Xocalı faciəsini unutmayaq

Əgər dünyanın abadlıq və gözəlliklərini bərbad edən müharibələr olmasaydı, dünya haqqında yalnız xoş sözlər eşitdiyimiz cənnəti xatırladar, bəşəriyyət sülh və əmin-amanlıq şəraitində yaşayardı. Müharibə olduqca ağır və acı bir həqiqətdir. O, dağıntı, fəlakət, faciə olmaqla bərabər, ölüm-itim, anaların ah-naləsi, uşaqların ərşə qalxan fəryadıdır. M.Y.Lermontovun təbirincə desək, insan üçün göz yaşları nədirsə, müharibə cəmiyyət üçün odur.

Xüsusilə XX əsr müharibələr üçün kulminasiya olmuşdur. Birinci və İkinci dünya müharibələri, qlobal münaqişələr, geopolitik çəkişmələr, yaxın keçmişimizin amansız qarşıdurmaları tarix kitablarımızın qanlı-qadalı səhifələridir. Bütün bu ağrı-acılar anamızın anası, qibləgahımız Odlar yurdu Azərbaycandan da yan keçməmişdir.

Xüsusən, ötən əsrin 1988-1995-ci illərində erməni faşistlərinin doğma Azərbaycanımızın dilbər guşələrindən biri olan Qarabağda törətdikləri vəhşiliklər buna əyani sübutdur. Nankor qonşunun vəhşilikləri üzündən 25 mindən çox soydaşımız şəhid olmuş, on minlərlə insan isə yaralanıb şikəst qalmışdır.

Dənizdən dənizədək böyük Ermənistan xülyası ilə yaşayan ermənilərin faşizmdən irəli gələn ideyaları nəticəsində nəinki, türk və Azərbaycan xalqı, habelə, bütün qonşu xalqlar – gürcülər, kürdlər, yəhudilər, ləzgilər, avarlar, tatlar və başqa millətlər bu sərsəm düşüncənin qurbanına, əzabkeşinə çevriliblər.

Dünyada çox faciələr olmuşdur: Xirosima, Naqasaki, Xatın, Matrenovka, Dersim, Hələbcə… Amma bunlardan daha ağırı, daha dəhşətlisi Qarabağ faciələridir. Qarabağ faciələrinin pik nöqtəsi isə Xocalı qırğınıdır. Sağalmayan qanlı yaramız, sızlayan canımız, qan yaddaşımızdır Xocalı faciəsi.

1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə rusların 366-cı alayının köməyi ilə erməni faşistlərinin qaniçən ordusu Xocalı şəhərini işğal etdilər. Bu, tarixdə xalqımıza qarşı edilən ən amansız soyqırımı oldu. Tarix heç vaxt belə bir vəhşilik görməmişdi.

Xocalı soyqırımı nəticəsində 63 uşaq, 70 qoca və qarı, 106-sı qadın olmaqla 613 vətəndaşımız qətlə yetirilib. 8 ailə tamamilə məhv edilib. 28 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla 487 nəfər yaralanıb. 1275 nəfər girov götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi hələ də məlum deyil.

Azərbaycan xalqının faciəsi olan Xocalı soyqırımı heç vaxt, heç kim tərəfindən heç zaman unudulmamalı, yaddan çıxarılmamalıdır. Bu, təkcə Azərbaycan xalqına deyil, bəşəriyyətə qarşı törədilən amansız faciədir.

Onu da qeyd edək ki, əgər Azərbaycanın Milli Qəhrəmanları – Xocalı şəhərinin polis rəisi Əlif Hacıyev, Bakı şəhərindən gəlmiş 21 döyüşçü könüllünün komandiri Adil Quliyev, Xocalı batalyonunun komandiri Tofiq Hüseynov, polis Arif Xanlaroğlu və başqaları olmasaydı, Xocalıdan bir nəfər də olsun sağ çıxmayacaqdı…

Odlar Yurdu Cavanşirlər, Babəklər, Koroğlular, Nəbilər, Sultanbəylər yurdudur. Bu torpaq həm də Mübariz İbrahimov, Çingiz Qurbanov, Aprel döyüşlərinin qəhrəmanları kimi oğulların məskənidir. Onlar qəhrəmancasına, fədakarcasına, ölümün gözünə dik baxaraq canlarını Vətən yolunda qurban veriblər.

İllər, əsrlər keçəcək, həyat öz axarı ilə davam edəcək, amma, Xocalı şəhidləri qan yaddaşından, ürəklərdən silinməyəcək.

Vaxt gələcək, dövr dəyişəcək tarixin yaraları sağalacaq, yəni Xocalı azad olunacaq, 25 min şəhidimizin, o cümlədən Xocalı şəhidlərinin qanı yerdə qalmayacaq, qisası alınacaq. Onda bütün şəhidlərimizin ruhu şad olacaq, rahatlıq tapacaq. Onda Xocalının səması aydın, buludsuz olacaq. Azad Xocalımızda, bütün Qarabağımızda Azərbaycanımızın üçrəngli bayrağı vüqarla dalğalanacaq, onda Xocalı əvvəlki azad, şən xoşbəxt günlərinə qayıdacaq.

Nizami Nadirov

Şərh Yaz