QƏDİM KƏNDİN YENİ, ŞANLI TARİXİ 

Düz dörd ildir düçar olduğum xəstəliklə əlaqədar, Günəş çıxmazdan əvvəl bu yerə gəlirəm. Tənbəllik etməyib evimizdən bura kimi atdıqlarım addımları da saymışam: 3000 addım. Bura, Maçaxı kəndinin bir addımlığında olan “Qırmızı təpə”dir. Torpağı da adı kimidir. Vadidə yerləşdiyindən hava axını burada çox sürətli və təmizdir, üstəlik Girdimanın həzin nəğməsi ruhuma dinçlik gətirir. Hər dəfə bura gələndə özümdən asılı olmayaraq Maçaxı kəndi barədə ağsaqqallardan eşidib bildiyim nastalji duyğularım yada düşür, bu kənddən olan, 62 il əvvəl bitirdiyimiz orta təhsildən sonra ara-sıra görüşdüyüm  və haqq dünyasına xeyli vaxtdır qovuşan mehriban sinif yoldaşım Ziyalı Məhəmməd oğlu Məmmədovu, onun nəslinin,  özünün və övladlarının acı talehini, obasını zinətləndirən Aprel döyüşçüsü həmkəndlisi Mikayıl Vahabzadəni və 44 günlük müharibədən zəfərlə çıxan nəvəsi Əşrəf Məmmədlini xatırlayıram.

“Ellər xaraba olanda Maçaxı Girdiman hövzəsinə sığmayan abad bir yaşayış məskəni olubdur” – deyə danışardılar ağsaqqallar.

Yaşı tarixin çox dərinliklərindən gəlir bu kəndin. Sasani hökmdarı 2-ci Xosrovun zülmündən qurtulmaq üçün 4-cü əsrdən başlayaraq fars əsilli etnik elementlər ayaq açıb bu ərazilərə köç etmələrindən çox-çox qabaq, Maçaxı böyük yaşayış məskəni olaraq mövcud olub, orada yerli əhali sayılan avtoxonlar yaşayıblar. 6-7-ci əsrlərdə 30 min İranlı ailəsinin Girdiman hövzəsinə köçürülməsi nəticəsində, Sasani nəslinin bir qolu olan Mehranilər sülaləsi özlərinin çarlığını yaratmış və Varaz Qriqorun oğlu Cavanşir 637-681-ci illər arasında həmin çarlığın – alban (Qafqaz) çarlığının hökmdarı olmuşdur.

Maçaxının ətrafındakı çoxlu sayda meşəliklər və kolluqlar adamla dil açıb danışmaq istəyən qədim qəbristanlıqlarla zəngindir. Deyilənlərə görə vaxtilə Girdimançayın hər iki sahili boyu uzanan böyük Maçaxının 8 iri qəbristanlığı olubdur. Sasani hökmdarlarının saray əyanları özlərinə yay iqamətgahı olaraq Maçaxının mərkəzində olan “Çuxur bağ” ətrafındakı yüksəkliyi seçiblər. Yaşlı insanlar əcdadlarından eşitdiklərindən danışardılar ki, bu iqamətgaha aşağıdan yuxarıya qədər uzanan mis pillələrin sayı 40 olubmuş. Hər 10 pillədən bir dayanıb dincəlmək üçün geniş meydançalar təkrarlanarmış. Lap zirvədəki meydançadan isə şimala – Baba dağı istiqamətində uzanan qırçınlı dağlara doğru, cənuba – Girdimançayın hər iki sahili boyu uzanan yaşıl, geniş ovalıqlara sarı isə pəncərəyə bənzər geniş bir panoram açılarmış…

