Yaddas kitabcasi

Uzaqgörənliklə həyata keçirilən strateji inkişaf

Müstəqil dövlətimizin memarı və qurucusu, ən yeni  tariximizin yaradıcısı ulu öndər Heydər Əliyevin 1998-ci il 17 iyul tarixli sərəncamı ilə oktyabr ayının 1-i Prokurorluq İşçiləri Peşə Günü elan olunub. Bu il respublikamızda prokurorluq orqanlarının yaranmasının 101-ci  ildönümüdür.

Bu münasibətlə İsmayıllıda da “Prokurorluq İşçiləri Günü” və prokurorluq işçilərinin peşə bayramı yüksək səviyyədə qeyd olunub. Əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi rayon rəhbərliyi, hüquq-mühafizə və prokurorluq işçiləri tərəfindən ziyarət edilib, abidənin önünə tər qızılgüllər qoyulub.

Sonra günün tədbiri İsmayıllı Rayon Prokurorluğunun iclas zalında davam etdirilib.
RİH başçısının birinci müavini Rövşən Ağayev prokurorluq işçilərini peşə bayramları münasibətilə təbrik edib, onlara şərəfli, çətin və məsuliyyətli fəaliyyətlərində uğurlar arzulayıb. Ümummilli lider Heydər Əliyevin həmişə prokurorluq işçilərinin əməyinə yüksək qiymət verdiyini diqqətə çatdırıb. Ulu öndərin ideyalarını əməli fəaliyyətində reallaşdıran Prezident cənab İlham Əliyevin bu sahəyə olan diqqət və qayğısından danışıb, ölkədə cinayətkarlığa, korrupsiyaya və rüşvətxorluğa qarşı ciddi mübarizə aparıldığını qeyd edib.

Rayon prokuroru Tural Yusifov prokurorluq orqanlarında çalışan əməkdaşları, veteranları peşə bayramı münasibətilə təbrik edib. O, bildirib ki, ölkəmizin müstəqilliyinin qazanılmasında, onun möhkəmlənib inkişaf etdirilməsində prokurorluq orqanlarının da böyük əməyi və zəhməti vardır.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən müasir dövrün bütün reallıqlarını nəzərə alaraq uzaqgörənliklə həyata keçirilən strateji inkişaf konsepsiyası, müdrik dövlət siyasəti və səmərəli idarəetmə üsulu respublikamızın dayanıqlı sosial-iqtisadi inkişafına, əhalinin yaşayış şəraitinin və sosial rifahının ilbəil yüksəldilməsinə şərait yaradıb. İnsan hüquq və azadlıqlarının təminatının müasir dünyada demokratik inkişafın ayrılmaz hissəsi olduğunu bildirib.

İsmayıllı rayon məhkəməsinin hakimi Rəfayel Şirinov, Rayon Polis Şöbəsinin rəisi Şəmşir Kazımov, Dövlət Təhlükəsizliyi Xidməti rayon şöbəsinin rəisi Samir Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı bölməsinin rəisi Xamis Bədəlov peşə bayramları münasibətilə prokurorluq işçilərini təbrik edib, bu orqanların fəaliyyətinə verilən yüksək qiymətdən danışıblar.
Sonra xidmətdə fərqlənən  prokurorluq əməkdaşlarına Fəxri fərmanlar təqdim olunub.

Ş.Soltanov

Şərh Yaz