Həmyerlimiz – turizm sahəsində işinin bilicisi

O, 1987-ci ildə İsmayıllı rayonunda doğulub. 2004-cü ildə İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbini əla qiymətlərlə bitirib. 2008-ci ildə Azərbaycan Texnologiya Universitetinin “Turizm və sosial mədəni servis” ixtisası üzrə bakalavr təhsilini, 2016-cı ildə isə “Turizm və otelçilik” üzrə magistr təhsilini başa vurub.

2009-cu ildən özəl sektorda təhsil xidmətləri ilə məşğuldur. 2016-cı ildən Mingəçevir Dövlət Universitetində müəllim kimi çalışır. “Mingəçevir Gənclər Evi” sosial xidmət müəssisəsində “Elm və İnkişaf” mərkəzinin rəhbəridir. Azərbaycan Turizm və Menecment Universitetinin doktorantıdır. Azərbaycanda “Regional turizmin inkişafının maliyyələşdirilməsinin prioritet istiqamətləri” mövzusunda elmi iş üzərində çalışır.

11 fənn proqramının, 5 tezis və məqalənin müəllifidir. Noyabr ayında “Tourism and hospitality studies” beynəlxalq jurnalında “Turizmdə sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsinin prioritet istiqamətləri” mövzusunda  elmi məqaləsi işıq üzü görüb. Ailəlidir, iki övladı var.

Bu qısa arayış bir müddət əvvəl Mingəçevir Dövlət Universitetində keçirilən “Turizmdə kiçik və orta sahibkarlığın inkişafının əsas istiqamətləri” (Strateji yol xəritəsi kontekstində) mövzusunda keçirilən elmi-praktiki konfransda çıxış edən Cəlil Arif oğlu Bağırovun tərcümeyi-halındandır.

Turizm sahəsindəki araşdırmaları ilə əlaqədar məruzə ilə çıxış edən C.Bağırov Azərbaycan Respublikasında ixtisaslaşdırılmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsində turizm sektorunda əlverişli mühitin formalaşdırılması, regional turizmin inkişafı, milli turizmin keyfiyyət sisteminin yaradılması hədəflərinin müəyyən edildiyi haqqında konfrans iştirakçılarını məlumatlandırmışdır. Hədəflərin reallaşması nəticəsində turizm infrastrukturunun yaxşılaşdırılmasına, turizm və rekreasiya zonalarının yaradılmasına, viza prosedurunun sadələşdirilməsinə və standartlaşdırma və sertifikatlaşdırma sisteminin təkmilləşdirilməsinə nail olunacağı haqqında tezisini irəli sürüb.

Həmyerlimiz ixtisaslaşdırılmış turizm sənayesinin inkişafına dair Strateji yol xəritəsinin reallaşması nəticəsidə həm turizm sənayesində, həmdə onunla əlaqədə olan digər sahələrdə əhalinin məşğulluğunun yüksəldilməsini, milli gəlirin artmasını, kənd təsərrüfatı və ekoturizmin iqtisadi göstəricilərinin artmasını, mehmanxana, restoran, rekreasiya turizmi biznesini inkişaf etdirməklə, iqtisadiyyatın diversifikasiyasına nail olmağı və turizm sahəsinin fəaliyyətini strateji hədəflər səviyyəsində qurmağı öz qarşısına məqsəd qoyur.

Məruzədə qeyd olunub ki, infrastrukturun yenidən layihələndirilməsi, rabitə sahəsinin innovativ konstruksiyalarla dəstəklənməsi, tikinti sahəsinin yerli istehsal məhsulları ilə təmin olunması, biznes sahəsinin intellektual imkanlar nəzərə alınaraq inkişaf etdirilməsi gələcəkdə Azərbaycanda turizm sahəsinə xarici investisiyanın cəlb olunması üçün real təşviq rolunu oynayır.

Mütəxəssisin fikrincə, mehmanxana biznesinə gəldikdə isə, bu sahə keyfiyyətin idarə olunması prinsipi ilə müvəffəqiyyət qazana biləcək biznes sahəsidir. Turizm sektorunda müvəffəqiyyətlər əldə etmiş ölkələrin təcrübəsinə əsaslanaraq demək olar ki, otel və mehmanxana biznesi konkret ehtiyaclar üzərində qurulan sahədir. Regionun turizm potensialı nəzərə alınmaqla bazarın hərtərəfli araşdırılması, istehlakçıların zövq və arzularının öyrənilməsi, xidmət çeşidinin planlaşdırılması, tələblərin formalaşdırılması, reklam və tanıtımın təşkili, rəqabət mühitinin təsbit olunması, mehmanxananın nömrə fondunun müəyyənləşdirilməsi mehmanxana biznesinin təşkilinin əsas mexanizmləridir. Bu sektor regionlar üzrə qeyri-bərabər inkişaf etmişdir.

Regionlardakı turizm resurslarının unikallığı gözlənilməklə turizm məhsullarının işlənib hazırlanması  həmin bölgəyə gələn turistlərin uzunmüddətli gecələməsini təmin etməklə yanaşı digər sahələrin müştəri bazasını təmin etmiş olur. Bilavasitə, kənd təsərrüfatının, nəqliyyatın, ticarətin inkişafına şərait yaranmış olur.

Cəlil Bağırov eyni zamanda bildirib ki, ölkədə regional turizmin inkişaf etdirilməsi məqsədilə “Turizmdə kiçik və orta sahibkarlığın inkişaf fondu”nun təsis edilməsi məqsədəuyğun olardı. Eləcə də dövlət tərəfindən turizm fəaliyyətinin inkişafına daxili və xüsusən də xarici investisiyaların cəlb edilməsinin təşviqi üzrə təcili tədbirlər planının reallaşdırılması zəruridir. Bu tədbirlər planı turizm müəssisələrinin inkişafını stimullaşdırmağa, payçı mülkiyyət, holdinq şirkətlərində birləşmə, aktivlərin alınması və digər təşkilati-iqtisadi mexanizmlər əsasında iri turizm infrastrukturu obyektlərinin tikintisinə özəl sahibkarlıq subyektlərini yönləndirməyə şərait yaradacaq.

C.Bağırov məruzədə kənd turizminin inkişafının, yerli bələdiyyələrin iqtisadi inkişafı üçün əhəmiyyətli töhfələr verə biləcəyini  xüsusi vurğulamaqla onları bu sahəyə daha diqqələ yanaşmağa dəvət edib.

Şahməmməd Soltanov

 

Şərh Yaz