Maçaxı tarixi məkandır. Qafqaza sürgün edilən böyük rus şairi M.Y.Lermontov 1837-ci ildə dostu və həmkarı M. F.Axundovun tövsiyyəsi ilə, əslən maçaxı bəylərinin nəslindən olan İsmayıl bəy Qutqaşenlinin müşaiyyəti ilə Tiflisdən Şamaxıya gedərkən yolüstü Maçaxıda dayanmış, “Dərə yolu” ilə keçib Tircanda gecələmişlər, burada yerli, məşhur Aşıq Orucun söylədiyi “Aşıq Qərib” dastanına qulaq asmışlar…

Maçaxının cənubunda, bütün gün ərzində Girdimançayın həzin laylaları ilə uyuyan geniş bir ərazi var. Bura “Poçt yeri” adlanır. Bu terminin bizim bu gün başa düşdüyümüz “poçt” anlamı ilə heç bir əlaqəsi yoxdur. Nəqliyyatın, texnikanın inkişaf etmədiyi dövrlərdə, dünya səyyahlarının işlərini asanlaşdırmaq məqsədilə “ipək yolu” keçən ərazilərdə, onların gecə qalıb dincəlmələri və lazım gəldikdə yorğun minik vasitələrini daha dinç heyvanlarla əvəzlənməsi üçün belə dayaq yerləri yaradılarmış. Bu cür məntəqələr “Poçt”, məntəqələr arasındaki yollar isə “poçt yolları” adlanarmış. Maçaxıda yerləşən bu poçt məntəqəsi uzun zaman Lahıc sənətkarlarının pənah gətirdikləri, etibar etdikləri dayaq məntəqələrindən biri olmaqla bərabər, 1858-ci ildə Qafqazı səyahətə çıxan məşhur Fransız səyyahı və yazıcısı Aleksandr Dümanın (ata) da dayandığı məntəqə olubdur. Belə ki, Bakıda Xan qızı Nattəvanla görüşdükdən sonra bir neçə gün Şamaxıda qonaq qalan Düma, Nuxa (Şəki) knyazı Tarxanovun dəvətilə Nuxaya gedərkən yolüstü yorğun atlarını bu məntəqədə dinç atlarla əvəzləmişdi…

Maçaxı ipək yolu üstə yerləşən, intibah dövrünü yaşamış yaşayış məskənlərindən ən məşhuru olub. Çəltikçilik, meyvəçilik bu diyara xüsusi şöhrət gətiribmiş. “Maçaxının qırmızı düyüsü” dillər əzbəri olub. Ondan bişirilən plovun qoxusu kənddən kəndə yayılarmış. Artımına görə, dadına görə əvəzsiz bir nemət olub Maçaxının qırmızı düyüsü. Girdimanın kilometrlərlə uzanan sağ-sol sahilləri, habelə kollaşmış, daşlaşmış və gillənmiş qədim çay yataq yerləri vaxtilə Maçaxının bərəkətli çəltik plantasiyaları ərazisi olubdur. Halal zəhmətlə yetişdirilən çəltikçilik təsərrüfatı bu kəndə böyük şöhrət gətirmiş, bir vaxtlar “Maçaxı bəyləri” adlanan varlı bir təbəqənin yaranmasına səbəb olubmuş. Bu bəylər heç də sovet idealogiyası ilə tərbiyə edilən həmyaşıdlarımın yaddaşlarına aşılanan, zəli tək kasıbların qanını soran, onları istismar edən bəylərə bənzəməyiblərmiş. Onlar rəiyyətini sevən, xeyirinə-şərinə yarayan, vicdanları qarşısında hesabat verməyi bacaran, gündə 5 öynə namaz qılan nəcib, xeyirxah insanlar olublar: Əhməd bəy, Murad bəy, Hacalı bəy, Cavad bəy, Osman bəy, Teymur bəy, Şükür bəy, Qoca bəy. Onların adları bu gün də xalq arasında ehtiramla yad edilirlər. Bu bəylərdən hansısa yetişdirdiyi düyü məhsulinu 1862-ci ildə Londonda təşkil edilmiş ərzaq sərgisinə aparmış və sərginin qızıl medalına layiq görülübmüş.

