Oqtay İsmayıllı: Mən Nəsimi şagirdiyəm…

Prezident İlham Əliyev yanvarın 11-də 2019-cu ilin Azərbaycanda “Nəsimi ili” elan edilməsi haqqında Sərəncam imzalayıb.

 

 

KAİNAT  İNSAN

 

Ayağım altında yandırıblar şam,

Ən uca ulduz da məndən aşağı.

Mən bu kainatın ağsaqqalıyam,

Ulduzlar göylərin körpə uşağı.

 

Mənimçün var edib Allah hər şeyi,

Sanma ki, yox olsam, kainat qalar.

Varlıq bir bədəndir, mənəm ürəyi,

Sıxılıb qoynuma qalaktikalar.

 

Zaman libas kimi bax, əynimdədir,

Məkanın yaxını, irağı mənəm.

Nə vaxtsa sönəcək ulduzlar bir-bir,

Tanrının əbədi çırağı mənəm.

12.09.2018

 

İNAN  NƏ  SÖ

 

İnsan kainatdır, kainat insan,

İnan Nəsiminin sən haqq sözünə.

Külli-aləm əvvəl cəsəd kimiydi,

Adəm çıraq oldu onun gözünə.

 

Milyon məxluq vardı, yox kimi lal-kar,

Yalnız mən yetirdim idrak adlı bar.

Varlıq var olsa da, deyildi aşkar,

İşığı mən tutdum sirrin üzünə.

 

Bütövəm, aləmlər məndə cüz imiş,

“Ərş ilə fərş mənəm”, zahid, düz imiş.

Doğrudan, kainat ölçüsüz imiş,

Sığdıra bilibsə məni özünə!

19.06.2018

 

Ö  BƏNZƏTDİ

 

Özünə bənzətdi xəlq eləyəndə,

Üzümüz Tanrının üzü imiş ki!

Məcnuntək Rəbbinə bənd oldu bəndə,

Məhəbbət Xaliqin közü imiş ki!

 

Ruhumda Tanrının qüdsiyyəti var,

Paklığı ərşi də heyrətə salar.

Mənim zərrələrim qalaktikalar,

Canım kainatın özü imiş ki!

 

Varlıq cismim üstə durur, dayanır,

Nurumla Günəş də nura boyanır.

Dilimdə kəlmələr ulduztək yanır,

Ağzımda Allahın sözü imiş ki!

 

Yaradan özütək edib bir məni,

O, şah əsəritək istəyir məni.

Kim isə qeybdən izləyir məni,

Ah, o göz Rəbbimin gözü imiş ki!

20.06.2018

 

ZƏRRƏM  HƏR  ULDUZDA  VAR

 

Dəniz əzəməti hər bir damlada,

Az çoxun bağrında, çox da azda var.

Tozu da bir dünya sanıram hətta,

Dünyanın tarixi hər bir tozda var.

 

Kirpik zülməti var nurlu göz üstdə,

Kainat dayanıb bircə söz üstdə.

Soyuq kül buz kimi yatır köz üstdə,

Közün can yanğısı qarda, buzda var.

 

Varlıq ulduz-ulduz sınıb, qırılıb,

Sonra tamam təzə bir nizam alıb.

Məndə hər ulduzdan bir zərrə qalıb,

Mənim də bir zərrəm hər ulduzda var.

11.10.2017

 

ƏNƏLHƏQ

 

Uymadım minlərlə tərs təriqətə,

Bənzərəm səmaya can atan dağa.

Azadə bir qulam tək həqiqətə,

Allah bülbülütək qondum bu bağa.

 

Varlığı ruh kimi bürüyüm deyə,

İlahi nur kimi səpildim göyə.

Gördüm ləkə düşür burda sevgiyə,

Nifrəti yumaqçün endim torpağa.

 

Ayağım daşların içində gəzər,

Könlüm ulduzların üstündə süzər.

Ürəyim sonuncu yarpağa bənzər,

Sarmaşıb “ənəlhəq” adlı budağa.

28.11.2017

 

NMƏM

 

Mən məcnuni məhəbbətəm,

Könülsüzə görünmərəm.

Yeri-göyü isitsəm də,

Dönüb közə görünmərəm.

 

Əziziyəm pak Sübhanın,

Mayasıyam ruhun, canın.

Bəsirətin varsa, tanı,

Xudbin gözə görünmərəm.

