Vətənə canım da qurbandır                   

 

Ürəkdən gələn bu sözlər qəhrəman əsgərimiz, İsmayıllı şəhərinin Mican məhəlləsində boya-başa çatmış Elvin Rəsulova məxsusdur.

E.Rəsulov 1998-ci ildə dünyaya göz açıb. İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbində təhsil alıb.  Hazırda ali məktəb tələbəsidir. Üç ay öncə hərbi xidmətə çağırılıb. 27 sentyabrda başlanan Vətən müharibəsində ilk saatlarından döyüşlərdə iştirak edib. Döyüşlərdə bir neçə dəfə yaralanıb və hər dəfə ambulator yardım aldıqdan sonra  yenidən ön cəbhəyə, döyüş bölgəsinə qayıdıb.

Şuşa şəhərinin mənfur düşmənlərdən geri alınması uğrunda gedən döyüşlərində şəhid olan döyüşçü yoldaşının nəşini  ərazidən uzaqlaşdıran zaman bir neçə metrliyində mərminin partlaması nəticəsində Elvin başından və sol ayağından yaralanır. Yaralı olmasına baxmayaraq, Şəhid silahdaşının nəşini kəndirlə belinə bağlayır, ərazidən uzaqlaşmaq istəyən zaman ikinci mərminin partlayışı onu təkrar yaralayır. Elvin bu dəfə sol ayaqdan ciddi qəlpə yarası alır.

Komandir Elvini və şəhid əsgəri döyüş meydanından uzaqlaşdırmağı digər döyüş yoldaşlarına tapşırır… Elvinin sözlərinə görə çoxdankı arzularından biri torpaqlarımızı işğaldan  azad edilməsinin ona da qismət olması olub. Çoxsaylı yaralar almasına baxmayaraq, arzusunun gerçəkləşdiyindən özünü xoşbəxt sayır.

Döyüş zamanı bədənimin müxtəlif yerlərindən qəlpə yaraları almışdım. Hərbi hospitalda ambulator yardım aldım. Hər dəfə həkimlər mənə deyirdilər ki, bu yaralar vaxtı-vaxtında müayinə olunmasa gələcəkdə fəsadlar verə bilər. Mən razılaşırdım. Öz-özümə deyirdim ki, ön cəbhədə döyüş gedə-gedə mən burada necə oturum. Bu səbəblə könülü olaraq döyüşə getdim. Sonuncu dəfə Şuşa döyüşlərində ağır yaralandım… Özümə ilkin tibbi yardım etdim. Yaralı ayağımı baldır hissəsindən bərk sıxaraq qanaxmanın qarşısını aldım. Məni əsgər yoldaşlarım hərbi hospitala gətirdilər. Həkimlərə təşəkkür edirəm ki, mənə göz bəbəkləri kimi baxdılar. Orda olduqca peşəkar bir həkim vardı. Ayağımın kəsilməməsi üçün çox çalışdı.

Hal-hazırda müalicəm davam edir. İnanıram ki, həkimlərimizin bacarıq və qayğısı sayəsində yenidən sərbəst gəzəcək, ayaqlarımın üzərində hərəkət edəcəyəm. Qəribə səslənsə də deyəcəyəm: Aldığım yaralara baxanda, düzü, o qədər ağrı da hiss etmirəm. Düşünürəm ki, nəinki ayağım, canım da Vətənə qurbandır.

Yaralı əsgərimizin anası Ramilə xanım oğlu ilə qurur duyduğunu deyir. Bir əsgər anası kimi özümü hər bir şeyə hazırlamışdım. Müharibədir, balam şəhid də ola bilərdi. Şükürlər olsun ki, oğlum bu gün yanımdadır. Bütün şəhid analarına səbir diləyirəm. Yaralı əsgərimizi İsmayıllı rayon sakinləri ehtiramla ziyarət edirlər.

Elvinin məktəb direktoru olmuş Şəfaqət Rəsulov deyir ki, o, bir şagird kimi də yüksək nailiyyətləri ilə həmyaşıdlarından fərqlənirdi. Fərqlənmə, öndə olma istəyi bu gün onun döyüş meydanındakı şücaət və qəhrəmanlığının təməli olub.

Hərbi hazırlıq fənninin müəllimi Vidadi Zərbiyev Elvinin şagird ikən hərbi vətənpərvərlikdə fərqlənməsindən danışır və deyir: Mən  Elvin kimi gənclərimizlə fəxr edirəm. Birinci Qarabağ müharibəsi iştirakçısı kimi, onda bizim edə bilmədiklərimizi bu gün şagirdlərimiz etdi.

İşğalda olan torpaqlarımız azad edildi. Var olsun igid oğullarımız. Yaşasın Azərbaycanın qalib əsgəri!

Yaşasın Ali Baş Komandan! Qarabağ Azərbaycandır!

Ş.Soltanov

Şərh Yaz