Maçaxı həmçinin, 1920-ci il, 27 apreldə devrilmiş Milli Hökümətimizin banisi M.Ə.Rəsulzadənin üç aylıq gizli Lahıc həyatından sonra bir gecəliyinə qaldığı kənddir. Lahıcda olarkən sığındığı mənzilin yeri kənd sakini, bolşevik satqını Əliabbas bəy Nəsrullabəy oğlu tərəfindən müəyyən edildiyindən, M.Ə.Rəsulzadəni Türkiyəyə qaçırmaq məqsədilə, o, dumanlı-çiskinli bir gecədə tircanlı musavatçı  Molla Kamilin dəstəsinin üzvləri tərəfindən bir gecəliyinə Maçaxıda Molla Məhəmmədin (barəsində danışacağımız Ziyalının atası. V.M) evində gizlədilir. M.Ə.Rəsulzadə burada “Əsrin Siyavuşu” əsərinin ağlamasını Məhəmməd kişiyə etibar edir.

Maçaxı həmçinin, 71 il əvvəl Girdimançay hövzəsindəki kənd və obaların indi də yaşadığı acı, sarsıdıcı bir xatirəmin vətənidir. 1949-cu ilin may ayının 28-i idi. Günəşli, mavi səma təmiz silinmiş aynaya bənzəyirdi. Göydə bir əlçim də desən bulud parçası gözə dəymirdi. İkindi çağları idi. Birdən ətraf kəndlərə xəbər yayıldı ki,  Maçaxıdan Girdimanın sağ sahilinə təsərrüfat işinə yollanan 6 gənc, evə geri dönərkən qəflətən çayın ortasındaki kiçik bir adada sel sularının əsirliyində qalıblar. Ətraf kəndlərdə ayağı yer tutan adamların hamısı hadisə yerinə yollanırlar. Qışdan yağan qarın Babadağ ətrafındakı dağlarda birdən-birə əriməyə başlamasından əmələ gələn lehməli suların şahə qalxan dalğaları getdikcə artır, gənclərin dayandıqları adacığın çevrəsini getdikcə kiçildirdi. Haray, imdad istəyən hər iki tərəfin naləsi suların gurultusunda eşidilməz oldu… Həftələrlə axtarış getdi. Uzun illər çayın sahilindəki yalçın qayalarda  sulara qərq olmuş 6 igidin adları əks-səda etdi: Əziz! Günəş! Şahlar! Əlövsət! Məlik! Sabir! Cəsədi tapılanların yaxınları gözlərini yollardan üzdülər. Təkcə şair təbiətli, dəstənin ən kiçiyi, 14 yaşlı Əziz tapılmadı. Onun tapılmamasını min yerə yozdular. Doğmaları yuxularında onun sağ-salamat qaldığını gördülər, bir müddətdən sonra kəndə qayıdacağından, qurban kəsib şadyanalıq edəcəklərindən xəbər verdilər. Çoxları qocalıb əldən düşənə qədər ümidlə yaşadı bu intəhasız həsrəti, ümid olaraq da unuduldu. 6 gəncin hamısı Tircan kənd  orta məktəbinin şagirdləri idilər, qonşu partalarda oturardıq…

Keçmişi yuxarıda təsvir edilən Maçaxı kəndi, bu kəndə ayaq açıb gəzməyi bacardığım 1950-ci illərdə 15-20 evdən ibarət kiçik bir kənd olaraq qalmaqda idi. Hələ kollektivləşdirmə dövrünün ilk illərində kənddə yaradılmış C.Cabbarlı adına təsərrüfat özünü doğrultmadığından, qısa müddətdən sonra Tircanın “Bakı fəhləsi” kolxozu ilə birləşdirilmiş və o vaxtdan bu günə kimi eyni ərazi vahidliyindədir. Dərd-sərləri, sevinç-kədərləri eyni olan, qohumlaşan, doğmalaşan, monolitləşən mehriban qonşu kəndlərdir.

