2020-ci ilin yanvar-sentyabr aylarında İsmayıllı rayonunun sosial-iqtisadi inkişafı haqqında   

 

Rayon iqtisadiyyatının ümumi indikator göstəricisi olan ümumi məhsul buraxılışının həcmi ilkin hesablamalara görə 2020-ci ilin yanvar-sentyabr aylarında faktiki qiymətlərlə 183109,0 min manat, müqayisəli qiymətlərlə 174638,4 min manat təşkil edərək keçən ilin müvafiq dövrü ilə müqayisədə 15,4 faiz azalmışdır. Ümumi məhsul buraxılışının hər nəfərə düşən həcmi hesabat dövründə 13,0 faiz azalaraq 2092,5 manata çatmışdır. Məhsul və xidmətlərin 72,3 faizi istehsal sahələrinin,  27,7 faizi isə xidmət sahələrinin payına düşür. Hesabat dövründə kənd təsərrüfatı, meşəçilik və balıqçılıq sahəsində 97877,1 min manatlıq və ya ümumi məhsulun 53,5 faizi, sənayedə 10609,4 min manatlıq (müvafiq olaraq 5,8 faiz), tikintidə 23888,8 min manatlıq (13,0 faiz), rabitədə 913,0 min manatlıq (0,5 faiz), nəqliyyatda 1455,4 min manatlıq (0,8 faiz), ticarət və xidmət sahəsində 48365,3 min manatlıq (26,4 faiz) məhsul və xidmətlər istehsal olunmuşdur.

Keçən ilin eyni dövrü ilə müqayisədə kənd təsərrüfatı məhsulunun həcmi müqayisəli qiymətlərlə 1,4 faiz, sənaye istehsalı 0,5 faiz, informasiya və rabitə 8,5 faiz artmış, tikinti istehsalı 58,3 faiz, nəqliyyat və anbar təsərrüfatı 43,1 faiz,  ticarət, nəqliyyat vasitələrinin təmiri sektorunda isə 2,4 faiz azalma qeydə alınmışdır.

Müqayisə olunan dövrdə bütün təsərrüfat kateqoriyaları üzrə iribuynuzlu mal-qaranın sayı 1844 baş azalaraq 49668 baş, qoyun-keçilərin sayı 6794 baş azalaraq 171931 baş, donuzların sayı isə 163 baş azalaraq 171 baş olmuşdur. 2020-ci ilin yanvar-sentyabr aylarında keçən ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı (diri çəkidə) 4 ton, süd istehsalı 762 ton, yumurta istehsalı 38 min ədəd artmışdır. Hesabat dövründə 0,5 ton barama, 410 ton yun istehsal olunmuşdur.

2020-ci ilin oktyabr ayının 01-i tarixinə rayonda bütün təsərrüfat kateqoriyaları üzrə 30525,5 hektar sahədən 105755 ton dənli paxlalılar (qarğıdalı ilə birlikdə) yığılmışdır. Hesabat ilində 507 ton əvvəlki ildən çox taxıl istehsal edilmişdir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə məhsuldarlıq göstəricisi  0,2 sentner azalaraq 34,6 sentner olmuşdur.

Hesabat dövründə 22358,5 hektar sahədən 80864,5 ton buğda yığılmışdır ki, bu da əvvəlki ildən 3318,7 ton azdır. Arpa istehsalında 4247,5 ton artım qeydə alınmışdır. Cari ildə buğdanın məhsuldarlığı 36,2 sentner, arpanın məhsuldarlığı isə 31,5 sentner olmuşdur. Hesabat dövründə 85 hektar sahədə vələmir əkilmiş və həmin sahədən 224 ton məhsul toplanmışdır. Cari ilin oktyabrın 01-i tarixinə 600 hektar sahədən 1166 ton paxlalılar yığılmışdır.   2020-ci ilin 9 ayında, paxlalıların məhsuldarlığı 19,4 sentner təşkil etmişdir.

Bu ilin yanvar-sentyabr aylarında 970 hektar sahənin kartofu yığılmış, 14482 ton məhsul əldə edilmişdir. Bu dövrdə 7317 ton tərəvəz toplanmışdır. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə kartofun məhsuldarlığı 1,2 sentner artmış, tərəvəzin məhsuldarlığı isə 0,9 sentner azalmışdır. 2019-cu ilin yanvar-sentyabr ayında kartofun məhsuldarlığı 149,3 sentner, tərəvəzin məhsuldarlığı isə 95,5 sentner təşkil etmişdir. Beşinci ildir ki, rayonda tütün istehsalına başlanmış, bu il 30 hektar sahədə tütün becərilmişdir. Cari ilin yanvar-sentyabr aylarında 30,0 ton quru tütün tədarük olunmuşdur.

