollecin direktoru vəzifəsində çalışıb. 1993-cü ilin mart ayından Yeni Azərbaycan Partiyasının üzvü, 1996-cı ildən Azərbaycanda ilk dəfə yaradılmış Heydər Əliyev İqtisadi İdarəetmə Məktəbinin icraçı direktoru olub.

1997-ci ildə Dünya Bankının dəstəyi ilə İtaliya Respublikasının Turin şəhərində “Təhsil meneceri” sahəsində ixtisasartırma kursu keçib. Bir müddət Bakı şəhəri Nəsimi rayonu üzrə Vergilər İdarəsinin rəisi vəzifəsini icra edib və 6 may 2000-ci ildən etibarən Azərbaycan Dövlət İqtisad İnstitutuna prorektor vəzifəsinə təyin edilib.

Mirdaməd Sadıqov 2000-ci ildə Azərbaycan Respublikası Vergilər Nazirliyinin xətti ilə Vyana şəhərində ixtisasartırma və təcrübə mübadiləsində iştirak edib. Azərbaycan Dövlət İqtisad Universitetinin tədris işləri üzrə prorektoru vəzifəsində çalışıb. “Azərbaycan Respublikasının Maliyyə potensialının formalaşması problemləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək Azərbaycanda bu sahədə doktor adı almış ilk şəxslərdən biri olub. 2005-ci il Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə 86 saylı İsmayıllı Seçki Dairəsindən YAP Mərkəzi Şurasının vahid namizədi kimi irəli sürülüb. Azərbaycan Respublikası Vergilər Nazirliyi Vergi Siyasəti və Vergi Qanunvericiliyi Strateji Araşdırmalar Mərkəzinin Baş İdarə rəisi vəzifəsində çalışıb.

21 noyabr 2008-ci ildən Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru vəzifəsində təyin edilib. 14 fevral 2013-cü ildə Respublika Prezidentinin müvafiq sərəncamı ilə İsmayıllı Rayonu İcra Hakimiyyətinin başçısı təyin olunub.

Mirdaməd Sadıqov respublikada iqtisadiyyat, maliyyə və vergi problemləri ilə bağlı 200-dən çox elmi məqalənin, 10 dərslik, 8 dərs vəsaiti və 9 monoqrafiyanın müəllifidir. Məqalələrinin bir qismi xarici ölkələrdə dərc edilib.

M.Sadıqov “Əmək rəşadətinə” görə medalına, SSRİ Ali və Orta İxtisas Təhsil Nazirliyinin Fəxri fərmanlarına, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Əməkdar elm xadimi fəxri adına layiq görülüb. 2020-ci ildə Respublika Prezidentinin Sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif edilib.

Mirdaməd müəllim çalışqan, təşəbbüskar dövlət xadimi, gözəl el ağsaqqalı, işgüzar, vətənpərvər insan, gənclərin dostu və hamisi idi.

Zəngin həyat yolu əvəzsiz nümunə məktəbi olan Sadıqov Mirdaməd Mirsadıq oğlunun xeyirxah əməlləri, işıqlı xatirəsi Azərbaycan xalqının, xüsusilə də ismayıllıların yaddaşında uzun müddət yaşayacaqdır.

Allah rəhmət eləsin, ruhu şad, məkanı cənnət olsun.

İsmayıllı Rayon İcra Hakimiyyəti

Şərh Yaz