Bizə məlum olmayan bir çox tarixi aşınmalara məruz qalan Maçaxı kəndi, əsrlər keçdikcə tənəzzülə uğramış, ipə-sapa yatmayan dəli dağ çayı Girdimançayın daşqınlarına məruz qalmış,  Sasanilərə məxsus iqamətgahlar tarixə qovuşmuş, mis pillələri mis sevərlər tərəfindən  mənimsənilmişdir. XX əsrin əvvəllərindən başlayaraq 1915 və 1918-ci illərdə qonşu Tircan kəndi kimi bir daha ermənilərin hücumlarına məruz qalmış, evləri yandırılmış, sakinləri qətlə yetirilmişdir. Ayaqları dəydiyi yerləri xarabazara çevirən mənfur ermənilər nə Tircanda, nə də Maçaxıda ibtidai təhsil belə almağa imkan verən üstüörtülü salamat samanlıq da qoymamışdılar. Tircanda 1908-ci ildə Rus İmperatoru Nikolayın göstərişilə inşa edilmiş müasir məktəb binası yandırılmış, yararsız hala düşmüşdür. Canında, qanında türk qeyrəti olan dəyərli insanlar onu 1929-cu ildə bərpa etdirmiş və Tircanın həndəvərində olan 11 kəndin uşaqlarının  təhsil almaları üçün lazımi şərait yaratmışlar. (Əfsuslar ki, bəzi səriştəsiz, erməni xislətli insanlar tarixi bu binanı 2013-14-cü illərdə özbaşnalıq edib lüzum olmadan sökdürmüş, hər birinin kəsilib tikilməsinə 20 qəpik qızıl pul ödənilən daşlar Lahıca aparılaraq səlahiyyət sahibinin imarətlərinin inşasına sərf edilmişdir).

Çox qısa olan insan ömründə iki qəbildən olan dostluq, ölən günə kimi unudulmayan əbədi dostluq hesab edilir: təhsil və əsgərlik dostluğu. Həyatda hansı mövqe tutmağından asılı olmayaraq, bu dostluq növləri həmişə yad edilir, söhbətlərində vəfalı dostlara istinad edilib onlardan danışılır. 1958-ci ildə Tircan kənd orta məktəbini 18-ci buraxılış olaraq bitirəndə, sinifdə 32 nəfər idik. O vaxt nəinki məktəb üzrə, hətta ailəmizdə belə bu anın yadda qalması üçün kiçicik bir tədbir də keçirilməmişdi. Təkcə vinetkamızla kifayətlənmişdik.

Buraxılışdan sonra Ziyalı ilə kənd yollarında ilk dəfə görüşəndə, aradan 25 il  vaxt keçmşdi. Onunla çox isti münasibətdə olmuşdum. Onun səs tellərindən çox asanlıqla ayrılan diri, aydın, səlis  danışığı və danışdıqca gülümsəməsi çox ürəyimə yatırdı. O, bu illər ərzində kənddən kənara çıxmamış, özündən böyük qardaşları Səlim və Kərimdən fərqli olaraq ata yurdunda qalıb, bəy qızı olduğu üçün başı bəlalar çəkən anası  Həcər xanıma ailəliklə  qulluq  etmək qərarına gəlmişdi.. Etimad göstərilərək Tircan kənd sovetliyinin sədri təyin olunmuşdu.

