Səfərbərlik tariximizin dünəni və bu günü

 Hər bir dövlətin güclü, zamanın tələblərinə cavab verə biləcək ordusu olmalıdır. Xalq tərəfindən deyilmiş bir ifadə bu gün də öz aktuallığını saxlayır: “Ordun varsa, yurdun  var”.

Milli Ordumuzun yaranmasının və onun Səfərbərlik tarixinin əslində 100 illərlə yaşı vardır. 1918-ci ildə yaranmış Azərbaycan Xalq Cümhuriyyəti zamanı ordu quruculuğu və səfərbərlik həyata keçirilmiş, orduya görkəmli sərkərdələrimiz Əliağa Şıxlınski və Səməd bəy Mehmandarov rəhbərlik etmişdir.

70 illik Sovet dönəmində də Azərbaycan vətəndaşları ordu sıralarına səfərbər edilmiş, vahid ölkə olan Sovet İttifaqının keşiyində dayanmışlar. 1941-1945-ci illərin Böyük Vətən müharibəsində alman faşizminə qarşı ölüm-dirim savaşında Sovet Ordusuna səfərbər edilmiş 700 min Azərbaycan övladından 300 mini qəhrəmanlıqla həlak olmuşdur. Bunlardan 5 mini İsmayıllının qəhrəman oğullarıdır. Fəxrlə deyə bilərik ki, həmyerlilərimiz Qafqazdan  Berlinədək şərəfli döyüş yolu keçmiş, bəşəriyyətin ümumi düşməninə qarşı mübarizədə öz əsgəri borclarını şərəflə yerinə yetirmişlər. Bəhyəddin  Mirzəyev Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, Kamal Qasımov, Qasım Əsədov, Vahab Osmanov, Məmməd Bağırov, Baxış Mehdiyev, Bağır Mehdiyev, Həşim Həşimov, Hacıbala İsgəndərov və digərlərinin şücaəti dillər əzbəri olmuşdur. 1945-ci il may ayının 1-də Kayzer sarayına Qələbə bayrağını həmyerlimiz Vahab Osmanov sancıb.

Ordu quruculuğu ilə Səfərbərlik tariximiz paralel addımlamışdır. Çünki ordu varsa, səfərbərlik də mütləq mövcuddur.

Xalqın iradəsi və təkidi ilə yenidən hakimiyyətə gəlmiş Ümummilli lider Heydər Əliyev 1993-cü ildən ordu quruculuğu sahəsində dönüş yaratmış, səfərbərlik tariximizin yeni səhifəsini yazmışdır. Xilaskarımız söyləmişdir: ”Azərbaycanın müasir tələblərə cavab verən güclü və qüdrətli ordusu olmalıdır!”

Ümummilli liderin siyasətini bütün sahələrdə uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ordumuzu gücləndirmək baxımından çox inamlı addımlar atır. Azərbaycan Silahlı Qüvvələri bu gün Cənubi Qafqazın müasir hərbi texnika ilə təchiz edilmiş ən güclü ordusudur. Səfərbər olunmuş,vahid komandanlıq altında idarə olunan Azərbaycan Silahlı Qüvvələrinin müasir hərbi bilik və bacarıqlara yiyələnmiş şəxsi heyəti dövlətimizi və xalqımızı təhdid edən hər bir təcavüzkara yetərincə cavab vermək gücündədir. Onun sıralarında xidmət edən, orduya səfərbər edilmiş hər bir Azərbaycan gənci xidmət müddətini həyatının ən şərəfli dövrü sayır, geydiyi hərbi paltarın, əldə saxladığı silahın, öpüb and icdiyi bayrağın qürurunu yaşayır. Ulu öndər Heydər Əliyev qeyd edirdi ki, Azərbaycan Silahı Qüvvələrinə çağırılmaq, orduda xidmət etmək hər bir gənc üçün böyük iftixar mənbəyi, şərəfli bir vəzifə olmalıdır.

Yanvarın 13-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə ölkə rəhbəri qeyd etmişdir ki, dünyanın ən güclü orduları reytinqində Azərbaycan 52-ci, Ermənistan isə 96-cı yerdədir.2016-cı ildəki Aprel döyüşləri, 2018-ci ildəki uğurlu Naxçıvan əməliyyatları Ordumuzun zabit və əsgərlərinin şücaətini, döyüş qabiliyyətini, Vətənə, torpağa sevgilərini,düşmənə nifrətlərini bir daha nümayiş etdirmişdir.

