Tədrisin davamlılığı təmin olundu

Mənim əziz şagirdim! 2019-2020-ci tədris ili başa çatdı. Budur, sən artıq 2-ci sinfi bitirdin. Mən səni bütün dünyada COVİD-19 pandemiyasının yaratdığı tam fərqli bir situasiyada, virtual olaraq təbrik etməli oldum.
Pandemiya bütün dünyada olduğu kimi Azərbaycan təhsilinə də təsirsiz qalmadı. Mart ayının 3-dən bu günə qədər məktəblərin fəaliyyətə başlamasını gözləyirdik. Sən və mən doğma məktəbimiz, sinif otağımız üçün çox darıxdıq. Lakin bütün təhsil müəssisələrində fəaliyyətin dayandırılmasının qısa bir müddət davam etməyəcəyi aydın olandan sonra biz: mən, sən və valideynin arasında birgə iş birliyi yaratdıq. Təhsilini “#evdəqal” maqla onlayn formada davam etdirdin.
#Təhsil Nazirliyinin təşkil etdiyi #teledərsləri sənin internet bağlantısı ilə çətinliklərin olduğunda köməyinə gəldi. Biz səninlə “WhatsApp”, “Zoom”, “Teleqram” və daha sonra isə “Virtual məktəb” platformalarından virtual məkanda görüşdük. Pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq, mükəmməl rəqəmsal bacarıqlara malik oldun. Bu bacarıqlara valideylərinlə birgə nail oldun. Öyrəndin, sevindin! Valideynlərinin zəhməti sayəsində dərslərimizin əlçatanlığını təmin etdik. Virtual müsabiqələrdə qalib oldun, ailəni sevindirdin. Proqram materiallarına uyğun olaraq virtual dərslərdə fəallıq göstərdin. Hər gün həvəslə günün tapşırıqlarını gözlədin. Məni kolleqrafik və orfoqrafik cəhətdən düzgün yazı qaydaların ilə heyrətləndirdin. Verdiyim hər tapşırığı düzgün və səliqəli yerinə yetirməyə çalışdın. Mövzuları, öyrəndiyin qaydaları mənə kiçik video-çarx formasında çatdırdın. Müxtəlif layihələrdə fəal iştirak etdin. Sənin sinifdə yoldaşlarının qarşısında utanaraq dərs danışmağın artıq telefon kamerası önündə itdi. Səni virtual olaraq kəşf etdim.
Karantin dövründə əsas hədəfimiz tədrisin davamlılığını təmin etmək oldu. Biz səninlə buna nail olduq. “Google Form”da, “Teleqram”da hazırladığım müxtəlif sınaq testlərini edərək biliyini yoxladın. Topladığın yüksək nəticələr məni çox sevindirdi. Müəllimlərinlə virtual olaraq ingilis dilini də öyrəndin. Biz səninlə distant təhsilin tədrisə hansı səviyyədə olduğunu öyrəndik. Distant təhsil metodlarının tətbiqi elektron tədris resurslarının (müzakirə mətnləri, təqdimatlar, videodərslər) əlavə təhsil saytlarından istifadə etməklə müasir təlim metodları ilə daha yaxından tanış oldun və istifadə qaydalarını bildin. Aydın oldu ki, pandemiya təhsilimizin məzmununa əhəmiyyətli dəyişikliklər gətirdi. Əziz şagirdim! #evdəqaltəhsildənqalma başlığı altında işlədiyimiz bütün layihələri sosial şəbəkələrdə (facebook, youtube, instaqram, teleqam) paylaşdıq. Bu müddət ərzində əldə etdiyin nailiyyətləri virtual olaraq bölüşdün. Hər kəs səni virtual olaraq tanıdı. Sən distant təhsilin ”dadını” aldın. Karantin dövründə əldə etdiklərin həyatını əhəmiyyətli dərəcədə dəyişdi.
Sənlə növbəti tədris ilində doğma sinif otağımızda görüşmək ümidi ilə: Builki tədris ilinə son! – deyirəm. Daha yüksək nəticələr əldə etmək üçün elmin pillələrini büdrəmədən, maneəsiz qalxmağını arzulayıram!
Səni sevən müəllimin:
(Şəkil qış tətilinə buraxılışda çəkilib)
Qüdsiyyə Manafova

Şərh Yaz