“Babam ocağı”nın Yavəri

Hər iş kollektivi bir ailədir –  çörək təknəsi bir olan, sevinci, kədəri tən bölünən, böyüklü, kiçikli bir ailə. “Zəhmətkeş”in zəhmətkeş ailəsi – rayon qəzetinin 25 nəfərlik kollektivi  rayonda belə tanınırdı. Universiteti bitirib təyinatla rayona gələn gündən mənə də bu mehriban, səmimi ailə kollektivinin üzvü olmaq səadəti nəsib oldu. Yəqin ki, qəzet fəaliyyətə başlayandan – “Yeni İsmayıllı”dan bu ailənin bünövrəsi möhkəm qurulmuşdu – qəzetin işində dəfələrlə fasilə yaransa da, rayon qəzetləri dəfələrlə birləşib ayrılsa da  bu kollektiv dağılmaz,  qəzet yenidən fəaliyyətə başlayan kimi çağırışsız hamı  bir  yumruq kimi o sönməz ocağın başına toplaşarmış.

Bu ailəyə üzv qəbul olanda  kollektivin qayda-qanunlarını, işin şərtlərini  mənə ilk müdirim, ilk redaktorum, bu gündə hər işdə məsləhətinə, sözünə ehtiyac duyduğum Valeh Salehov izah etmişdi. Və Valeh müəllim də illər in ənənəsini layiqincə davam etdirərək estafeti şair Musa Yaquba ötürmüşdü. Nə müdir dəyişkənliyi, nə üst-üstə qalaqlanıb tarix olan illər bu ailənin köklü ənənəsinə kölgə sala bilmədi, əksinə,  bir azda irəlilədi – “Zəhmətkeş”in yerləşdiyi bina təkcə yazarlar üçün yox, bütün rayon sakinləri üçün “Babam ocağı” oldu və yaddaşlara da elə bu adla həkk olundu – rayon qəzetinin yarım əsrdən artıq dəyişməz ünvanı olan o bina bir günün içində buldozerlərin qabağına verilib dağıdılsa da, bir kollektivin gözünün nuru, beyinin məhsulu, əlinin zəhməti olan on illiklərin qəzet arxivləri, fotomüxbirlər Çingiz Kərimzadənin, Novruz Haşımovun bir rayonun tarixini əks etdirən zəngin arxivi dağıntılar altında heç olsa da o ad bu gün də yaşayır.

Ancaq illər heç vaxt izsiz ötüşmür, xatirələr yaşasa da amansız həyat öz sözünü deyir. “Zəhmətkeş” ailəsi də  bu illər ərzində neçə övladını son mənzilə yola salıb: yeri görünən neçə övladını.  Son yarpaqların düşdüyü bu payız günündə ailəmizin daha bir üzvünü itirdik. Valeh müəllimin dediyi kimi, təkcə evi yox, özü də qəlbən, mənən redaksiyada hamıya yaxın olan Yavər Mikayılovanı. 35 ilə yaxın redaksiyanın baş mühasibi işləmiş bu qadına kollektivdə hamı “çörək ağacımız”, “maliyyə nazirimz” deyə müraciət edər, onu ana, bacı kimi çox sevərdi. Redaksiyada çoxsaylı otaqlar var idi və təbii ki, mühasibatlıq da ayrıca bir otaqda yerləşirdi. Amma… yazısını, maketi bitirib qələmi əlindən qoyan Yavər xalanın otağına qaçardı. Baxmayaraq ki, redaktorun otağı ilə üzbəüz idi o otaq, baxmayaraq ki,   işçilər, ya elə bu işdə təqsiri olmayan Yavər buna görə müdirdən xəbərdarlıq alardı, amma yenə vaxt tapan kimi hamı onun başına toplanardı. Heç soruşmadan o andaca gələnə çay verər, başı ağrıyan üçün kəkotu dəmləyər,  öz əlləri ilə bişirdiyi isti çörəyə qonaq edərdi. Yazı yazmaq üçün harasa, ya da hansısa tədbirə gedib günorta nahar etməyə imkanı çatmayan işçinin ac qalmasına qəti könlü yol verməzdi: “get çörəyini ye da, iki addım yoldu” deyib israr edərdi. Və… iki addımlıqdakı “Volqa” pavilyonunun yox, iki addımlıqdakı evinin yolunu göstərərdi, redaksiyada işə başlayanların ən tez öyrəndikləri yolu. O yol hamımız üçün əziz idi və qapısı da heç vaxt bağlı – kilidli olmazdı. Yavər evdə oldu, olmadı, redaksiya işçiləri  öz qapıları imiş kimi ərklə o qapını açardılar.  O evin, o ailənin qapısı hamının üzünə açıq idi. Musa Yaqub, Çingiz Ələkbərzadə ailəliklə o evin daimi qonaqları idilər. Yavər xala evlərinə gələn qələm əhlinin bir-bir adlarını  çəkər, sonrasa yorulub mühasib olduğunu yada salar, yekunu rəqəmə çevirərdi: 29 nəfər.

Yavər əslən rayonumuzun qədim tarixə malik Basqal kəndindən idi. Uşaqlığı orada və basqallıların o zamanlar özlərinə məxsus böyük bir məhəllələri olan Tiflis şəhərində keçmişdi. Sonralar ailəliklə geriyə – rayona köçmüşdülər. Bəxtinə təkcə bir gün atalı olmaq düşmüşdü Yavərin – anadan olduğu günün səhəri atası İkinci Dünya müharibəsinə getmişdi və elə o gedən olmuşdu. Nə öldüsü bilinmişdi, nə də qaldısı. Yavər bir ömür boyu atasını soraqladı, haralara yazmadı, haralara sorğu göndərmədi, ancaq bir xəbər ala bilmədi ki, bilmədi. Basqalı ata, baba bildi özünə. Sözünün, söhbətinin əvvəli də Basqal olardı, sonu da. Bu qədim kənd haqqında çıxan hər yazını, hər kitabı birinci əldə edər, oxuyar və oxutdurardı. Tez-tez Basqalda bişirilmiş səməni halvası gətirər, hamıya paylayar və yeyənlərin rəyini gözləmədən özü tərifləyərdi:

Ədavalı, dadlı

Bişirəni basqallı.

Basqaldan başlayan Vətən sevgisi tükənməz idi, kiçik oğlu Aqil Qarabağ müharibəsində olanda bir ana kimi hədsiz narahat idi, amma “niyə oradadı” demirdi, heç vaxt da  demədi, əksinə oğlunun Vətən üçün vuruşduğunu hər yerdə fəxrlə söylədi. Fəxr etməyi bacarırdı  – ailəsi ilə, balaları ilə fəxr edirdi, nəsli ilə fəxr edirdi, basqallıları ilə öyünürdü, üzvü olduğu redaksiyanın həmişə adını uca tuturdu. Geniş ürəyi, insanlara olan sevgisi onu  bir rayonun, bir nəslin, bir kollektivin sevimlisi etmişdi.

…Həyat da bir nağıldır. “Biri var idi ilə başlayıb, biri yox idi” ilə davam edən şirinli, acılı bir nağıl. Xoş o insana ki, onun həyat nağılı bitəndən sonra, beləcə, xoş sözlərlə anıla bilir, itkisi qəlb göynədir, ürək ağrıdır, ürəkdən “məzarı nurla dolsun” deyilir. İtkisi qəlbimizi hələ çox göynədəcək Yavər Mikayılova kimi.

Məzarın nurla dolsun, “Babam ocağı”nın Yavəri, nurlu insan!

tifə Əliyeva

Şərh Yaz