Daha 4 kəndə təbii qaz verilib

Cari ilin Dövlət proqramında nəzərdə tutulduğu kimi İsmayıllı rayonunun daha  4 kəndinə təbii qazın verilməsi reallaşıb. Bu münasibətlə rayonun Qalagah kəndində tədbir keçirilib.

Tədbirdə SOCAR prezidenti Rövnəq Abdullayev, “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyev, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, eləcə də digər rəsmilər, ictimaiyyət nümayəndələri və kənd sakinləri iştirak ediblər.
Həmin gün Qalagah kəndi ilə yanaşı, rayonun Zeyvə, Uştal və Soltankənd kəndlərində də təbii qaz verilməsi sevinci yaşanıb.

Məlumat üçün bildirək ki, kəndlərin təbii qazla təminatında müxtəlif diametrli daşıyıcı və məhəllədaxili qaz xətlərinin çəkilişi üçün ümumilikdə 14 182,1 metr polietilen, 32 372,51 metr polad borulardan istifadə olunub.

Qalagahda 208, Zeyvədə 109, Uştalda 91,  Soltankənd kəndində isə 106 ev qazlaşdırılıb. Evlərin hər biri fərdi tənzimləyici və sayğacla təmin olunub.

Onu da qeyd edək ki, adı çəkilən kəndlərə qaz çəkilişinə bu ilin yaz aylarında başlanılıb. Müvəffəqiyyətlə başa çatdırılan işin nəticəsi olaraq, rayonun soyuq keçən payız və qış aylarında daha 514 ailə təbii qazdan rahatlıqla istifadə edə biləcəkdir.

“İsmayıllı xəbərləri”

 

Şərh Yaz