Təmizlik imandandırsa…

Peyğəmbərimiz Həzrəti  Məhəmməd: Təmizlik imandandır, – demişdir. O vaxtdan 1400 ildən artıq vaxt keçsə də, təmizliklə bağlı qüsur və nöqsanlarımız hələ də qalmaqda, bəzi məqamlarda isə artmaqdadır.

İnsan yaradılmışların şüurlusu olduğundan vücudunun təmizliyi ilə yanaşı, evi, həyəti və küçəsi, kəndi və şəhərinin, xülasə,  ətraf mühitin, ümumilikdə, bütün kainatın təmizliyini qorumağa səy göstərməlidir.

Yəqin ki, bütün xalqların dilində təmizliklə əlaqəli deyilmiş atalar sözü və ya digər maraqlı fikirlər vardır. Bir rus atalar sözündəki məzmun və mənaya fikir verək: Süpürülən yer təmiz deyil, zibillənməyən yer təmizdir.

Nəticədə, əgər yaşadığımız şəhərin küçə və meydanları hər gün süpürülürsə, deməli, elə hər gün də zibillənir. Bununla da natəmizlik yaradanların imandan yan keçməsi bir həqiqət olur.

Zibil nədir, onu atan və yığışran kimdir?

İstifadəyə yaramayan avadanlıq və müxtəlif təyinatlı material qırıntıları, arzuolunmaz vəziyyət almış, keyfiyyətini itirmiş qida, ərzaq və  digər əşyalar zibil – tullantı adlanır və atılır. Tullantı sözündəki “tulla”maq sözünü səsləndiyi şəkildə qəbul edənlər məhz elə o cür də hərəkət edir – zibil hesab etdiyi hər şeyi cibindən, evindən, qapısından çıxarır və fərqinə varmadan hara gəldi tullayır.

Xırda kəndlərdən fərqli olaraq, qəsəbə və şəhərlərdə ərazinin təmizlik işinə kommunal müəssisələr, mənzil istismar sahələri baxır. Bu kimi yaşayış məntəqələrində küçələrə məişət tullantıları üçün qutular qoyulur və ya  tullantıların atılması üçün xüsusi yerlər hazırlanır. Toplanan tullantılar vaxtaşırı  xüsusi poliqonlara daşınır. Əks halda, ərazidə antisanitar vəziyyət qaçılmaz olur.

Məlum məsələdir ki, yaşayış məntəqələrində təmizlik işi aztəminatlı ailələrin təmsilçilərinin əməyi sayəsində  aparılır. Açığını deyək ki, bu, heç o qədər də asan  iş deyil. Bu səbəbdən, hər kəs yaşadığı ərazinin təmiz saxlanılmasına can atmalı, tullantıların daşınması üçün əlaqədar təşkilatla müqavilə bağlamalı, haqq ödəməlidir.

Qonağız gəlir…

Təəssüflə qeyd edək ki, İsmayıllı şəhərində küçələrinin asfaltlaşdırılmasını istəyənlərin bəzisi çəpəri, hasarı boyu meşə təsəvvürü yaradan kol-kosu, alaq otlarını təmizləməyi də başqalarından umur. Bölgəmizin turizm məkanına çevrildiyi bir ərəfədə bu məsələ hər birimizi düşündürməlidir. Axı ata-baba qaydasına qayıtsaq, yadımıza düşər ki, qonağımız gələcəyini eşidəndə ev-eşiyi, həyət-bacanı silib-süpürür, hətta, yolumuzun, küçəmizin də təmiz olmasına can atardıq. Hər cür şərait qurmaqla, evlərimizdəki rahatlığı yarada bildiyimiz halda küçələrimizin təmizlik vəziyyətinə bu qədər biganəlik bizə niyə və haradan gəldi? Magistral yollarımızın kənarları demək olar ki, hər gün təmizlənir. Amma yenə də tullantılar gözə görünməkdədir. Bu tullantıları elə bu yollarda şütüyən bahalı maşınların sükanı arxasında əyləşən, özlərini mədəniyyət sarıdan da kifayət qədər imkanlı sayanlar atmırlarmı? Bu kimi işlər uşaqlar tərəfindən görülsə, böyüyəndə anlayacağını düşünərdik. Təəssüflər olsun ki, böyüklərin bu kimi əməlləri kiçiklərə bir nümunədir.

