İki qəlbin işığında

Hekayə mart-aprel aylarında xüsusi karantin dövründə qələmə alınmışdır.

 

Aytən Xocalıda dünyaya göz açmış, burada boya-boşa çatıb orta məktəbi bitirmişdi. Ona görə də doğma şəhərin hər bir guşəsi, yaşadığı ata ocağı, təhsil aldığı doğma məktəb, orada məktəbli rəfiqələri ilə keçirtdiyi günlər qəlbində silinməz xatirələr oyatmışdı. O, dünyaya Xocalıdan boylanıb baxırdı.

Orta məktəbi uğurla bitirdikdən sonra, universitetə daxil olub sevdiyi müəllimlik sənətinə sahib olmuş, doğma şəhərində ədəbiyyat müəllimi işləyirdi.

Vəfadar kənd məktəbində tarix müəllimi işləyirdi. O, Aytənlə eyni universitetdə təhsil almasına baxmayaraq, ixtisas fakültələri müxtəlif idi. Vəfadar institutda keçirilən ictimai tədbirlərdə iştirak edəndə Aytəni  bir neçə dəfə orada görmüş, onun hərəkətləri, münasibəti Vəfadarın xoşuna gəlmiş, onunla tanış olmaqla sevgisini dilə gətirmişdir. Lakin bunu heç kəsə büruzə verməmişdir. Ali məktəbi bitirdikdən sonra, Vəfadar doğma kəndi Çəmənliyə, Aytən isə Xocalıya təyinat alıb işləməyə başladılar.

Artıq hər ikisinin ailə qurmaq vaxtı çatmışdı. Gülbahar xala oğlu Vəfadarı evləndirmək üçün ürəyində kəndin qızlarını götür-qoy edirdi.

Bir gün nahar vaxtı ailə süfrə başına cəm olanda ana  evlənməkdən söz salıb Vəfadarın fikrini öyrənmək istədisə də, o, heç bir söz deməyib susub dayandı. Tələbəlik illərini, orada Aytənlə görüşdüyü xoş günlərin xəyalına daldı. Bilirdi ki, Aytənə  neçə yerdən elçi düşməsinə baxmayaraq, heç kəsə razılıq verməmişdi. Vəfadarın anası Gülbahar xala oğlundan bir söz ala bilmədiyi üçün, narahat idi, oturduğu yeri də bilmirdi. Vaxt tapıb oğluna kəndin qızlarını sadalayıb onların yerini bəyan edirdi. Ailə qurmuş tay-tuşlarını ona xatırladırdı. Oğlu anasının intizarına son qoymaq üçün Aytən müəlliməni nişan verdi. Yaşadığı yeri, iş yerini bəyan etdi.

Qız evinə getməyə, elçiliyə hazırlıq görüldü. Adam göndərib gələcəkləri günü barədə onlara xəbər verdilər.

Hamıdan çox sevinən Gülbahar xala idi. Yoldaşı Bəxtiyar kişi ilə birgə xeyir-dua ilə elçiliyə yola düşdülər.

Aytənin atası Ədalət kişi elçiləri qarşılayıb onları içəri dəvət etdi. Yoldaşı Dilarə xala da gələn qonaqlarla görüşüb əl-ayağa düşdü, qonaqları çay süfrəsinə dəvət etdi. Onlar qısa müddətdə Vəfadarla, onun ətrafı ilə yaxından tanış olmuşdular. Bəxtiyar kişi gəlişinin məqsədini – onlarla el adəti üzrə qohum olmaq istədiklərini bildirdi. Dilarə fikirləşirdi ki, kənd yerinin işi, təsərrüfatı Aytən üçün çətin olacaq, çünki o, ömrü boyu belə işlərlə məşğul olmamışdı. Ona görə də gələn elçilərin xətrinə dəymədən, yumşaqlıqla narazılıq ifadə etdilər və söhbəti yarıda kəsib “yox” cavabı verdilər.

Bu zaman Aytən kiçik bacısı ilə yan otaqda oturmuşdu, otaqdakıların danışığını eşidirdi. Doğrusu, anasının elçilərə  “yox” cavabı heç də Aytənin ürəyincə deyildi, lakin bunu ata-anasına ağardıb deyə bilmədi. Bundan sonra neçə yerdən elçi gəldisə, Aytən onların heç birisinə razılıq vermədi.

Bəzən elə hadisələr baş verir ki, insanın  istək və arzuları bir anın içərisində alt-üst olur, həyat axarından dönüb tamam başqa səmtə yönəlir. Zamanın şər qüvvələri müvəqqəti də olsa, məkrli niyyətlərinə nail olurlar.

Torpaqlarımıza, var-dövlətimizə göz dikən erməni qəsbkarları fürsət gözləyirdi ki, daha çox sərvətlərimizə sahib çıxsınlar. Sanki yıxılan ağac gözləyirdilər ki, göbələk kimi onun çürümüş kötüyü üstündə bitsinlər. Keçmiş Sovet dönəminin zəifləyib çökməsi ilə mənfur düşmənin əlinə fürsət düşdü.