 

Varam Rəbbin ilk sehritək,

Yerə zəmin, ərşə dirək.

Məni ruhən duyan gərək,

Dönüb sözə, görünmərəm.

 

İşıq kimi hər yandayam,

Məkanın hər qatındayam.

Diriliyin zatındayam,

Çıxıb üzə, görünmərəm.

20.08.2018

 

KƏNARDAYAM

 

Yerdə yerim heç olmayıb,

Asimandan kənardayam.

Get o yanda axtar məni,

Mən bu yandan kənardayam.

 

Aşkaram, yoxa dönmüşəm,

Yoxam, aşkar görünmüşəm.

Ruham, cana bürünmüşəm,

Amma candan kənardayam.

 

Çölüm nədir, içim nədir?

İçim başqa biçimdədir.

Zaman mənim içimdədir,

Mən zamandan kənardayam.

 

Hakim, məhkum, divan mənəm,

Günah, savab, vicdan mənəm.

Həm gördüyün insan mənəm,

Həm insandan kənardayam.

 

Cəhənnəmi görəsiyəm,

Cənnətə də girəsiyəm.

Həm Sübhanın zərrəsiyəm,

Həm Sübhandan kənardayam.

 

Adətlərim – damarda qan,

Ayələrim – pətəkdə şan.

Öpdüyüm tək kitab “Quran”,

O “Quran”dan kənardayam.

 

Döşəməm bu, tavanım bu,

Günahım bu, divanım bu,

Adım budur, ünvanım bu,

Ad-ünvandan kənardayam.

22.03.2017

 

GÖRÜNÜRƏM

 

Mən pünhanam o qıfılda,

Bu açarda görünürəm.

Qeybdə gözdən xəlvətəm,

Bu aşkarda görünürəm.

 

Baqidə ölməz həyatam,

Fanidə ölümə matam.

Orda bütöv kainatam,

Burda xırda görünürəm.

 

Haqsızlıqda, ədalətdə,

Şübhələrdə, həqiqətdə,

Həm nifrətdə, məhəbbətdə,

Yoxda, varda görünürəm.

 

Hara baxsan, mənəm orda,

Budaqda, çiçəkdə, barda.

Dalğalarda, buludlarda,

Odda, qarda görünürəm.

 

Bəxtsizəm, bəxt bölən mənəm,

Diri mənəm, ölən mənəm.

Cənnətdə o gülən mənəm,

Həm məzarda görünürəm.

 

Əkilən şum, bitən dənəm,

Bəşər evi – mənim sinəm.

Yarı zülmətdə gizlinəm,

Yarı nurda görünürəm.

22.05.2017

 

  İŞİM  VAR

 

Ölməzliyin bağrındayam,

Gendə, yanda nə işim var?!

Yerəm, göyəm, Günəm, Ayam,

Bircə donda nə işim var?!

 

Yaradandan nişan oldum,

Yerə enib insan oldum.

Bu məkanda bir an oldum,

Torpaq canda  nə işim var?!

 

Pakam, safam, çıxarım yox,

Fənalığa axarım yox.

Əvvəlim yox, axırım yox,

Öndə, sonda nə işim var?!

 

Əldə nur dolu cam tutdum,

Eşq ünvanlı məram tutdum.

İlahi bir məqam tutdum,

Mənim məndə nə işim var?!

 

Ömür bitir-bitsin bu dəm,

Ondan ötrü etmərəm qəm.

Əbədiyyət sakiniyəm,

İldə, gündə nə işim var?!

25.08.2018

 

YERDƏ

 

Bir ömürlük dustaq olmaz,

Bəxt, bağlama məni Yerdə.

Axı mən göy adamıyam,

Vaxt, saxlama məni Yerdə.

 

Hardan belə od almısan,

Düşüb canımda qalmısan?

Cəhənnəmlə səhv salmısan,

Dərd, dağlama məni Yerdə.

 

Həyat məndən də doyacaq,

Ruhumu candan soyacaq.

Göydə mələk ağlayacaq,

Sən ağlama məni Yerdə.

6.09.2018

 

MEY  İÇƏN  KÖNLÜM

 

Havalanıb uçdu ərşə

Vəhdət meyi içən könlüm.

Yarı burda qonaq qaldı,

Yarı qeybə köçən könlüm.

 

Kordu, açdı eşq gözünü,

Gördü Rəbbin nur üzünü.

Min bir yoldan ən düzünü,

Məhəbbətlə seçən könlüm.

