Koronavirusun xeyir və zərəri 

Qəribə başlıqdır. Təəccübləndiniz, elə deyilmi? Bu virusun vurduğu zərərlər göz qabağındadır. Yoluxucudur, rahatlığımızı pozmaqda, digər saysız-hesabsız problem yaratmaqla insanları aramızdan aparmaqdadır. Sual da elə burada yaranır – bəs bunun xeyirli olan nəyi var? Darıxmasanız sualın cavabını öz anlamıma uyğun diqqətinizə çatdırmağa çalışacağam…

Bilməyənlər də bilsin ki, göydəki yeddi səyyarənin – Ayın, Günəşin, səmaya səpələnmiş ulduzların, yerdə gördüyümüz bütün canlı və cansızların, heyvanat və insanların hamısını yaradan, gözəgörünməz – ALLAH adlı bir varlıq var. İnsana danışmağa dil, qidanı əzməyə diş, görməyə göz, eşitməyə qulaq verən də odur.

Alimlər qarşısına sual qoyuldu: Eynən insan vücuduna bənzər bir şey yaratmaq mümkünmü?  Onlar: Yox! – dedilər. Bəs o, necə və kim tərəfindən yaradılıb sualına isə 1995-ci ildə  Amerikada çap edilmiş “Biz inanırıq” kitabında bu ölkənin 53 nəhəng alimi bu suala ALLAH kəlməsi ilə cavab veriblər.

Bəs Yer adlı planetdə əvvəllər olmayan koromavirus adlandırılan bu yoluxucu xəstəlik haradan yarandı? Onu kim və nə üçün yaratdı? Bu bizə lazım idimi? Bəli!- desəm, təəccüblənməyin. Lazım idi…

Deməli belə… İraq, Suriya, Əfqanıstan və daha başqa ölkələrdən ev-eşiyini atıb, körpəsini qucağına alıb bombalar altından qaçarkən Aralıq dənizində batan yüz minlərlə günahsız insanın fəryadını Allah eşidir, qırıldığını görürdü axı…

Koronavirus xəstəliyinin nə vaxt yox olacağına hamı cavab axtarır. Alim, həkim də deyiləm, amma, Allahı sevən sadə bir insana bu suala cavabım var:

Qurani-Kərimdə belə bir kəlam var: Allah “Yaran!” desə, yaranır, “Öl!” desə, ölür.

Bu xəstəlik o zaman yox olacaq ki, bəd niyyətlilərə, pislərə, sirayət etmiş olsun və qəsbkarlar, xüsusilə yuxarıda adlarını çəkdiklərim haqq-ədalət tərəfinə keçsinlər, məcbur olub həmin ölkələrdən çıxsınlar. Fikrimcə, böyük Yaradanın sonsuz mərhəməti nəticəsində bu xəstəlik yox olacaqdır. Düşünürəm ki, bu fikrimə tərəfdar olanlar heç də az deyil.

Koronovirusun xeyri də var məsələsinə gəlincə, qeyd etməliyəm ki, yas mərasimlərimizdə islama xas olmayan, əslində bir sıra yersiz adət və ənənə formalaşmaqda davam edirdi. Koronavirus gəlişi ilə həmin xoşagəlməzliklərdən ən əcaibinin – dəbdəbəli ehsan süfrələri açılmasının qarşısını aldı.

Gəlin etiraf edək ki, yas yerinə heç kim ehsan –  aş, bozbaş, küftə, banan yeməyə getmir. Əslində məqsəd rəhmətə gedənin yaxınlarına səbir diləmək, onların dərdinə şərik olmaqdır. Dəbdəbəli ehsan süfrələrinin təşkili isə huzn sahiblərinin əksərini uzunmüddətli maliyyə çətinliyinə düçar edir.

Üzümü ağsaqqal və ağbirçəklərimizə tutub deyirəm: Gəlin özümüzü, ətrafdakıları çətinliyə salmayaq. Yas mərasimi süfrələrinə çay, halva, xurma düzülməsini yetərli sayaq. Qəssabdan nisiyə alınmış ətin ehsan kimi bişirilməsi hansı məntiqə sığışır ki?!

Güman edirəm ki, bəzilərinə qəribə görünə biləcək bu kiçik yazım əslində çoxları üçün bir ağsaqqal məsləhətidir. Məsləhətimə ehtiramla yanaşanlara bəri başdan minnətdarlıq edirəm.

Hörmətlə, 82 yaşlı Əli baba:

Əli Mehdiyev

Şərh Yaz