2016-cı ilin aprel döyüşlərində düşmənlə ölüm-dirim savaşında İsmayıllının igid övladları da adlarını tarixə yazdırmışlar. Qəlbində Vətən sevgisi gəzdirən şəhid Mikayıl Vahabzadə,qazi Yaşar Ağayev belələrindəndir. Mikayıl aprelin 1-dən 2-nə keçən gecə erməni təxribatının qarşısı alınarkən Tərtər istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid,Yaşar isə Vətən yolunda əlil olmuşdur. Onların qəhrəmanlığı gənclərimizə bir örnək,nümunədir. Qeyd etmək yerinə düşər ki, Qarabağ uğrunda gedən döyüşlərdə İsmayıllıdan 144 nəfər canını Vətən yolunda qurban vermiş, şəhid olmuşdur. Rayonda 400 nəfərə yaxın Qarabağ müharibəsi veteranı, 142 nəfər Qarabağ əlili vardır.

Ordunun təşkili, möhkəmləndirilməsi, hərbi kadrlarla, vətənpərvər gənclərlə təminatı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əsas vəzifəsidir. SHXÇDX Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin 13 fevral 2012-ci il tarixli 593 nömrəli Fərmanı ilə yaradılmışdır. Dövlət Xidməti Azərbaycan Respublikası vətəndaşlarının hərbi vətənpərvərlik tərbiyəsini,müddətli həqiqi hərbi xidmətə çağrışaqədərki hazırlığı, həqiqi hərbi xidmətə çağırışı, ehtiyatda xidmətkeçməni, səfərbərlik hazırlığı və səfərbərlik üzrə çağırışı, xüsusi hərbi xidmət üzrə hazırlığı yüksək səviyyədə həyata keçirir.

Rayonda gənclərin müddətli həqiqi hərbi xidmətə göndərilməsi, onların xidmət edəcəkləri hərbi hissələrə təyin olunması tam şəffaf şəkildə həyata keçirilir. Gənclər hərbi xidmətə təntənəli şəkildə yola salınır. Onların tibbi müayinəsi təcrübəli və bilikli həkim komissiyası tərəfindən həyata keçirilir. Ordudan tərxis olunmuş gənclərə xüsusi qayğı göstərilir, işlə təmin olunmalarına rayon rəhbərliyi, gənclər təşkilatı, Dövlət Xidmətinin rayon şöbəsi yaxından köməklik göstərir.

Rayonun ümumtəhsil məktəblərində, Dövlət Humanitar və Texnologiya Kollecində, Peşə Tədris Mərkəzində Səfərbərlik Xidməti əməkdaşları ilə tez-tez gənclərin görüşləri keçirilir, müsabiqə və yarışlar təşkil olunur. Rayon Gənclər və İdman İdarəsi keçirdiyi tədbirlərdə vətənpərvərlik və hərbi-vətənpərvərlik tərbiyəsinə üstünlük verir. Rayonda “Vətənin müdafiəsinə hazıram”, “Şahin” hərbi idman oyunları yüksək səviyyədə keçirilir. Hərbi  idmançılarımız dəfələrlə bu yarışların qalibi olmuşlar. İsmayıllı Olimpiya İdman Kompleksi hərbi-idman yarışlarının keçirilməsində, gənclərin fiziki sağlamlığının inkişaf etdirilməsində öz səylərini əsirgəmir.

Fevralın 13-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranmasının 8-ci ildönümü İsmayıllıda tənətənli şəkildə qeyd olunub. Rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, Xidmətin işçiləri əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Tədbir Rayon İcra Hakimiyyətinin konfrans zalında davam etdirilib. İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov giriş nitqi ilə tədbiri açaraq SHXÇDX rayon şöbəsinin əməkdaşlarını mənsub olduqları təşkilatın yaranmasının səkkizinci ildönümü münasibəti ilə təbrik edib, gənclərin orduya hazırlanmasında, vətənpərvərlik tərbiyəsinin daha da gücləndirilməsində, hərbi peşələrin, hərb tarixinin öyrənilməsində və təbliğində onlara uğurlar arzulayıb, Xidmətin rayon şöbəsinin 4 əməkdaşına pul mükafatı təqdim edib.

Rayon şöbəsinin rəisi, polkovnik-leytinant Əfran Nəbiyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 8 illiyi barədə məruzə edib. İki nəfər əməkdaşa Dövlət Xidmətinin Fəxri fərmanı, bir nəfərə təşəkkürü təqdim olunub. İstefada olan polkovnik Əlaləm Babayev, YAP rayon təşkilatının sədri Sevil Əhmədova, Rayon məhkəməsinin sədri Rəfael Şirinov, rayon ağsaqqallar şurasının sədri Valeh Salehov şöbənin əməkdaşlarını təbrik edib, fəaliyyətlərində uğurlar arzulayıblar.

Yazının sonluğu olaraq qeyd etmək istərdim ki, İsmayıllıda bütün aid təşkilatların birgə iştirakı ilə gənclər orduya mükəmməl hazırlanır, onların hər biri vətən qarşısında borcunu ləyaqətlə yerinə yetirir.

Murad Məhərrəmov,

RİH başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini

Şərh Yaz