Boz atlı Gülalı

Olanlardan-keçənlərdən

 

(Əvvəli ötən nömrələrdə)

 

Dediyimiz kimi, Boz atlı Gülalının evdə öz hökmü, öz qanunu var idi: möhkəm iradəli, zəhmətkeş, tələbkar və intizamlı olmaq. Hətta o, ailəsində elə nizam-intizam, qayda-qanun yaratmışdı ki, səhər tezdən arvaddan tutmuş uşaqlaradək hamı öz işini bilir, öz vəzifəsinin icrasına yollanırdı. Ona görə də evdə ruzi-bərəkət də var idi, hörmət-izzət də, ar-abır da.

Bir gün bunun səbəbini Gülalı kişidən soruşanda o, belə bir rəvayət danışdı:

– Bir ölkənin çox adlı-sanlı padşahı varmış. Onu tanıyanlar bunun bu şan-şöhrətinə, bilik-bacarığına təəccüb edərlərmiş. Nəhayət, bir gün onun uşaqlıq dostlarından biri padşahdan soruşur: “Necə oldu ki, sən şuluq, ona-buna toxunan, tənbəl, o qədər də işdə təcrübəsi olmayan bir adam birdən-birə gəlib bu mərtəbəyə yetdin?”.

Böyük tarixi şəxsiyyətlər haqqında düşünəndə nədənsə, gözlərim önünə uca dağlar, onların tufanlı-qarlı zirvələri, çətin aşırımları, yolçuların başı üstündə asılan və sanki indicə qopub düşəcək bu əzəmət və qüdrət önündən qorxu və vahimə ilə keçən, cılız vücudları əzib heçə döndərəcək nəhəng daşlar, qaşqabaqlı sərt qayalar gəlir.

Görəsən, bu sərtliyə görə o dağları qınayan, onlara nöqsan tutan olubmu?

Dağlarımız elə bu sərtliklə düşmənlərin qarşısına sipər çəkmiş, Vətənə qalxan, xalqa səngər olmuşlar.

Ramiz Əhmədov,

“Mir Cəfər Bağırov” kitabından  Padşah cavabında deyir:

– Elə ki, evləndim, ailədə birinci, arvadım mənim dediklərimə əməl etdi. Sonra uşaqlar da sanki, ondan dərs aldılar. Daha sonra, qohum-əqrəba gördülər ki, ailəmizdə belə qanun-qayda var, onlar da başladılar bizimkilərin yolu ilə getməyə. Bir müddətdən sonra kənd-kəsəkdə, el-obada, böyük bir mahalda hamı başladı mənə hörmət etməyə, mənim dediklərimə riayət etməyə. Axırda bir gün ölkə əhli başladı məni padşah seçməyə.

Deməli ailədə, mahalda və dövlətdə qayda-qanun, böyük-kiçik, hörmət-izzət olarsa, hər şeyə nail olmaq olar.

Boz atlı Gülalı kişi evdə atanın rolundan, ailədə ər kimi vəzifəsindən çox danışar, çox nəsihətlər verərdi. Deyərdi: “Ata evin dirəyi, ana onun ürəyidir. Kişinin qazancı evdə olar, özü çöldə. Kişisiz ev sarvansız karvana bənzər, ailə getdiyi istiqaməti bilməz. Kişinin papağı qeyrət rəmzidir. Arvadı əri saxlar, pendiri dəri və s.”.

Bütün bunların nəticəsidir ki, yaşadığı 96 ildə Gülalı kişinin bir sözünü nə ailədə, nə də qohum-əqrəbada heç kim iki eyləməmişdi. Hətta söyləyirlər ki, onun həyat yoldaşı Balabacı xanım 70 yaşında da ərindən icazəsiz bir xeyir-şərdə iştirak etməmiş, uzaq qohumlarının evlərinə ayaq basmamışdır. Gedəndə də onun üçün xüsusi vaxt ayırardı. Arvad bu vaxt ölçüsündən heç cürə çıxa bilməzdi. Gənc yaşlarında onun kənddən bir qədər uzaqda yerləşən bulağa gedib-gəlməsi də nəzarət altında olardı. Buna səbəb bir az da Gülalı kişinin qısqanc olması idi. Özünün dediyi kimi, o, evin xarici işlər naziri, arvadı isə daxili işlər naziri idi.

