1 dekabr – onun doğum və anım günü

Qasımov Firdovsi Əsgər oğlu 1958-ci ilin dekabr ayın 1-dədam rayonunun Mərzili  kəndində anadan olub.

1965-ci ildə kəndəki orta məktəbin 1-ci sinifinə daxil olub,  1973-cü ildə VIII sinfi  bitirib. 1973-cü ildə Bakı şəhərindəki 1 nömrəli  fizika-riyaziyyat təmayüllü  məktəbə qəbul olub, 1975-ci ildə orta təhsilini başa vurub və N.Tusi adına Azərbaycan Pedoqoji Universitetinin riyaziyyat  fakültəsinə daxil olub, 1979-cu ildə riyaziyyat üzrə tam  kursu bitirib. Əmək fəaliyyətinə 1 sentyabr 1979-cu il başlayıb, 1986-cı il tarixdən X.Məmmədov adına orta məktəbdəki riyaziyyat təmayüllü  siniflərdə bu fənni tədris edib. 1984-cü ildə Maarif Nazirliyinin,1985-ci ildə Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı, 1986-cı ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarı ilə “Şərəf nişanı” ordeni ilə təltif olunub. 1985-ci ildə  M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin ixtisasartırma fakültəsində oxuyub. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 20 avqust 1990-cı il tarixli qərarı ilə “Metodist müəllim”  adına layiq görülüb.

Bu sətirlər Firdovsi Qasımovun Qarabağ müharibəsinə qədərki ömründən səhifələrdir. O, Qarabağ uğrunda gedən döyüşlərdə mərdliklə iştirak etmiş, müəllimlik peşəsində nümunəvi olduğu kimi, döyüşlərdə də  əsl şücaət göstərmişdir.

Məlum Dağlıq Qarabağ hadisələri ilə əlaqədar olaraq, o, Ağdam Ərazi Özünümüdafiə Batalyonunda xidmət etmiş, ilk döyüşü 9 may 1992-ci ildə Abdal Gülablı, Dəhraz, Pircamal, Şelli və Naxçıvanik kəndlərinin erməni işğalçılarından azad olunması zamanı olmuşdur. Həmin döyüşlərdə onunla bərabər iştirak edən Zahid Namazov onun necə  qəhrəmancasına döyüşlərdə iştirak etməsinin canlı şahididir.

O, qeyd edir ki, həmin döyüşlərdə Mərzili batalyonu uğurları ilə fərqlənirdi. Bu döyüşdə düşməndən çoxlu sayda avtomat, plomyot və sairə silahlar qənimət kimi ələ keçirildi.

8 may 1992-ci ildə “N” saylı hərbi hissə komandanlığının əmri ilə Firdovsi Qasımov alay komandirinin müavini təyin olunur və qərara əlavə olaraq ona baş leytenant rütbəsi verilir.

Həmin gün hərbi hissənin komandiri mayor F.Abbasovun  rəhbərliyi ilə  gedən döyüşlərdə  F.Qasımov da iştirak edir.

12 iyun 1992-ci ildə ermənilər Vəng, Dovşanlı, Qaralar və Xacınstroy istiqamətində hücuma keçirlər. 13 iyun 1992-ci ildə isə adları çəkilən kəndlər erməni işğalından azad edilir. Bu döyüşlərdə ermənilər çoxlu sayda itki verərək  geri çəkilməyə məcbur olurlar.

17 iyun 1992-ci ildə Xacınstroy  yaxınlığında bütün qüvvələr batalyon komandiri  Şirin Mirzəyevin ətrafında sıx birləşərək Xocalı istiqamətində bütün  qüvvə ilə ermənilərə qarşı hücuma keçməliydi. Lakin, bu əməliyyat baş tutmadı. Batalyon mühasirəyə düşdü. Döyüşçülərımiz 4 gün  mühasirədə qaldılar. Bu döyüşdə batalyon komandiri Ş.Mirzəyev qəhrəmancasına həlak oldu.

Qasımov Firdovsi Əsgər oğlu müvafiq əmrlə alay komandiri təyin olunur.

Qəhrəmanımızın üçüncü dəfə 17 sentyabr 1992-ci il Qarakənd uğrunda gedən döyüşlərə atılır və bu döyüşdə ağır yaralanaraq hospitala yerləşdirilir, müalicə olunur, II qrup müharibə əlili kimi ordudan tərxis olunur.

Firdovsi Qasımov 1993-cü ildən İsmayıllı rayonu Aşıqbayramlı kəndində məskunlaşır.

1 dekabr 1993-cü ildə məskunlaşdığı ərazidə fəaliyyətə başlayan Ağdam rayon 30 saylı tam orta məktəbində riyaziyyat müəllimi və hərbi rəhbər vəzifəsində çalışmışdır.

Amansız ölüm xalqını, vətənini və peşəsinə qəlbən sevən insanı bu ilin yayında bizdən ayırdı. Ruhu şad olsun.

Ramid Qasımov

Şərh Yaz