Müşahidə seçki prosesində əhəmiyyətli hadisədir

Fevral ayının 4-də Yeni Azərbaycan Partiyası İsmayıllı rayon təşkilatında 9 fevralda Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə Yeni Azərbaycan Partiyası tərəfindən müşahidəçi təyin edilmiş şəxslərlə və ərazi ilk partiya təşkilatı sədrləri ilə görüş keçirilib.

Görüşü YAP İsmayıllı rayon təşkilatının sədri Sevil Əhmədova açıb. O, Milli Məclisə keçiriləcək seçkilərə partiyanın hazırlığı ilə bağlı ətraflı məlumat verib. YAP tərəfindən irəli sürülən namizəd və təbliğat-təşviqat kampaniyası çərçivəsində keçirilən görüşləri müşahidəçilərin diqqətinə çatdırıb, müşahidəçilərin hüquq və vəzifələrindən danışıb. Bildirdi ki, müşahidəçilər seçici siyahıları ilə tanış olmaq, seçicilərə seçki bülletenlərinin verilməsini müşahidə etmək, səsvermə günü istədiyi vaxt seçki məntəqəsinə daxil olaraq prosesi izləmək, seçicilərin sayını, səs verilmiş və etibarsız hesab edilmiş seçki bülletenlərinin sayılmasını müşahidə etmək, müşahidələrinin nəticələrinin seçki komissiyasının protokolunda qeyd edilməsini tələb etmək və s. hüquqlara malikdir.

S.Əhmədova müşahidəçilərə bildirib ki, seçki prosesi olduqca əhəmiyyətli bir hadisədir. Bu baxımdan onlar ayıq-sayıq olmalı, qanunun və seçicilərin hüquqlarının təminatına çalışmalıdırlar. Nizam-intizamlı olmalı, öz hüquq və vəzifələrindən irəli gələn məsələlərin həllində səmərəli və keyfiyyətlə müşahidə aparmalıdırlar. Azad, şəffaf seçki mühitinin, eləcə də seçicilərin daha rahat və sərbəst səsverməsi, müşahidəçilərin müşahidə aparması üçün lazımı bütün tədbirlərin görüldüyünə inamını ifadə edib. Onların beynəlxalq müşahidəçilərlə eyni hüquqlara malik olduqlarını nəzərə çatdırıb.

Görüşdə həmçinin ümumi maraq doğuran suallar ətrafında fikir mübadiləsi aparılıb.

Sonda müşahidəçilərə vəsiqələr təqdim edilib.

R.Qasımov

Şərh Yaz