Tez-tez Boz atlı Gülalı uzaq-uzaq şəhərlərə, rayonlara səfər edərdi. Bu səfərlər bəzən iki-üç ay, bəzən də üç-dörd gün olardı. Maraqlısı budur ki, bu müddətdə heç kim bilməzdi ki, onun evində nə var, nə yox. Heç kim bilməzdi ki, Gülalı kişi evdədir, ya yox. O, evin azuqəsini, geyim-keçimini, mal-qaranın ot-ələfini elə ehtiyatla qurardı ki, ailə heç nədən korluq çəkməzdi. Arvad da, ailə də həmişə onun yolunu səbirsizliklə gözləyərdilər. Çox vaxt uşaqlar onun gəlişini Boz atın kişnəməsindən, Balabacı xanım isə ayaq səsindən bilərdi. Elə bil evin xanımı hörmətli şairimiz Bəxtiyar Vahabzadənin

Əgər sevirsənsə, ayaq səsindən

Gərək biləsən ki, Bəxtiyar gəlir

şeirinə cavab olaraq, öz ərinə olan sevgisini onun ayaq səslərindən duyurdu. Axı, sevgi həm də təlim-tərbiyə, öyüd-nəsihət, gör-götür, nizam-intizam, əhdə vəfa etmək deməkdir. Necə ki, bir mahnıda deyilir:

Mən səni sevmirəm ki, bir gün unutmaq üçün,

Elə bil yaranmışam əlindən tutmaq üçün.

Gülalı kişi uşaqlıq və yeniyetmə dövrlərində İsmayıllıda – Lahıc qəsəbəsində dinli-imanlı, ədəbli-ərkanlı, ağsaqqal-ağbirçəkli adamlar arasında çox olduğuna, onların ibrətamiz sözlərinə çox fikir verdiyinə, onlardan çox şey öyrəndiyinə görə o da bu bildiklərindən bəzilərini arabir övladlarına, yaşıdlarına bir rəvayət kimi danışardı.

Məsələn, o deyərdi ki, bir gün ədəbaz, valideyn qədrini bilməyən, böyüklərə hörmət nə olduğunu anlamayan bir övlad uzun müddət xəstə yatan qoca atasını qamışdan hörülmüş həsir bir zənbilə qoyub uca dağ başına gətirir. Zənbili qayanın dibinə tullamaq istəyəndə görür ki, atası gülür. Övladı maraqlanıb ondan soruşur:

– Bundan da ağır günün olacaq? Mən səni qayanın dibinə atıram, sən də başlayırsan gülməyə.

Atası bu abırsız, Allahsız oğluna cavab olaraq kinli-kinli deyir:

– Bala, eşitmiş olarsan, bir gün qonşunun vicdansız oğlu da sənin kimi öz atasını aparıb dağ başından uçuruma belə yumbalatmışdı. Axırda övladının özünü də belə yumbalatdılar… Tələsmə, bir gün səni də zənbil qarışıq belə tullayacaqlar.

Qeyd etdiyim kimi, Gülalı kişinin hökmü ailədə hərbi qanunlardan da möhkəm idi. O, uşaqların geyim-keçiminə, pal-paltarlarına, ayaqqabılarının təmizliyinə, saç qırxdırmalarına diqqətlə fikir verərdi. Hətta təkbəndlərinin (belbağı) çəkilməsinə də nəzarət edərdi. Elə ki, görərdi təkbəndin beldə arasından barmaq keçir, uşağı məcbur edərdi ki, onu bir az da sıxsın. Deyərdi: – təkbəndin beldə möhkəm olması o deməkdir ki, birinci, heç vaxt şalvar aşağı düşməz. İkinci, bir hadisə olarkən adam qaçanda şalvar boşalıb, əl-ayağa dolaşmaz. Üçüncü, birdən bir nəfərlə qarpışanda, şalvar boşalıb aşağı düşəndə sən bilməyəcəksən ki, şalvarın qaydına qalasan, yoxsa rəqibin zərbələrindən yaxa qurtarasan. Bir də, belin möhkəmliyi sağlamlıq deməkdir.

Gülalı kişi bu dediklərinin hamısını öz üzərində təcrübədən keçirmişdi. Ona görə də ömrü boyu o, çox şümal, eyni ölçüdə – bir metr səksən beş santimetr boyu, 70 kq çəkisi olmuşdur. Heç vaxt nə 0,5 kq kökəlmiş, nə də arıqlamışdır. Balıq yağından istifadə etməklə, qoyun kəsərkən onun quyruğundan bir tikə çiy udmaqla, həmişə Hindistan çayından tünd və qaynar içməklə (ömründə bir dəfə də soyuq su içməmişdi), bir kasa cızdağ yağına çörək doğrayıb yeməklə, içkiyə meyl göstərməməklə, ömrü boyu siqaret çəkməməklə, heç kimə paxıllıq etməməklə, gecə-gündüz Allaha dua etməklə o, bir dəfə də xəstələnməmiş, iynə-dərman nə olduğunu bilmədən dərdsiz-bəlasız düz 96 il ömür sürmüşdür.

(ardı var)

İldırım Dəmirli

Şərh Yaz