Mədəni-tarixi abidələrə baxış

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə, İsmayıllı rayon İcra Hakimiyyəti, İsmayıllı Gənclərin İnkişaf və Karyera Mərkəzi və Rəsm Qalereyasının təşkilatı dəstəyi ilə 5 fevral 2020-ci il tarixdə Heydər Əliyev adına Mədəniyyət Mərkəzində “Miniatürlərlə mədəni-tarixi abidələrə baxış” adlı rəsm sərgi-müsabiqəsi keçirilib.

Tədbirdə çıxış edən layihə rəhbəri, İsmayıllı Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru İsmayıl Faxtiyev ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasətindən, gənclərlə iş sahəsində reallaşdırılan dövlət proqramlarından, rayon rəhbərliyi tərəfindən gənclərin hətərəfli inkişafı, bilik və bacarıqlarının üzə çıxarılması istiqamətində yaradılan şəraitdən danışıb.

Çıxışda qeyd olunub ki, Gənclər Fondunun XIII qrant müsabiqəsində qalib olan layihənin əsas məqsədi xalqımızın çoxəsrlik irsini, milli-mədəni dəyərlərini gənc nəslə sevdirmək, bu sahədə bilik və bacarıqlarını artırmaq, Azərbaycan xalqının dünya mədəniyyəti xəzinəsinə bəxş etdiyi sənət incilərindən olan miniatür yaradıcılığını gənclərə aşılamaqdır. Bildirildi ki, miniatür sənətinin örgənilməsi istiqamətində görülən ən böyük iş Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə UNESCO ilə 20 illik əməkdaşlıq Planına əsasən hazırlanmış “Miniatür sənətinin tədqiqi, təbliği və inkişafı Proqramı”nın qəbul edilməsidir.

İsmayıllı Dövlət Rəsm Qalereyasının direktoru İkram İsmayılov çıxışında milli-mənəvi dəyərlərimizin, mədəni abidələrimizin, xüsusən işğal altında olan sənət nümunələrimizin gənclər tərəfindən miniatür əsərlərə işlənilməsini, bacarıqlı gənclərin üzə çıxarılıması, dəstəklənməsini, dövlət tərəfindən gənc istedadlara dəstək göstərilməsini yüksək qiymətləndirib və iştirakçılara uğurlar arzulayıb.
Sərgi-müsabiqədə rayonun müxtəlif sahələrini təmsil edən yeniyetmə və gənclərin əl işlərindən ibarət ümumilikdə 60 ədəd kətan lövhə üzərində işlənmiş rəsm əsərləri nümayiş olunub. İştirakçılar tərəfindən böyük maraqla qarşılanmış sərgidə nümayiş olunan rəsmlər ətrafında geniş fikir mübadiləsi aparılıb və sonda iştiralçılara sertifikatlar, qaliblərə isə hədiyyələr təqdim edilib.

Səadət Rəhimova

Şərh Yaz