Gizli xəzinə

Uzun zaman bu xəzinədən mənim özümün də xəbərim olmayıb. Xəbərim olanda isə O.İsmayıllı ilə eyni şəhərdə yaşayıb, onu bu qədər gec tanıdığıma görə bir ziyalı kimi özüm özümdən utanmışam. Oqtay İsmayıllının kitablarını hər oxuyanda (onlar mənim stolüstü kitablarıma çevrilib) onun haqqında yazmaq, car çəkib tapdığım xəzinədən hər kəsi xəbərdar etmək ehtiyacı duymuşam. Hər dəfə bu kitablardan aldığım zövq, oxucu minnətdarlığı məni müəllif haqqında söz deməyə məcbur edib, ancaq nədənsə cəsarətim çatmayıb. Nəhayət, özümdə cürət tapıb şairin yaradıcılığı haqqında bəzi fikirlərimi oxucularla bölüşmək qərarına gəldim.
Əvvəlcə onu qeyd edim ki, Oqtay müəllim sadəcə şeir yazmır. O, sözdən illərin, əsrlərin uçura bilməyəcəyi qalalar tikir. Bu qalalara bir kərpic qoymaq və ya götürmək mümkün deyil. Onun müxtəlif janrlı əsərlərini oxuduqca düşünürsən ki, bu hisləri daha gözəl şəkildə ifadə etmək imkansızdır. Fikirlərin təzəliyi, dərinliyi və yığcamlığı insanı heyrətə gətirir. Oqtay müəllimin əsərləri zamanın fövqündə duran əsərlərdir. Belələrini zaman birdən-birə qəbul edə bilmir. Tarix bənzərsiz qələm sahiblərinin qiymətini onları zindanlarda çürüdəndən, tonqallarda yandırandan, dərisini diri-diri soyandan, dar ağacından asandan, daş-qalaq edəndən, ya da ən yaxşı halda unutqanlıq girdabında boğandan sonra verib həmişə.
Çoxlarının öz dərdini çəkə bilmədiyi bu zəmanədə Oqtay müəllim dünyanın, insanlığın dərdini çəkir və xilas yollarını axtarır. O, əsərlərində kədəri ahu-zar kimi, itki kimi yox, dünyanı qiymətləndirməyə, silkələnib özünü toplamağa, oyanışa dəvət kimi təsvir edir. Kədər onun öz taleyinin, ruhunun rəngi deyil, zamanın, gərdişin rəngidir:
Nə vaxt ki sevinclə bir az doluram,
B
ədbəxt görüb, yenə bədbəxt oluram.
Oqtay İsmayıllı filosof şairdir. Onun şeirlərini çox zaman bir oxunuşdan anlamaq çətindir. Hər oxuyanda bu əsərlərdə yeni məna, yeni çalar, yeni ideya tapırsan. Onların məğzini anlamaq üçün fikirlərin alt qatına enmək gərəkdir. Oqtayın hər biri qiymətli söz incisi olan rübailərindən birini yada salaq:
Nazını döndərmə, gözəl, sənətə,
Anam
ı göndərrəm sizə minnətə.
Adi insan deyil m
ənim elçim, qız,
M
ələkdir, çağırır səni cənnətə.
İlk oxunuşdan adi görünür. Lakin gəlin rübainin alt qatına varaq. Dörd misralıq bir rübaidə Oqtay müəllim üç insanın mükəmməl obrazını yarada bilib: sevdiyinin, anasının və özünün. Rübainin ilk iki misrasında sevdiyinin onun üçün nə qədər qiymətli olduğunu göstərir. O, şair üçün o qədər əzizdir ki, çox sevdiyi anasını belə onun yanına minnətə göndərir. Sonrakı iki misrada anasının adi insan yox, mələk olduğunu söyləyir, özünü isə sevdiyinə cənnət kimi həyat vəd edən sədaqətli və dözümlü bir aşiq kimi təsvir edir. Üç adamın bədii portretini kiçik bir şeirdə bundan gözəl, bundan yığcam şəkildə necə yaratmaq olar axı?! Sözə bu cür zərgər dəqiqliyi ilə yanaşması onun əsərlərini daha oxunaqlı və yaddaqalan edir. Oxucu onun bir sözünün sehrindən hələ ayılmamış başqa sözünün sehrinə düşür. Ona görə də Oqtayın kitabları oxucunu yormur. Səhifədən səhifəyə adladıqca bir insan zəkasının nələrə qadir olduğu, sözün polad sərtliyi, ipək yumşaqlığı, çiçək ətri, məna hüdudsuzluğu oxucunu heyrətə gətirir.