Şaxtalı, sazaqlı bir fevral günü… Tariximizin yaddaşına əsrin ən böyük faciəsi kimi həkk olunan  Xocalı soyqırımı. Erməni daşnaklarının növbəti ağlagəlməz vəhşilikləri. Həmin gün göylər də şər qüvvələrin bu şeytan əməlindən xəbər tutub qara çarşaba bürünmüş, sanki düşmənin qarşısını almaq istəyirdi. Tanklar, pulemyotlar gurladı. Hər tərəfi atəş səsləri bürüdü.

Heç şeydən xəbəri olmayan dinc əhali o şaxtalı qış gecəsində canını qurtarmaq üçün çölləri, meşələri, çayları güllə yağışının müşayiəti ilə keçərək, ətraf kəndlərə, yaşayış məntəqələrinə pənah aparmalı oldular. Mənzil başına çata bilməyən yaşlıları, qadınları, uşaqları amansızlıqla qətlə yetirdilər. O müdhiş gecədə şəhidlərimiz tökülmüş günahsız qanları ilə bəyaz qarın üzərində düşmənə lənət və nifrət nidalarını yazdılar. Elə bir nida ki, illər, əsrlər boyu yaddaşlarda qalıb onu törədənlərin vəhşi təbiətini açacaqdıq. Onlar bu qanlı cinayətə görə cavab verməli olacaqlar.

Aytənin ata-anası, kiçik bacısı düşmən tərəfindən qətlə yetirilmiş, ailədən yalnız Aytən salamat çıxmışdı. Onlar gecə yarı Xocalıdan xeyli aralı Çəmənli kəndinə pənah gətirdilər. Axşamdan başlayan atəş səslərinə qaçıb canını qurtarmaq istəyən insan axınının fəryadına kəndin itləri oyaq düşüb aramsız hürürdü. Canını  qurtarmış adamlar böyük çətinliklə gecənin yarısında Çəmənliyə çatdılar. Səs-küyə bəzi adamlar oyaq olsa da, çoxu yatmışdı. Qadınlar, uşaqlar, yaşlı adamlar birinci növbədə evlərdə yerləşdirdilər. Aytənin yeriməyə taqəti qalmamışdı. Əynindəki qara paltarı islanıb ətəkləri buz bağlamışdı.

Vəfadargilin evi kəndin lap girəcəyində yerləşirdi. Aytənlə qonşusu orta yaşlı qadın bu evdə gecələməli oldular. Vəfadarın atası Bəxtiyar kişi yaxınlarına baş çəkmək üçün şəhərə getmişdi. Evdə Gülbahar xala və onun məktəb yaşlı kiçik qızı Səlimə qalmışdı.

Vəfadar oyaq idi. Səs-küyə həyətə düşmüşdü. Həyətin giriş qapısını açanda alaqaranlıqda kənd yoluna səpələnmiş adamları gördü. Aytənlə gələn orta yaşlı qadın həyət qapısının yanında durmuşdu. Yaşlı qadın hönkürtü ilə içini çəkərək başlarına gələn müsibəti göz yaşları içində Vəfadara söylədi. Özü kimi onun səsi də titrəyirdi. Vəfadar onları içəri buraxdı. Anasını və kiçik bacısını oyatdı. Otaqları qızdırıb yır-yığış etdilər.

İçi qorxu dolu bir qış gecəsi… Qar yağırdı ağır-ağır… Saat on ikini vururdu. Aytən divanda, Vəfadar isə stulda oturmuşdu. Qara paltarlı bu gözəl qadının baxışlarında sanki bir qorxu, içində bir inilti var idi onun. Hər ikisinin mənalı baxışları bir-birinə zilləndi. Bu baxışlarla Aytən özünü ona xatırlatmağa çalışır, nə isə demək istəyirdi. Ürəyində olanlar yaşa dönüb axırdı gözlərindən…

Vəfadar birdə gözlərini zilləyib, qarşısındakı qadına diqqət yetirdi. Birdən qeyri-adi səslə: – Aytən! – deyə səsləndi və yerində donub qaldı. Aytən də onu tanıdı. Ani olaraq baxışlarındakı kədər əridi, görkəmi açılan kimi oldu. Bütün bu olanlar onlara nağıl kimi gəlirdi. Aytən boğula-boğula valideynlərini, kiçik bacısını itirdiyini bildirdi. Qəhər onu boğurdu. Yenidən üzünə kədər çökdü…

Gecə yarıdan keçmişdi. Dilarə xala yatmağı məsləhət gördü. Aytən ev sahibinin kiçik qızı Səlimə ilə onlar üçün ayrılmış qonaq otağına keçdi. Yatağında uzansa da, gözlərinə yuxu getmirdi. Bu, onun həyatında ən uzun gecə sayılırdı.