Belədirsə, məktəblərdə təmizliklə bağlı tədbirlərdə şagirdlərə öyrətmək lazımdır ki, valideynlərindən məişət tullantılarını yol kənarlarına, hara gəldi tullamamağı xahiş etsinlər. Böyüklər bəlkə belədə nəsə anlasınlar.

Yollar, parklar örüş yeri deyil və

Aydın məsələdir, yollarda ot bitmir, yaşıllıqlar və parklar insanların istirahəti, ərazinin estetik görünüşü üçündür. Bir vaxtlar mal-qara növbəli şəkildə və ya muzdlu naxırçı tərəfindən örüş yerlərində otarılardı. Görünür, bu hallardan istifadə olunmamasıdır ki, əhalinin saxladığı mal-qaranı ya yolda, yol kənarlarında, ya da şəhərin küçə və parklarında görmək olur. Bu vəziyyətin magistral yoldan istifadə edən sürücülər üçün böyük  təhlükə və hər gün təkrarlanan natəmizlik olması da şübhəsiz ki, narahatlıq doğurur. Özümüz bəlkə də buna vərdiş etmişik. Hər gün yollarımızdan keçən, şəhərimizə gələn qonaqlardan ayıbdır axı. Bu məqamda sahibsiz itlərin yaşayış məntəqələrimizdə yaratdığı natəmizlikdən söz açmaq bəlkə də yerinə düşərdi. Olduqca aktual, qabarıq və acınacaqlı olan bu mövzuya  mütləq qayıdacağıq. Biz mövzuya qayıdanadək yəqin ki, aidiyyəti idarələr də bu barədə nə etməli olduqlarını fikirləşəcəklər.

Bazar ətrafı, küçə ticarəti və reklamlar

Təmizlikdən söhbət getdiyi halda bu məsələlərdən yan keçmək olmaz. Ən azı ona görə ki, bölgəmizə ayaq basan hər kəs əvvəlcə reklamlara nəzər yetirir, nəsə almaq üçün bazara istiqamətlənir. Bizim üçün təbii görünən küçə ticarətini görən əcnəbi qonaq heyrətə düşür, nə alacağını belə bəlkə unudur və ya İsmayıllıda nəyəsə pul verməyi yersiz sayır.

Bazar ətrafındakı natəmizliyi və səliqəsizliyi görən hər kəs alver üçün daha münasib yer tapacağı imidi ilə əlini cibinə salmır. Ticarət işində ancaq qazancı düşündüyümüzdən təmizlik və mədəni xidmət arxa plana keçir.

Reklamların köhnə, əksər halda cazibədar olmamasını da  bu məqamda diqqətə çatdırmaq olar.

“Təmizlik aylığı”ndan “təmizlik gü”nə

İsmayıllıda təmizlik aylığının keçirilməsi bu müddət ərzində diqqət çəkən bütün sahələrdə səliqə-sahman, təmizlik yaranmasına səbəb oldu. Bu təşəbbüs alqışlandı və həyata keçirildi. Ay ərzində görülən işlər sonrakı 11 ay üçün bölgənin təmiz qalacağına zəmanət verirmi?

Əslində, insan təmizlikdən danışırsa, təkcə küçə və meydanların yox, ətraf mühitin bütövlükdə təmiz olmasını düşünməli və buna səy göstərməlidir. Çünki udduğumuz havanın, içdiyimiz suyun, qəbul etdiyimiz qidaların cəminin təmizliyi bizim sağlam həyatımıza təminat verə bilər. İmanlı olmaq kimi bir məsələ – təmizlik bizi hər gün, hər an düşündürməlidir.

Şahməmməd Dağlaroğlu

Şərh Yaz