Şair buna yalnız istedadı və qırxillik qələm təcrübəsi sayəsində deyil, həm də müqəddəs söz və həqiqət qarşısında duyduğu daimi məsuliyyət hissi nəticəsində nail olur. Rəna Mirzəliyeva “O düşünür, düşündürür” məqaləsində şairin ədəbi zəhmətkeşliyi haqqında belə yazır: “O.İsmayıllı deyə biləcəyi soyuq, saxta sözün cəzasını ən əvvəl və ən sərt şəkildə özündən alacağından qorxan qələm sahibidir. O, hər misrasının amansız tənqidçisidir. Əsərlərini birnəfəsə yazsa da, üstündə dönə-dönə işləyir, duyğularının sərrast və tutumlu ifadəsi üçün daha uğurlu olan sözləri axtarır. Heç bir şeirini ilkin variantda olduğu kimi saxlamır. Məsələn, Oqtayın “qaralama dəftəri”ndən “Dağlar, sizə güvənirəm” şeirinin ilk bəndinin dörd variantını oxuyanda çox təəccüblənmişəm”. (“Təhsil problemləri” qəzeti, 2017-ci il, noyabr sayları və “Xəzan” jurnalı, 2017-ci il, dekabr).
Oqtay İsmayıllı öz əsərlərində bu təzadlarla dolu dünyamızla harmoniya təşkil edən təzadlardan da bol-bol istifadə edib. Amma o qədər yerində, o qədər şirin, o qədər tutarlı istifadə edib ki, acılı-şirinli ziddiyyətlər dünyanın gerçək mənzərəsini işıqlandıran düşüncələrinin məna tutumunu və təsirini artırıb.
Gözümüzün qarasıydı şəhidlər,
Gözümüzün pak ağına büküldü.
“Qaranın ağa bükülməsi” həm gözün, həm də şəhid cənazələrinin poetik tablosu təsiri bağışlayır.
Ayaq var, iziylə bir millət gedir,
Ba
ş var, lap tac qoy, ayağa dəyməz.
Rübailərin birindən götürdüyümüz bu misralar “başla başmaq” qarşılaşdırmasına yeni baxış kimi yadda qalır. Oqtayın 2000-dən artıq olan rübailəri haqqında filologiya üzrə fəlsəfə doktoru və böyük şair Ağasən Bədəlzadənin “Böyük bir yanğının qığılcımları” məqaləsində gəldiyi qənaət olduqca dolğundur: “Oqtay İsmayıllının “İctimai-fəlsəfi rübailəri” boş, bəhərsiz xəyalların doğurduğu mücərrəd, quru, ötəri, sentimental fikir karvanı deyil, bu rübailər gerçək həyat təfərrüatlarına, canlı həyatın özünə, yanan bir ürəyin atəşinə, həyat təcrübəsinə, öz ruhunun xitablarına, onu narahat edən təzadlı hadisələrin dialektikasına söykənir: “Cənnəti torpaqda qurardı Allah, İnsan onu qana bulamasaydı”, “Həqiqi mərd ancaq Əzrayıl imiş, Bircə o, şah ilə qula fərq qoymaz”, “Hər uşaq beşiyi min qat gözəldir, Daş-qaşla bəzənmiş bir şah taxtından”, “Yeganə ağıllı bir Məcnun idi, Ona da dəlilər dəli dedilər”. (“Ədalət” qəzeti, 2017-ci il, 17-18 noyabr sayları).