 

İşıq kimi yerə endi,

Bülbül kimi şirin dindi.

Göy əhliydi, göyə döndü,

Gəlib məndən keçən könlüm.

10.09.2018

 

İLK  AYƏ  Kİ

 

Qoca vaxtı gəlib çatdı,

Şirin ömrün məcnun dəmi.

Mən bu eşqə “amin” dedim,

Tanrıdan ilk ayə kimi.

 

Ah, əvvəllər nə haldaydım,

Özümlə qilü-qaldaydım.

Hər gün başqa xəyaldaydım,

Eşq bir etdi mənliyimi.

 

Sən ol mənim tək pənahım,

Öz qulunu sevən şahım.

Möcüzədir eşq, Allahım,

Sənləşdirdi mənliyimi.

11.09.2018

 

İLAHİN  ƏM

 

Mənəm Yerdə tək həqiqət,

Qürub yeri, dan yeriyəm.

Hər dünənlə ölürəmsə,

Hər səhərlə mən diriyəm.

 

Gerçəkləri edim bəyan,

Dön, haqqa gəl, cahil, oyan.

Kainata sığışmayan

Məhəbbətin yesiriyəm.

 

İlk naxışam, son nəqqaşam,

Otam, suyam, güləm, daşam.

Dünya üzük, mən bir qaşam,

Həm insanam, həm pəriyəm.

 

Bil, ruhuyam Göyün, Yerin,

Səmalardan qəlbim dərin.

Mənə yazıb hikmətlərin,

İlahinin əsəriyəm.

12.01.2018

 

DOĞULDUM

 

Dünya məndən cavan imiş,

Heç bilmir, harda doğuldum.

Gah atəş, gah şaxta kimi

Ocaqda, qarda doğuldum.

 

Zərrə kimi Haqdan qopdum,

Ruh kimi hər şeyə hopdum.

Min bətndə həyat tapdım,

Yoxda, həm varda doğuldum.

 

Məğzimə yetişməz bir əl,

Mənəm alan, satan, həm ləl.

Zülmətdə var oldum əvvəl,

Sonra da nurda doğuldum.

 

Oldum ulduz, mələk, bəndə.

Sirrim sirdən də dərində.

Kainatın hər yerində,

Axırda burda doğuldum.

 

Vəhşət asıb-kəsən vaxtı,

Həqiqət qan qusan vaxtı,

Yeri çaqqal basan vaxtı

Dönüb Boz qurda doğuldum.

 

Qınını doğrayır tiyəm,

Gərək son sözü mən deyəm.

Bu ömrümdə döyüşçüyəm,

Şəhidtək yurda doğuldum!

17.06.2017

 

İLAHİ  NƏĞMƏ

 

Nurlu aləm bir gözümdür,

Gözümdən çox böyüyəm mən.

O kəhkəşan zər izimdir,

İzimdən çox böyüyəm mən.

 

Zərrələrim hər sözdə var,

Söz bir ovuc, mənası dar.

“Quran” məni az tanıdar,

Sözümdən çox böyüyəm mən.

 

Düşün məni, işığa bat,

Şəfəqlənsin könlün qat-qat.

Bir parçamdır bu kainat,

Özümdən çox böyüyəm mən.

 

Ürəyinlə məni dərk et,

İdrak üçün düşüncə küt.

Aləmləri min qat böyüt,

Yenə cəmdən böyüyəm mən.

21.07.2017

 

BAŞQA  MƏNİ  OYAT

 

Mən Allahın əsəriyəm,

Əsərimdir bu kainat.

Ölsəm, başqa cür diriyəm,

Mənsiz ola bilməz həyat.

 

Yertək dolu bir kuzə yox,

Gedim, burda mey-məzə yox.

Mənim kimi bir təzə yox,

Yoxdur məndən daha boyat.

 

Kamsızlıqdan çox aldım kam,

Gör tufanda nə rahatam.

Vulkan kimi narahatam,

Məndədir dağ kimi səbat.

 

Ruhum böyük, bu dünya dar,

Mən dilavər, qoca bəxt kar.

Nəfs abrımı elədi xar,

Uç get, ruhum, bu canı at.

 

Vaxt xeyirə şər qatıbdır,

Bu ömrüm başa çatıbdır.

Məndə neçə mən yatıbdır,

Allah, başqa məni oyat.

16.09.2017

 

Şərh Yaz