Milli-mənəvi dəyərlərimizin keşiyində

Hörmətli redaksiya, doğma yurdumuzun tərəqqisi, xalqımızın yaşayış tərzinin gündən-günə yüksəlişi  göz qabağındadır. İndi nəinki iri şəhərlərimiz, eyni zamanda mərkəzdən uzaq  rayonlarımız və yaşayış məntəqələrimiz də inkişaf yoluna düşmüşdür. Bütün bunlar möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının bilavasitə qurucusu və memarı olduğu regionların sosial-iqtisadi inkişafına aid “Dövlət proqramı”na  uyğun olaraq planlı, məqsədəuyğun şəkildə həyata keçirilir.

Xalqımızın milli-mənəvi dəyərlərinin inkişafı və onun qorunması daim diqqət mərkəzindədir. Son illər bir sıra beynəlxalq tədbirlər ölkəmizdə keçirilir. Doğma Bakımız dünya mədəniyyətinin multikultural dəyərlərin mərkəzinə çevrilmişdir. Bütün bunlar nəticə olaraq ölkəmizin dünya miqyasında tanınmasına, buraya ildən-ilə turist axınının artmasına səbəb olur.  Xarici turistlər ölkəmizin zəngin təbiəti, qədim tarixi abidələri ilə yaxından tanış olurlar. Şübhəsiz ki, bu zaman onlar xalqımızın adət-ənənələri, yaşayış tərzi, adamların etik mədəniyyəti, onların düşüncə tərzi ilə də yaxından maraqlanırlar. Müsafirlər bütün bu vasitələrlə vətənimiz haqqında təsəvvürlər əldə edirlər.

Bu yerdə yunan filosofu Protaqorun söylədiyi məşhur bir kəlamı xatırlayıram, Protaqor etika, əxlaq məzhəblərini şərh edərkən, “insanı bütün şeylərin ölçüsü” adlandırırdı.

Vətəndaş olaraq hər birimiz zəngin milli-mənəvi dəyərlərimizə hörmətlə yanaşmaqla, onu əməl və hərəkətlərimizdə yaşatmaq borcumuzdur. Burada insanlarda borc mənəvi hissinin tərbiyə edilməsi kimi mühüm bir məsələ qarşıya çıxır. Əxlaqi-etik kateqoriya olan mənəvi borc və vəzifə hissi bir-birinə yaxın kateqoriya olsa da, onların arasında müəyyən fərq vardır. Əgər müəllimlərimizin vəzifəsi yetişməkdə olan nəslin təlim-tərbiyəsi ilə məşğul olmaqdırsa, bu prosesdə şagirdlərin və valideynlərin üzərinə də  müəyyən borc hissi yaranır ki, hər iki tərəf onu yerinə yetirməyə borcludur. Bəzi insanlar xüsusi ilə şərq xalqları pis əməllərdən, Allahdan qorxu xatirinə çəkinirlər. Hər birimiz Tanrı qarşısında böyük mərhəmətinə görə səcdə etməliyik. Əslində insanlar borc hissini bilərək, pis əməllərdən çəkinməlidirlər.

Böyük türk şairi Nazim Hikmət yazdığı “Qəribə adam” pyesində  adamlarda borc hissinin formalaşdırılmasından bəhs edir. O, beş yoldan keçən müsafiri müxtəlif vəziyyətlərdə təsvir etməklə, etik borcun nədən ibarət olduğunu oxucuya çatdırmağa çalışır.

Gecədir, dəniz sahilində dar bir cığır təsvir olunur (budur birinci). Yolun ortasında bir daş düşüb yolu kəsmişdir. Budur, birinci yolçu gəlir. Gecənin qaranlığına baxmayaraq o, daşı vaxtında görür, daşa ilişib yıxılmır. Bu zaman görür ki, ayaqqabılarının bağı açılmışdır. Yolçu daşdan istifadə edir, ayağını daşın üstünə qoyub, ayaqqabılarının bağını bağlayır və yoluna davam edir.

Həmin yoldan keçən ikinci adam isə qaranlıqda daşı görmür, ona ilişir büdrəyir yıxılıb, əzilir. O, ayağa qalxır daşı təsadüfənmi, qəsddənmi, yolun ortasına itələyən adamları söyə-söyə yoluna davam edir.

Üçüncü adam yoldan keçərkən daşı vaxtında görür, götürüb yolun kənarına qoyur. İlk baxışdan belə qənaətə gələ bilərik ki,  bu əxlaqi cəhətdən doğru hərəkətdir və bu hərəkətin sahibi əsil adamdır. Əslində məsələ bundadır ki, bu adam da müəyyən dərəcədə dəqiq deyildir. Sən demə, onun hərəkətinə səbəb yalnız sevdiyi qadına göstərmək istədiyi qayğıdır. O, bilir ki, sevdiyi qadın indicə gəlib bu yoldan keçəcək.

Dördüncü yolçu kənarda qoyulan və daha yolu kəsib heç kəsə mane olmayan daşı görür. Onun ağlına çox iyrənc bir fikir gəlir. Görəsən, daşı yolun ortasına qoysam nə olar? Bəlkə yoldan keçənin birisi onu görmədi, ilişib yıxılsın. Üzdən iraq bu adam daşı durduğu yerdən sürüyüb, yolun ortasına qoyur ki,  adamlar ona ilişib yıxılsın, əziyyət çəksin.  Gördüyümüz kimi biz insanlara nifrət edən bir yırtıcı ilə qarşılaşmışıq.

