Ölümlə ölməzləşənlər

1941-1945-ci illər Böyük Vətən müharibəsi dövrü kimi tarixə düşüb. Əslində, müharibə 1939-cu ilin sentyabr ayının 1-də faşist Almaniyasının Polşaya hücumu ilə başlamışdır. Sentyabr ayının 3-də İngiltərə və Fransanın Almaniyaya qarşı müharibəyə qoşulması qarşıdurmanı qaçınılmaz etdi. Sovet İttifaqı üçün böyük təhlükə yarandı. Alman qoşunlarının SSRİ sərhədlərinə yaxınlaşması Rusiyanın qərb sərhədlərini möhkəmləndirməsini tələb etdi. Hitler 1941-ci ilin iyun ayının 22-də SSRİ-yə qarşı müharibəyə başlamaq əmri verdi.

Təbii sərvətlərinin zənginliyinə, yerləşdiyi strateji mövqeyinə görə Bakını işğal etmək Hitlerin əsas planı idi. Edelveys planına görə (Qafqazın işğalı üçün tərtib edilmiş plan idi) 1941-ci ilin sentyabr ayının sonuna kimi Bakı işğal olunmalı idi. Bakının və Bakı neftinin Hitler üçün böyük əhəmiyyəti var idi. O, Bakını işğal etməklə Hind okeanına çıxış əldə etmək və onun neftini alman şirkətlərinə verməyi planlaşdırmışdı.

Lakin 1941-ci ilin iyununda Sovet qoşunlarının müharibəyə qatılması ilə II dünya müharibəsinin gedişində yeni bir mərhələ başladı. SSRİ-yə daxil olan bütün xalqlar müharibəyə qoşuldular. Müharibə dövründə vətənin müdafiəsi üçün cəbhəyə Azərbaycandan 600 min döyüşçü göndərilmişdir. Cəbhəyə yollananlar arasında Azərbaycanın bütün bölgələrindən olduğu kimi, İsmayıllıdan, rayonun Qalacıq kəndindən də gedənlər az olmadı. Onlar müharibənin gedişində qəhrəmanlıq və şücaətlərini  göstərmiş  və müxtəlif orden və medallarla təltif olunmuşdur.

Babayev Salam Ağa oğlu – 1915-ci ildə anadan olub. 1936-1938-ci illərdə Sovet ordusunda müddətli xidmət edib. 1941-ci ilin iyununda müharibəyə gedib. 2 dəfə ağır yaralanıb. 248-ci Odessa atıcı diviziyasının  89-cu alayında atıcı vzvodun komandiri olub. Cəbhədə göstərdiyi şücaətlərə görə “Qırmızı Ulduz” ordeni, “Berlinin alınmasına görə”, müharibədən sonra “Vətən müharibəsi” yubiley medalları ilə təltif olunub. 2000-ci ildə doğulduğu Qalacıq kəndində vəfat edib.

Əzizov Kərim Məhəmməd oğlu ­– 1921-ci il təvəllüdlüdür. 1942-ci ilin mart ayından formalaşan 416-cı Azərbaycan Milli atıcı diviziyasının rabitə kursunu bitirmiş, diviziyanın əlahiddə rabitə bölmələri tərkibində Şimali Qafqazdan Berlinə qədər uzun bir döyüş yolu keçmişdir. O, faşistlərə qarşı müharibədə komandanlığın bütün döyüş tapşırıqlarını nümunəvi yerinə yetirdiyinə görə “Döyüş xidmətləri”,  “Qafqazı müdafiə etdiyinə görə”, “İgidliyinə görə”, “Varşavanı azad etdiyinə görə”,  “1941-1945-ci illər müharibəsində Almaniya üzərində qələbə qazandığına görə” “Berlinin alınmasına görə”,  “Qırmızı Ulduz” (2 dəfə) və “Şöhrət nişanı” ordeni ilə təltif olunub.

K.Əzizov Visla çayında düşmən müdafiə istehkamlarının darmadağın edilməsi, Polşanın Soxaçev, Skerniçi və Loviç şəhərlərinin azad olunması, Kyusturun Kustuc qalalarının alınması, Berlin müdafiə xəttinin qırılması və alınması uğrunda qoşunlarımızın apardıqları döyüş əməliyyatlarında iştirakına görə Ali Baş Komandanın yazılı təşəkkürnamələrinə layiq görülmüşdür. Müharibədən sonra “Vətən müharibəsi” ordeni və başqa yubiley medalları ilə təltif olunub.

