Qəhrəmanlar unudulmur

Dekabr ayının 21-də İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbində məktəb kitabxanasının təşəbbüsü ilə xalqımızın qəhrəman oğlu, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin 100 illik yubileyi ilə əlaqədar ədəbi-bədii tədbir keçirilib.

Tədbirdə İsmayıllı Rayon Təhsil Şöbəsinin nümayəndələri Şəfaqət Rəsulov, Xalid Allahverdiyev, Rəşid Məmmədov və “İsmayıllı xəbərləri” qəzetinin redaktoru Şahməmməd Soltanov, valideynlər və məktəblilər iştirak ediblər.

Tədbiri məktəbin direktoru Gündüz Qədirov açıb. Aparıcıları əfsanəvi “Mixaylo”nun  həyat yolu barədə məlumat veriblər. Tədbir boyu Mehdi Hüseynzadənin həyat yolundan və müharibədə göstərdiyi igidliklərdən bəhs edən dolğun məlumatlar səslənib,  maraqlı slaydlar nümayiş etdirilib və haqqında çəkilmiş filmlərdən fraqmentlər göstərilib.

Tədbirdə çıxış edən Ş.Rəsulov bildirib ki,  qəhrəmanları xatırlamaq, onların nümunə olan qəhrəmanlıqlarını yetişən nəslə çatdırmaq  vətənə, torpağa, uluların ruhuna  sevgi və sədaqət aşılayır. Bu səbəbdən də qəhrəmanlar unudulmur və unudulmayacaq.

Sonda məktəb direktoru tədbirin hazırlanmasında və təqdimatında zəhməti olan şagirdlərə, eləcə də  kitabxanaçı Elmira Həsənovaya və Məhbubə Nəbiyevaya təşəkkür edib.

Şəhanə Muradova,

məktəbin şagirdi

 

Şərh Yaz