Səhər açıldı. Axşamdan yağmağa başlayan qar ara vermədən ələnirdi. Yol-iriz başdan-başa örtülmüşdü. Hələ də xırda qar dənələri noğul kimi ətrafa səpələnirdi. Hərə sağ qalan yaxınlarını soraqlayırdı. Aytən yaxın adamlarından yalnız dayısının salamat qaldığını öyrəndi. O, da  arvadı Dürdanə ilə Çəmənli kəndinə gəlib çıxmışdı. Çoxdan evlənməsinə baxmayaraq onların, övladı olmamışdır. Onlar bundan xiffət çəkmədən taleləri ilə barışmış, birlikdə xoşbəxt yaşayırdılar. Hər dəfə söhbət düşəndə – Yəqin qismətimizə belə yazılıb, – deyirdilər. Yaxınlarını və qonşu uşaqlarını göstərib: – elə bu uşaqları elə bilirəm doğma övladlarımdır.

Aytən dayısını tapandan sonra qonşu kənddə onları mənzillə təmin etdilər.

Sovet dönəmində  ferma işçiləri üçün kəndin kənarında sağıcı evi tikilmişdi. Bu ikimərtəbəli yaraşıqlı binada bir neçə otaq inşa olunmuşdu. Bu otaqlardan ikisini Aytənin dayısının ixtiyarına verdilər. Otaqların birində Aytən qalırdı. O, axşamlar qonşu qızı yanına çağırırdı. O, burada sıxıntı keçirmir, sərbəst yaşayırdı. Gecələr çox zaman gözünə yuxu getmir, valideynlərinin itkisi ilə heç cürə barışa bilmirdi. Bəzən yorğan-döşəyində oğrun-oğrun ağlayır, göz yaşlarını tökürdü.

Yaxşı ki, Aytənin otağında televizor qoyulmuşdur. Onu darıxmağa qoymurdu. Axşamüstü televizoru açdı. Xalq yaradıcılığına aid maraqlı bir veriliş gedirdi. Aparıcı şirin dillə söz sənətimizin incilərini təqdim edirdi.

Bu dağlar, ulu dağlar,

Çeşməli, sulu dağlar.

Burda bir qərib ölüb,

Göy kişnər, bulud ağlar.

Aytənin gözləri doldu, ardını dinləyə bilmədən, şəhid olmuş valideynləri, yaxınları göz önünə gəldi. Duruxub çölə çıxdı.

Vəfadar arada imkan tapıb Aytənə baş çəkib əhvalını öyrənirdi, lakin evlənməkdən söhbət açmağa dili gəlmirdi.

Xocalı soyqırımından düz bir il keçdi. Vəfadar ata-anasını Aytənin və dayısının razılığı ilə onlara növbəti dəfə elçi göndərdi. Aytənin dayısı ona ata əvəzini verir, böyüklük edirdi.

Gələn elçilər bir daha Aytənin ata-anasına rəhmət oxudular. Ancaq nə etmək olaq, həyatın həmişə iki üzü olub. Çətin günlərimizdə bir-birimizə arxa-dayaq durub qəmi, kədəri bölüşməliyik. Elçilər Aytənin xeyir-duasını alandan sonra sağollaşıb ayrıldılar.

Bu ilin şaxtalı qışından sonra bahar da öz gəlişi ilə yeni ruh, həyat verməyə tələsirdi. Baharın müjdəsi sayılan qaranquşlarda köçüb gəlmişdi. Bəxtiyar kişi toy məsləhəti üçün yola düşdü. Hər iki tərəf razılığa gəldi. Hər ikisinin toyu birlikdə, yığcam bir məclislə qeyd olundu. Məclis iştirakçıları sağlıq deyir, bu cütlüyə xoş arzularını çatırdılar. Aytənin üzü hərdən açılır, hərdən bulud kimi tutulurdu. Toyun aparıcısı söylədiyi şirin kəlamları ilə məclisə xoş ovqat gətirirdi.

İki qəlbin işığında yol gedən,

Zülmət çağı dağlar aşa, yorulmaz.

Yollarını bürüsə də duman, çən,

İki durna uçar qoşa, yorulmaz.

Bu sözlərdən Aytənin eyni açıldı. Aparıcı ailə həyatı quranlara həyat yollarında birgə addımlamağı, bir-birinə hər zaman arxa-dayaq olmağı arzulayırdı.

Gecədən xeyli keçənə kimi məclis davam etdi. Cavanlar rəqs edib şənlənirdilər. Toy şənliyi başa çatdı, məclis iştirakçıları üzlərində təbəssüm məclisi bir-bir tərk etməyə başladı…

Heydər Xəlilov,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü,

İsmayıllı rayonu

 

 

 

 

 

 

 

Şərh Yaz