Ramazanov Məhəmməd Bal oğlu – 1921-ci il təvəllüdlüdür. 1942-ci ildə cəbhəyə gedib. Onun “Döyüş xidmətlərinə görə” medalı ilə təltif olunması haqqında komandanlıq tərəfindən tərtib olunmuş döyüş şücaəti şərhindən: “…Yoldaş Ramazanov alman işğalçıları ilə aparılan vuruşmalarda özünü cəsarətli və dözümlü döyüşçü kimi göstərmişdir”…

M.Ramazanov “Qafqazı müdafiəyə görə” medalına layiq görülüb.

1945-ci ilin aprelində M.Ramazanovun göstərdiyi döyüş hünəri “İgidliyə görə” medalına layiq görülüb.

Şalbuzov Şalbuz Aslan oğlu –  1913-cü il təvəllüdlüdür. Alman-faşist işğalçılarına qarşı mübarizədə onun da xidmətləri olmuşdur. O, Volxov 25-ci tank alayında bölmə komandiri olub. Leninqrad uğrunda gedən döyüşlərdə fəal iştirak edib. O, kəşfiyyatçı kimi, çox vacib əməliyyatlar yerinə yetirmişdir. Ş.Şalbuzovo “İgidliyə görə” medalı ilə təltif olunub.

Babayev Zeynal Bədirxan oğlu -1913-cü ildə anadan olub. 195-ci Qvardiya atıcı alayının tərkibində, Şimal-Qərb cəbhəsində vuruşub. Döyüşçü olmaqla bərabər, aşpazlar bölməsinin komandiri olub. Dəfələrlə mümkünsüz şəraitdə şəxsi cəsarət nümayiş etdirərək, düşmənlə 50-60 metr məsafədə üz-üzə yerləşən, döyüşən kəşfiyyat dəstələrinə vacib yemək və ərzaqları çatdıra bilmişdir. Döyüş əməliyyatlarından birində yaralanıb. Onun şücaətləri “İgidliyə görə” medalına layiq görülüb.

Şəfiyev Pirmurad Bədəl oğlu – 1924-cü ildə  anadan olub. “Vətən müharibəsi” ordeni ilə təltif edilib. Bir sıra döyüş və yubiley təltifləri də olub.

Pəhləvanov Cəlal Eyyub oğlu –  1919-cu ildə anadan olub. Sovet ordusunda 1939-1941-ci illərdə xidmət edib. Müharibədə 248-ci Odessa atıcı diviziyasının 899-cu atıcı alayının starşınası olub.  5 dəfə yaralanıb. Xarkov şəhərində, Dnepr, Oder çayı ətrafında döyüşlərdə igidliyinə görə 2-ci dərəcəli “Vətən müharibəsi” ordeni ilə təltif olunub. C.Pəhləvanov müharibədən qayıtmayıb.

rşüdov Vahid Rəşid oğlu – 1915-ci ildə anadan olub. 1941-ci ildə Böyük Vətən Müharibəsinə gedib. 2-ci dərəcəli “Vətən müharibəsi” ordeni, “İgidliyə görə”, “Almaniya üzərində qələbəyə görə” və başqa medallarla təltif olunub. Müharibədən sonra Qalacıq kənd orta məktəbində müəllim, sonra uzun müddət direktor vəzifəsində işləyib. Doğulduğu kənddə, 70 yaşında vəfat edib.

Rəhimov Soltan Müslüm oğlu – 1921-ci il təvəllüdlüdür. 416-cı diviziyanın tərkibində Berlinədək gedib. “Berlinin fəthi”, “Varşavanın azadlığı” medalları, müharibədən sonra 1-ci dərəcəli “Vətən müharibəsi” ordeni ilə təltif olunub. 1990-cı ildə Qalacıq kəndində vəfat edib.

Hətəmov Hətəm Akim oğlu – 1924-cü il təvəllüdlüdür. 1942-ci ildə Böyük Vətən müharibəsinə yollanıb. Ağır döyüşlərdə iştirak edib. Atıcı bölmənin komandiri olub. 2-ci dərəcəli “Vətən müharibəsi” ordeni, “İgidliyə görə” medalı və bir sıra yubiley medalları ilə təltif olunub. 70 yaşında vəfat edib.

Alman faşizmi ilə mübarizədə qəhrəmanlıq, şücaət göstərən Məmmədov Hacıbala Əzim oğlu, Əliyev Şıxəli Əlibala oğlu, Əlimuradov Çərkəz Göyüş oğlu, Səmədov Cəbrayıl Hacıvəli oğlu da Qalacıq kəndinin yetirməsi olub.

Zarema Əliyeva,

Rəhim Əzizov

 

Şərh Yaz