Ziyalının gözləmədiyi bir gündə, onun qonağı oldum. Məni görcək sevincək bildirdi ki, meşədən indicə gəlib, iki gündür ki, nəhəng pip ağacının qoğuşundan tapdığı böyük arı ailəsini həyətindəki yeşiklərə daşımaqla məşğuldur. Nə az, nə çox, düz 70 kq təbii bal əldə etdiyi üçün sevinirdi. Sonra qolumdan tutub həyətyanı sahəsində qazıntı işləri zamanı tapdığı qədim su borularını mənə göstərdi:”bu da sasanilərin çəkdirdikləri su xəttinin bir hissəsi, Tarix muzeyinə verəcəm”, – dedi. Birinci sinifdən tanıdığım Ziyalı, 35 ildə ilk dəfə idi ki, mənimlə öz ata-anası, ömür-gün yoldaşının valideynləri barədə və onların başlarına gətirilən müsibətlər haqda belə açıq danışırdı. Demə, atası Molla Məhəmməd Əfəndi müsavatçı olduğu üçün uzun zaman onu səsdən məhrum ediblər, təqib ediblər, anası isə bəy qızı olduğuna görə məzəmmət edilibmiş, ömür-gün yoldaşı Gülövşə xanım isə (onun başqa bir adı da Edelyadır) valideynləri Sibirə sürgün edildiklərindən orada anadan olmuşdur. Yuxarıda qeyd etmişdim ki, M.Ə.Rəsulzadə gecə vaxtı Lahıcdan qaçırılarkən Molla Məhəmməd Əfəndinin evində qalmışdır. Rəsulzadə bu xüsusda öz xatirələrində belə yazır:”…Evlərində müsafir olduğumuz vətəndaşların bir qismi qaralanmış, kənd ümumi gözlətmə təhdidi altında qalmışdı. Bir an əvvəl Lahıcı tərk etmək gərək idi. Boşa çıxan iki təşəbbüsdən sonra dağlıq sahədən enib ovalığa gəlmişdik. Keçdiyimiz kəndlərdən birisində qaralama halında olan “Siyavuş”un üzünü köçürdüm. Təmizə çıxarılan nüsxəni qonağı olduğumuz kəndliyə verib, qaralamasını özümlə götürdüm… Əmanəti şahid kimi göstərən o mərd kəndlilərə borçludur.Burada onlara mənəvi təşəkkür etməyi vəzifə sayıram. Bolşeviklərin qəhrinə məruz qalmasınlar deyə adlarını açıq göstərməmək zərurəti ilə üzgünəm. İnşallah, onun da növbəsi gələr.”

Ziyalı xoşbəxt bir ailənin başçısı idi. Ailədə maşallah, boyu bərabəri  Elçin, Elyar, Elman adlı oğlanları və onlara yaraşıq verən Nüşabə adında qızı böyüyürdü. Hər birini vətənpərvər ruhda böyütdüyü üçün qürur duyurdu Ziyalı. Sözlü adamlar kimi üzümə baxdı. Xoşa gələn səsilə bildirdi ki, “qarşıdan orta məktəbi bitirməyimizin 40-cı ili yaxınlaşır. Qoy xərcin ən ağır yükü mənim boynuma olsun, mənim bu bağımda yığışaq, keçmiş nisgilli günlərimizi xatırlayıb bir az şadyanalıq edək” – dedi Ziyalı.

Bu təklifdən xəbər tutan, sıraları ilbəildən seyrəkləşən vinetkamızın sağ qalmış digər üzvləri kimi mən də Ziyalının bu təklifinə yekdilliklə razıydıq. O gündən etibarən 1998-ci ilin münasib bir gününü səbirsizliklə gözləməli olduq. Amma…

Bəşəriyyətin qara yarasına çevrilmiş haylar havadarlarına arxalanaraq sakit durmurdular. 1988-ci ildən başlayaraq istər dövlət sərhədlərimizdə, istərsə də ölkə daxilində tez-tez təxribatlar törədir, terrora əl atır, hətta torpaqlarımızın 20 faizini işğal etmşdilər. Sovet qoşunları tərkibində hərbi xidmət edən qeyrətli oğlanlarımız tərxis olunub vətənə döndükləri ilk andan, yenidən silaha sarılıb Qarabağımızın müdafiəsinə yollanırdılar. Ziyalının Elyar və Elman adlı oğlanları da həmvətənlərindən geri qalmadılar. Elman 1992-95 ci illər arası Laçın, Cəbrayıl, Ağdam uğrunda vuruşdu, başından qəlpə yarası aldı, amma bu barədə nə komandanlığa, nə də ailəsinə xəbər verdi. Sadəcə, bir gün başını yuyarkən əlinə ilişən mərmi qəlpəsindən bunu hiss etmişdi.

