Başlıca hədəf şəxsiyyətyönümlülükdür

İsmayıllı təhsil mühiti özünəxas müsbət tərəfləri ilə respublikada nümunəvi yerə sahibdir. Çoxtərəfli və rəngarəng iş üsulları, təlim yanaşmaları ilə müşahidə olunan bu mühitin tərkib hissəsi kimi Gəndov kənd ümumi orta məktəbi Etwinning – layihəyönümlü təhsil çərçivəsində mühüm addımlar atmış, məqsədyönlü fəaliyyət göstərmişdir.

Artıq 2019-2020-ci tədris ilinin əvvəlində məktəbin direktoru Xuraman Qurbanova pedaqoji heyət qarşısında dərslərin layihələr metodu ilə uzlaşdırılması  tapşırığını qoymuşdur. Və beləliklə, bütün tədris ili gündəlik dərslərin etvinning layihələri ilə vəhdəti şəraitində keçmişdir. Ölkədə  etvinning səfirlərindən biri olan Aliyə Ağayevanın qurucusu olduğu “Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və “Dilimiz sərvətimiz” adlı layihələr uğurla işləndi.

“Dünya Azərbaycanlılarının Həmrəylik Günü” layihəsində Xuraman Qurbanova, Vüsalə Zeynalova, Ceyhun Əsgərov, İlham Səmədov, Seydalı Əliyev, Zülfiyyə İslamova, Pərvanə Şahalıyeva, Yeganə Nağıyeva iştirak etmiş və həmrəylik günü ilə bağlı məktəb tədbiri, əslində, şagirdlərin müstəqil fəaliyyəti ilə keçən silsilə işlərlə səciyyələnmişdir. “Dilimiz – Sərvətimiz” adlı layihədə isə Azərbaycan dilinin gözəlliklərindən bəhs olundu, türk dilləri ailəsinə mənsub dillərin təsnifatına toxunuldu, həmin dillərə aid bədii parçalar şagirdlərimiz tərəfindən qiraət olundu. Layihədə Ceyhun Əsgərov, Günel Ələsgərova, Vüsalə Zeynalova, Yeganə Nağıyeva, Pərvanə Şahalıyeva iştirak edirdi.

Məktəbin direktoru Xuraman Qurbanovanın quruculuğu ilə “Zəriflik” layihəsi işləndi. Məktəbin ədəbiyyat müəllimi Ceyhun Əsgərovun da iştirak etdiyi layihədə qadın fenomeninə toxunuldu, qadın şəxsiyyətinə sosial həyatın müxtəlif prizmalarından nəzər salındı. Türkiyədən olan həmyaşıdları ilə birlikdə çalışmaq məktəbimizin şagirdlərinə bir başqa zövq verdi. Ceyhun Əsgərov və məktəbin tarix müəllimi Günel Ələsgərovanın qurucusu olduqları “Anadolu-Qafqaz – Mədəniyyətlərin rodosu” adlı layihə də şagirdlərin yüksək fəallığı ilə başa çatdı. İki böyük regionun coğrafiyası, dövlətçilik tarixi, milli-mənəvi dəyərləri azərbaycanlı və türkiyəli şagirdlərin aktiv fəaliyyəti ilə işıqlandırıldı.

Ceyhun Əsgərov Sumqayıt şəhər 25 nömrəli tam orta məktəbinin müəllimi Arzu Teymurova ilə birgə “Filmlər həyatımızda – Dədə Qorqud” layihəsini tamamladı. Hər bir addımı mövzunun inteqrasiyası və məktəblilərin qarşılıqlı fikir mübadiləsi əsasında qurulmuş layihə intensiv dinamikası ilə seçildi.

Məktəbin ibtidai sinif müəllimi Vüsalə Zeynalova “Naxışlar dünyası” və “Magical hands” layihələrində xüsusi fəallığı ilə seçildi, ibtidai sinif şagirdlərini müstəqil işlərə cəlb etməkdə müstəsna fədakarlıq göstərdi. Qeyd edim ki, “Naxışlar dünyası” lahiyəsində həmçinin Şahnaz Ağaməmmədova, Pərvanə Şahalıyeva da iştirak edirdi.

Namazgah kənd məktəbinin müəllimi Gültəkin Məmmədovanın bu layihədə çalışmaları da milli koloritlərin parlaq əksi ilə yadda qaldı. Coğrafiya müəllimi Orxan Kamallı və riyaziyyat müəllimi Zülfiyyə İslamova “Tarixi-coğrafi prizmadan riyaziyyat” layihəsini tamamladılar. Yerli landşaftın obyekt kimi seçildiyi layihə olduqca maraqlı tərəfləri ilə xarakterizə olundu. Ceyhun Əsgərovun qurucusu olduğu “Ədəbiyyatın görünməyən coğrafiyası” layihəsində direktor Xuraman Qurbanova, Günel Ələsgərova, Vüsalə Zeynalova da iştirak edirdi.

Obrazlı təfəkkürün ifadəsi üçün web 2 alətlərin tətbiqi və bu zaman məzmun, forma, janr, nəzəriyyənin bir araya gətirilməsi şagirdlərimiz üçün yenilik oldu. Bunlardan başqa, Ceyhun Əsgərov Heydər Əliyev adına MTK və Əskişəhər Hacı Süleyman Çakır qızlar liseyi ilə birgə “Bəxtiyar Vahabzadə və Yunus Əmrə kültür köprüsü”, İsmayıllının bir qrup müəllimi və Türkiyədən olan həmkarlarla birlikdə “Qutadqu bilik – bu günümüz və sabahımız arasında körpü”, yenə də Azərbaycandan və Türkiyədən olan müəllimlərin iştirakı ilə “Perr-fect”, “İyilik yap, ağaca as” layihələrində çalışdı.

Ümumiyyətlə, bütün layihələrdə başlıca hədəf şəxsiyyətyönümlülük, şagirdyönümlülük və nəticəyönümlülük prinsiplərinin əksi olmuşdur.

Xuraman Qurbanoba,

məktəbin direktoru

 

Şərh Yaz