Ümumiyyətlə, O.İsmayıllı bədii ifadə vasitələrindən daha çox təzada üstünlük verir. Hətta onun elə şeirləri var ki, başdan-başa təzadlar üstündə köklənib. Belələrindən “Mənəm, mən”, “Biz də” və başqaları daha çox diqqəti çəkir.
Oqtay İsmayıllının təkrirləri də yaddaqalan və qəlboxşayandır. Məsələn, aşağıdakı bənddə “qızıl” sözünün təkrarı nəinki ağırlıq yaratmır, əksinə, müxtəlif məna çalarlarını ifadə etməklə təbiətlə insanın mənəvi birliyinə inamı artırır:
Qızıl şəfəqilə bu qızıl səhər
S
üzülür ömrümün qızıl çağına.
Q
ızıl bir xətt ilə səadət yazır
Bu t
əzə günümün tər varağına.
Hər misrasında bədii təsvir və ifadə vasitələrindən ustalıqla istifadə edən Oqtay müəllimin şeirləri sərt ağılla kövrək qəlbin vəhdətindən yaranır. Heç də çox şairə nəsib olmayan janr müxtəlifliyi (rübai, qoşma, gəraylı, təcnis, məsnəvi, poema, satira, bir, iki, üç, dörd və beş misralı şeir silsilələri, sərbəst şeirlər, elmi-kütləvi və publisistik məqalələr, replikalar və s.) Oqtay İsmayıllı yaradıcılığına fərqli rənglər qatmaqla bərabər, həm də onun əsl söz ustası olmasından xəbər verir.
Son illərdə Oqtay yaradıcılığında getdikcə daha aydın seçilən Allah – Kainat – İnsan konsepsiyası aydın cizgilər almağa başlayıb. Nəsiminin “kamil insan” fəlsəfi sisteminin təsiri aşkar duyulan bu konsepsiyanın fərqli cəhətləri də az deyil. Nəsimi insanı daha çox dinc mənəvi təmizlənmə yolu ilə Allaha yaxınlaşmağa, saf bir ruh kimi ona qovuşmağa çağırır. Oqtay isə bu təmizlənmə və qovuşma yolunu Xeyirlə Şərin çarpışmasında Şərə qarşı fəal döyüşməkdə görür.
Belə bir şairin əsərlərinin kiçik bir hissəsinin cəmi 300-500 tirajla 3 kitab şəklində nəşr olunması, böyük bir hissəsinin isə qovluqlarda qalaqlanıb qalması biz qədirbilən oxucular üçün xoşagələn hal deyil. Halal müəllim maaşı ilə ailə saxlayan şairin qəlbinin hərarəti, gözünün yuxusu, canının yanğısı hesabına yaratdığı bu xəzinə niyə gizlində qalmalıdır? Axı özünə fəxrlə “İsmayıllı” təxəllüsü götürən, nəinki İsmayıllımıza, hətta bütövlükdə Azərbaycanımıza şan-şöhrət gətirə biləcək bir bir qələm sahibimizə bu qədər laqeydlik olarmı? Əgər biz Oqtay İsmayıllını layiqincə tanıda bilsək, bundan qazanan elə İsmayıllımız olacaq, biz olacağıq, əziz ismayıllılar! Gəlin bizi ucaltmağa qadir olanları biz də ucaltmağa çalışaq! Və yalnız Oqtay İsmayıllını yox, daha neçə-neçə müxtəlif istedad sahiblərini də! Nazim Hikmət demişkən:
Mən yanmasam,
S
ən yanmasan,
Biz yanmasaq,
Nec
ə çıxar qaranlıqlar aydınlığa?

Südabə Abdulrazaqova,
şəhər 3 nömrəli məktəb- liseyin müəllimi

Şərh Yaz