Qələbəmizin dəyəri bizim üçün misilsizdir                 

27 sentyabr tarixindən başlayaraq, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə doğma Azərbaycanımızın həm döyüş meydanında, həm də diplomatik danışıqlarda qazandığı zəfərlər hər birimizdə böyük fəxarət hissi yaradıb. Otuz illik həsrətə son qoyan bu əzəmətli Qələbə düşmən işğalında olan əzəli torpaqlarımızın azad edilməsi və ərazi bütövlüyümüzün təmin edilməsi deməkdir. Əminik ki, milli birliyimizi və həmrəyliyimizi daha da gücləndirən bu əlamətdar hadisə müasir Azərbaycan tarixinin şanlı səhifələrinin yazılması ilə yadda qalacaq.

Vətən müharibəsinin bizim qələbəmizlə başa çatmasını Silahlı Qüvvələrimizin Ali Baş Komandanı, Prezident İlham Əliyevdən eşitdik. Son 30 ildə ölkəmizin ən ciddi problemi sayılan Dağlıq Qarabağ münaqişəsi qloballaşan dünyanın hazırkı durumuna uyğun şəraitdə Azərbaycan xalqının xeyrinə həll olundu.
Cənab Prezident Azərbaycan xalqına müraciətində bildirib ki, “İmzalanmış bəyanat bizim şanlı qələbəmizdir. Şadam ki, bu gün bu müjdəni Azərbaycan xalqına verirəm. Bu siyasi qələbənin qazanılmasında hərbi qələbəmiz müstəsna rol oynayır.
Bəyanatın imzalanmasının səbəblərindən biri  Şuşanın, daha sonra bayraq günü 72 yaşayış məntəqəsinin, ümumilikdə 300-dən çox yaşayış məntəqəsini işğaldan azad edilməsidir.  Bu qələbələr düşməni məcbur etdi ki, Ağdam, Laçın, Kəlbəcər rayonlarını siyasi yolla qaytarsın.  Son illər ərzində ölkəmizdə aparılan işlər, mövcud olan gözəl ab-hava, xalq-iqtidar birliyi, siyasi münasibətlərin müsbət səviyyəyə qalxması, beynəlxalq nüfuzumuz, beynəlxalq arenadakı fəaliyyətimiz, ordu quruculuğu təbii ki, bu qələbəmizi şərtləndirdi”.
Cənab Prezident vurğulayıb ki, “Milli məsələlərdə biz hamımız birləşə bilirik. Bu da bizim gələcəyimiz üçün çox önəmlidir. Siyasi müxalifət  bu dövrdə yüksək şüur nümunəsi göstərdi. Dövlətə müxalifətdə olmaq olmaz, dövlətçiliyə müxalifətdə olmaq olmaz. “İqtidara, dövlətə nə qədər pisdir, mənim üçün bir o qədər yaxşıdır” fikri ilə yaşamaq olmaz”.
Böyük çətinliklər bahasına başa gələn bu şanlı qələbənin dəyəri bizim üçün misilsizdir. Müharibədən çıxardığımız tarixi dərsləri heç zaman unutmamalıyıq. Daxildəki həmrəylik, milli birlik, vahid amal uğrunda birləşməyimiz əlavə güc verdi, imkan vermədi ki, bəzi mənfur xarici dairələr öz çirkin planlarını Azərbaycanda həyata keçirsinlər. Azərbaycan xalqı yumruq kimi birləşib. Bu birlik əbədi olacaq. Bu birlik gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkan yaradacaq. Dövlətin gücü Azərbaycan xalqının dəstəyindədir.

Vətən uğrunda övladını döyüşə göndərən ata-ana onun səngərdən gələn qəhrəmanlıq sədasına sevinib. “Şəhid olmuş oğlunun Azərbaycan Bayrağına bükülü tabutu önündə şəstlə dayanıb “Vətən sağ olsun!”- deyərək göz yaşlarını gözündə donduran ataların, anaların böyüklüyünü gördük. Qarşılarında baş əyirik. Heç bir əsgər qanından, canından qorxmadı bu döyüşlərdə. 44 gündə Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Hadrut, Şuşa, Suqovuşan, Talış uğrunda gedən döyüşlərdə hərb salnaməsinin şanlı səhifələrini yazdılar.
Ölkə rəhbəri İlham Əliyev bildirib ki, Azərbaycan xalqı şəhidlər verərək qələbəni qazandı. Yaralı əsgər və zabitlərin tezliklə sağalıb normal həyata dönməsi, sağalması üçün də əlimizdən gələni edirik və edəcəyik. Xocalı qurbanlarının da qisasını aldıq, şəhidlərimizin də qisasını aldıq.
“Şəhidlərin ruhu qarşısında baş əyirəm. Birinci Qarabağ və İkinci Qarabağ müharibələrinin şəhidləri bizim qəlbimizdə əbədi yaşayacaq. Azərbaycan xalqı böyük xalqdır, vətənpərvər xalqdır, dəmir iradəyə malik olan xalqdır. İntiqamımızı düşməndən aldıq, işğalçıdan aldıq. Mülki vətəndaşlarla bizim işimiz olmayıb və olmayacaq”.

Azər Bədəlov

Şərh Yaz