İLAHİ NUR İDİN

Görkəmli alim, gözəl insan, professor, Əməkdar elm xadimi, hamının sevimlisi Mirdaməd Sadıqovun əziz xatirəsinə.

Qəlbində yaxşılıq gəzdirən insan,

Söylə, səma necə, göylər necədir?

Yatdığın torpağın altında dünya,

İşıqlı səhərmi, yoxsa gecədir?

 

Kim dura bilər ki, bu ucalıqda,

Bir alim, bir rəhbər ömrü yaşadın.

Peyğəmbər övladı, Allah adamı,

İnsanlıq içində baş idi adın.

 

Uzat əllərini, uzat dağlara,

Boylan zirvələrdən sən bu cahana.

Elmi, mərifəti, mərdanəliyi,

Payla öz ruhunla Azərbaycana.

 

Uşaqla uşaqdın, böyüklə böyük,

Gəncliyə nümunə – haqqı görərdin.

Halal zəhmətinlə qazandığını,

Yetimlə, kasıbla yarı bölərdin.

 

İlahi nur idin, müqəddəs ocaq,

Sən ağı qaradan həmən seçərdin.

İmkanın olsaydı bəşəriyyətə,

Xeyirxah əməldən libas biçərdin.

 

Mən kiməm, nəçiyəm, hansı yerdəyəm,

Allahın hökmündə iz tapa bilim.

Adına, şəninə, böyüklüyünə,

Sənə layiq olan söz tapa bilim.

 

Rahat yat, arxayın bağla gözünü,

Üzülmə, Vətənə verdin borcunu.

Dağların qoynunda doğulduğun tək,

Qucaqla son anda doğma yurdunu!

Murad Məhərrəmov

Şərh Yaz