Hazırda bağlardan meyvə toplanışı davam edir. Oktyabr ayının 01-ə kimi 6367,2 ton meyvə və giləmeyvə, 3856 ton üzüm yığılmışdır.

2020-ci ilin yanvar-sentyabr ayları ərzində rayonun sənaye müəssisələri tərəfindən faktiki qiymətlərlə 10609,4 min manatlıq mal və xidmətlərin buraxılışı olmuşdur. Keçən ilin müvafiq dövrü ilə müqayisədə sənaye istehsalında 0,5 faiz artım müşahidə olunmuşdur. Hesabat dövründə rayonda əvvəlki ilin eyni dövründən 7,9 faiz çox, 53,4 milyon kilovat saat elektrik enerjisi, 3,4 milyon kub metr çox, 23,6 milyon kub metr qaz istehlak olunmuşdur.

Bu ilin 9 ayında rayonda 14307,8 min manatlıq əsas fondlar istifadəyə verilmişdir ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 18,9 faiz azdır. Hesabat dövründə əsas kapitala 32444,0 min manatlıq investisiya qoyulmuşdur ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 47 faiz az təşkil etmişdir. Rayonun tikinti təşkilatları tərəfindən bu ilin 9 ay ərzində 6367,9 min manatlıq tikinti işləri yerinə yetirilmişdir ki, bu da əvvəlki dövrdən 15513,6 min manat çoxdur.

Hesabat ilinin doqquz ayında rayon əhalisinə 145030,0 min manatlıq istehlak malları satılmış, 17205,0 min manatlıq əhaliyə ödənişli xidmət göstərilmişdir. Pərakəndə əmtəə dövriyyəsinin həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə sabit qiymətlərlə 1,8 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi isə 19,8 faiz azalmışdır.

Hesabat dövründə informasiya və rabitə xidmətlərinin həcmi 913,0 min manat olmuşdur ki, bu da keçən ilin eyni dövründən sabit qiymətlərlə 8,5 faiz çoxdur.

2020-ci ilin doqquz ayında rayonda ümumilikdə 349 yeni iş yeri açılmışdır. Açılmış iş yerlərinin, 24-ü yeni yaradılmış müəsisə və təşkilatlarda, 75-i mövcud müəssisə və təşkilatlarda, 250-i isə digər tədbirlər üzrə qeydə alınmışdır. Açılmış iş yerləri əsasən kənd təsərrüfatı, sənaye, xidmət və tikinti sahələrində qeydə alınmışdır.

2020-ci ilin doqquz ayının ilkin məlumatlara görə rayonda muzdla işləyənlərin sayı orta hesabla 8,8 min nəfər olmuşdur ki, bunun da 29,2 faizi təhsildə, 8,1 faizi səhiyyədə, 1,2 faizi informasiya və rabitədə, 9,4 faizi kənd təsərrüfatında, 3,9 faizi tikintidə, 8,3 faizi dövlət idarəetməsində olmuşdur.

Muzdla işləyənlərin 61,8 faizi və ya 5452 nəfəri dövlət sektorunda çalışmışdır. Dövlət sektorunda işləyənlərin bu dövrdə orta aylıq nominal əmək haqqı 497,8 manat təşkil etmişdir ki, bu da ötən ilin eyni dövründən 21,9 faiz çoxdur. Həmin dövrdə qeyri-dövlət bölməsində 3374 nəfər çalışmışdır ki, onlarında orta aylıq əmək haqqı 348,2 manat təşkil etmişdir. Qeyri-dövlət bölməsində orta aylıq əmək haqqı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8,3 faiz çoxalmışdır.

Ümumilikdə rayon üzrə muzdla işləyənlərin orta aylıq nominal əmək haqqı 70,6 manat artaraq 445,0 manat təşkil etmişdir. Muzdla işləyənlərin orta aylıq nominal əmək haqqı ilkin məlumatlara əsasən cari ilin yanvar-sentyabr aylarında emal sənayesində 605,4 manat, tikintidə 373,5 manat, ticarətdə 351,6 manat, nəqliyyat və anbar təsərrüfatında 273,6 manat, informasiya və rabitədə 437,9 manat, dövlət idarəetməsində 610,7 manat, təhsildə 522,7 manat, səhiyyədə 436,5 manat, elektrik enerjisi qaz və su təchizatında 603,6 manat təşkil etmişdir.

Əziz Əzizov,  

İsmayıllı Rayon Statistika İdarəsinin rəisi

Şərh Yaz