Günlərin birində Ziyalı, qabaqdakı ailə şənliyində oğlu Elyarın da iştirak etməsi üçün böyük oğlu Elçinlə birlikdə onun xidmət etdiyi hərbi hissəyə yollanırlar. Ata və iki oğul geriyə qayıdarkən Böyük Qarabağ kanalının üstündəki  körpüdən keçəndə, necə olursa, gözlənilmədən avtomobillə birlikdə kanala düşürlər. Möcüzə nəticəsində ata boru kəmərindən asılı vəziyyətdə qalır, sanki sulara qərq olmuş oğlanlarının yerini nişan vermək üçün, bu faciəyə şahid bir insan olmaq üçün…

28.10.1995-ci il. Bu tarixdə Bakı Metropoliteninin Ulduz və Nərimanov stansiyaları arasında baş vermiş yanğın hadisəsi, həcminə görə dünya metropolitenlərində baş vermiş qəzaların ən nəhəngi və ən dəhşətlisi idi: 289 ölü, 270 ağır bədən xəsarətləri alanlar olmuşdu.  Bu terroru, Moskva və London metropolitenlərində silsilə partlayışlar həyata keçirən, bu gün isə Qərb dövlətlərinin dəridən-qabıqdan çıxaraq qahmar çıxdıqları  erməni faşistləri törətmişdilər. Ölənlər arasında Ziyalı bəyin qardaşı oğlu, hərbi məktəb müdavimi Kamran Kərim oğlu Məmmədov da var idi.

Hər cür yaralara məlhəm olan illər arxada qaldıqca dostum, qardaşım Ziyalının da yaraları xaricən qaysaqlanırdı. Dodaqları güclə qüvvə toplayıb yenicə gülümsəməyə başlayırdı. Yeganə qızı Nüşabə xanım Respublikanın Əməkdar Mədəniyyət işçisi, tanınmış Aşıq Yanvar Bədəlovun oğlu ilə təzəcə xoşbəxt ailə həyatı qurmuşdular. Kürəkəni Səyyad Neft Daşlarında işləyirdi. Oğlu Elmanı da evləndirmişdi, yaxşı tanıdığı bir ailənin qızını özünə gəlin etmişdi. Gəlinindən, kürəkənindən, oğlundan, qızından  razılıq edirdi. Öz qismətilə razılaşan adam idi Ziyalı. Övladlarının xoşbəxtliyindən savayı özgə istəyi yox idi Tanrıdan.Amma, “sən saydığını say, gör fələk nə sayır” demişlər. Tale yazısı heç kəsin öz əlində olmadığından, onun ssenarisini də istəyinə uyğun heç kəs yaza bilməz. O yazılır. Səndən, məndən soruşulmadan. İlahi qüvvə tərəfindən, ana bətnində olanda yazılır bu alın yazısı. Ziyalının talei də eləcə yazılmışdı ana bətnində olanda. “Xoşbəxtlik qapını döydüyü zaman, bədbəxtlik bəzən də qapıdan girir” -demişlər. Tutqun bir payız səhəri xəbər gəlir ki, kürəkəni Səyyad dənizə düşübdür, boğulub. İkinci bir qurtum çay içməyə hünəri çatmır Ziyalının. Xırıltılı səslə təkcə bu sözləri deyə bilir:”deməli, bəxtimə bu da yazılıbmış”… Bir neçə müddətdən sonra ömür-gün yoldaşı Gülövşə (Edelya) xanım da sevimli Ziyalısının yanındakı torpaqda rahatlığını tapır…

Səməd Vurğunun “Ölüm sevinməsin qoy…” şeri yadıma düşür. Yazmağa ehtiyac duymuram. Bir onu bilirəm ki, atalarımız “gələn qalmaz, gedən gəlməz” deyiblər. Biz bəşəriyyətin bu danılmaz qanunu qarşısında həmişə aciz qalmışıq və aciz olaraq da qalacağıq.