Nəhayət şair beşinci adamı bu yolla gətirir. Bu pyesin qəhrəmanı Səlimdir.  Səlim adi bir fəhlədir. Bundan əvvəl həmin yoldan keçən dörd nəfərin nəzərində Səlim qəribə adam kimi canlanırdı. Bu gecə vaxtında yoldan keçən Səlim daşı vaxtında görür, ona ilişib büdrəmir. Daşın yanından keçir və yoluna davam edir. Lakin, xeyli getdikdən sonra öz-özünə düşünür: Axı orada yolda daş qaldı. Qaranlıqda buradan keçənlər daşa ilişib yıxıla bilər. Səlim narahat hislər keçirir, geri dönüb daşı yoldan götürür.

Nümunədən göründüyü kimi, bütün insanların xeyirxahlıq, xeyir və şər haqqında təsəvvürləri eyni deyildir.

Böyük yunan filosofu Aristotel belə hesab edirdi ki, şərə səbəb insanın xeyrin mahiyyətini bilməməsindən irəli gəlir.

Budur, yaşayış məntəqəsinin mərkəzi küçəsində su kranını kimsə açmış, istifadədən sonra açıq saxlamışdır. Su boş yerə axıb gedir.  Biz də fərqinə varmadan həmin yerdən keçir, suyu bağlamaq fikrimizə gəlmir. Ya da düşünmürük ki, bunu kimsə etməlidir.

Vaxtilə dövlətçiliyin hələ formalaşmadığı ibtidai icma quruluşu və ondan əvvəlki dövrdə, dövlət və dövlət hüququnun hələ yaranmadığına görə asayiş dövrün etik normaları, adət-ənənələri əldə rəhbər tutaraq ağsaqqallar tərəfindən həyata keçirilirdi.

Keçmiş sovet dönəmində yerlərdə ictimai təşkilat olan yoldaşlıq məhkəmələri fəaliyyət göstərirdi. Bu təşkilat yerli kiçik mübahisələri araşdırıb, ictimai tənbeh qərarları çıxırardı. Bütün bunlar hüquq qaydalarının pozulmasının qarşısının alınmasında ictimaiyyətin rolunu artırırdı.

Xalqımızın milli-mənəvi dəyərlərinin etik normalarımızın qorunub saxlanılması və onun inkişaf etdirilməsində mətbuatın, xüsusi ilə televiziya verilişlərinin xüsusi əhəmiyyəti vardır.

Son vaxtlar televiziya kanallarımızda bayağı seriallar nümayiş olunur. Bu filmlərin ssenarisini yazıb ərsəyə gətirmək üçün zənnimcə, o qədər də düşüncə, axtarış və hazırlıq tələb olunmur. Çünki, orada təsvir olunan hadisələr o qədər də ictimai məna yükünə malik olmayan, bir-birini bu və ya digər formada təkrar edən, xırda ailə münaqişələrinin təsvirindən başqa bir şey deyildir. Aktyorlarımızın mükalimə və dialoqlarında ədəbi dilimizin normaları gözlənilmir.

Televiziyada nümayiş etdirilən “İmtahan” serialında şagird-müəllim  münasibətlərində xalqımızın milli etik normaları gözlənilmir. Burada bəzi xarici ölkələrə xas olan, etik normalar iqtibas olunmuşdur. Bunun da mənəviyyatımıza, milli-mənəvi dəyərlərimizə ziyandan başqa bir şey olmadığını yəqin edirsən. Belə hallar ictimai qınaq obyektinə çevrilmir. Əksəriyyətimiz düşünür ki, bunun mənə nə dəxli vardır. Əslində isə hər bir hadisə ya birbaşa, ya da dolayısı ilə hamımıza aid olur.

Bir gün ferma sahibi siçanlar üçün tələ qurur. Siçan bunu xoruza, toğluya və öküzə söyləyir. Onlardan kömək gözləyir. Onlar üçü də söyləyir ki, bu sənin problemindir, özün də həll et, bunun bizə dəxli yoxdur. Təsadüfən tələyə bir ilan düşür. İlan ferma sahibinin arvadını sancır. Bu zaman ferma sahibi xoruzu kəsib, şorba bişirib arvada verir. Toğlunu isə xəstə arvadının yanına baş çəkməyə gələnlərə yedizdirir. Öküzü isə dünyasını dəyişən arvadının yas mərasiminə sərf edir. Siçan isə topladığı varın üstündə gizlənib, heç kimə aid olmayan olaylara diqqət yetirirdi.

Televiziya kanallarının əksəriyyəti özəldir. Bu o demək deyildir ki, burada hər nə istədin, onu təbliğ edə bilərsən. Zənnimcə, bu məsələlərə Dövlət nəzarəti olmalıdır.

Milli-mənəvi dəyərlərimiz bizim etik-əxlaqi sərvətimizdir. Ondan lazımınca istifadə etmək, onu qorumaq, vətəndaş olaraq bizim hər birimizin müqəddəs borcumuzdur.

Heydər Xəlilov,

Sumağallı kəndi

 

Şərh Yaz