Müşahidəçi intizamı

86 saylı İsmayıllı Seçki Dairəsinin 61 saylı seçki məntəqəsi Quşencə kənd tam orta məktəbində qurulmuşdu.

9 fevral 2020-ci il tarixinə təyin olunmuş növbədənkənar Parlament seçkilərinə başlanması üçün səhər saat 7:10 dəqiqədə məntəqə seçki komissiyasının üzvləri tam heyətdə və qaydalara uyğun fəaliyyətə başlamağa hazır vəziyyətdə idi.  Saat 7:31-də qapı döyüldü. Gələn yoldaş Mərkəzi Seçki Komissiyası tərəfindən deputatlığa namizəd Məmmədov Elçin Fazil oğlunun müşahidəçisi olduğunu bildirdi. Ona hardasa 20 dəqiqə gözləməli olacağını bildirdik.

Saat 7:50 dəqiqədə müşahidəçini məntəqəyə dəvət etdik. Səsvermə qutularının tam boş olmasını və kilidlənməsini telefonu vasitəsi ilə lentə aldı.

Saat 8:00-da məntəqənin qapısını açdıq. Müşahidəçilər onlar üçün müəyyən edilmiş yerdə yerləşdilər.

Müşahidəçi Qurbanov İxtiyar Şamxal oğlu yüksək mədəniyyət nümayiş etdirməklə maraqlandığı suallara bizdən cavab alır, seçkinin yüksək səviyyədə, tam demokratik gedişi barədə vaxtaşırı olaraq telefon əlaqəsi qurduğu mənbəyə məlumatlar ötürürdü.

Müşahidə vaxtı yüksək mədəniyyət nümayiş etdirən İxtiyar müəllim saat 19:00-da kilidlərin açılması və bülletenlərin sayılması prosesində də müşahidələrini apardı. Protokolun surətini alıb yüksək hörmət və ehtiramla seçiləcək deputata uğurlar arzulayıb məntəqəni tərk etdi.

Qanunlarımıza verdiyi yüksək dəyərə və nümayiş etdirdiyi mədəniyyətə görə İ.Qurbanova seçki komissiyamızın üzvləri adından minnətdarlıq edirəm. Arzu edərdim ki, Seçki Məcəlləsinin bütün qayda və tələbləri vətəndaşlarımız tərəfindən layiqincə yerinə yetirilsin.

Sovetxan Muradalıyev,

61 saylı Quşencə kənd seçki məntəqəsinin sədri

Şərh Yaz