Atalı-analı, 3 qardaşlı, arxalı bir oğul ikən həyatda tək qalan ailənin kiçik oğlu Elman, atası nümunəsində gözəl ailə başçısı olur. Övladları dünyaya gəlir. İlk oğluna atası Ziyalının, digər oğlanlarının birinin adını Əşrəf, digərinin adını Şükür, iki yaşlı oğluna mərhum qardaşı Elyarın, gözəl-göyçək, dərs əlaçısı qızına isə anası Gülövşənin adını qoyur. Zaman keçir, Elman da atası kimi oğlanları Ziyalı və Əşrəfi əsgərliyə yola salır. Qüruruna sığmırmış ataları o gün. Hər iki oğlu həqiqi əsgəri xidmətdən sonra orduda qalıb müddətdən artıq xidmət etmələrini qərara alırlar.

2016-cı ilin 4 günlük aprel hadisələri baş verəndə, Əşrəf orta məktəbin axırıncı sinfində oxuyurdu. Cəbhədə həlak olan qohumu, qonşusu və dostu, 3-cü dərəcəli “Vətənə xidmətə görə” medalı ilə təltif edilmiş  Mikayıl Yaqub oğlu Vahabzadə üç rəngli bayrağımıza bükülü halda kəndə gətiriləndə, Mikayılın cənazəsini ilk qucaqlayanlardan biri Əşrəf olmuşdu. Böyük izdihamla, bayraqlarla müşaiyət olunan, hörmət və izzətlə, silahlardan açılan yaylım atəşləri altında qara torpağa tapşırılan Mikayıl Vahabzadənin dəfni, Əşrəfin qəlbində ermənilərə qarşı dərin nifrət oyatmışdı. 27 sentyabr hadisəsi baş verəndə Əşrəfin düşməndən qisas almaq istəyən snayperininin səsi ən qaynar nöqtələrdən: Hadrut qəsəbəsindən, Qubadlıdan, Zəngilandan gəlirdi. Yağı düşmən onun silahının nişangahından canını qurtara bilmirdi. Söz verdiyi kimi dostu, qohumu, qonşusu, həmkəndlisi Mikayıl Yaqub oğlu Vahabzadənin və digər igidlərimizin qanını yerdə qoymayıb, qisasını artıqlaması ilə aldı Əşrəf. 90-dan çox dığanı leş edib yerə sərmişdi. Əşrəf Elman oğlu Məmmədlinin özü isə, Zəngilan uğrunda gedən döyüşlərin birində qəhrəmancasına həlak oldu. Əşrəf Məmmədlinin dəfnində iştirak edən minlərdən biri də mən idim. Girdimanın axarlı-baxarlı sahilində son mənzilə yola salınan, “Döyüşdə fərqlənməyə görə”, “Cəbrayılın alınmasına görə”, “Vətən uğrunda” orden və medallarla təltif olunan Əşrəf üçün, onun komandirlərinin, döyüş və məktəb yoldaşlarının, rayon ictimaiyyətinin necə yanıb-yaxıldıqlarını təsvir etməkdə qələmim çox aciz qaldı. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Amin!!

Maçaxı bu gün keçən əsrin 50-ci illərindəki Maçaxı deyil. İndi o az qala Tircanla birləşən iri, abad bir kənd olubdur.  Prezidentimiz cənab İlham Əliyevin diqqət və qayğısı, tələb və təkidi ilə Tircana yol çəkiləndə, Mikayıl və Əşrəf kimi igid və cəsur oğlanları ilə məşhurlaşan Maçaxı da unudulmadı. Şəhidlərimizin ruhu xatirinə, kənddə yaraşıqlı, modul tipli, hər cür rahatlığı olan məktəb binası da inşa edilibdir.

Vaqif Məmmədov                                                                                                                                                                                                                                                                    

Şərh Yaz