Yaddas kitabcasi

Azərbaycan Xalq Cümhuriyyəti dövründə təhsil sistemi

Azərbaycan xalqının düşünən beyinləri parlaq zəka sahibi olan ziyalıları, xalqı milli ruhda inkişaf etdirmək üçün apardığı mübarizə XX əsrin əvvəllərində, yəni 1918-ci il may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə nəticələndi. Azərbaycan Xalq Cümhuriyyəti  dövründə təhsil sistemi     Yaranmış respublika bütün müsəlman Şərqində respublika üsul-idarəsinə qədəm qoyan müstəqil hökumət oldu. Bu hökumətin idarə edilməsi Nazirlər Şurasının sədri, həm də daxili işlər naziri vəzifəsində çalışan Fətəli Xan Xoyskiyə tapşırıldı. Respublikanın müstəqilliyi 1918-ci ilin may ayının 28-də Tiflisdə elan olundu. Paytaxt da Tiflis şəhəri oldu. Sonradan paytaxtın Tiflisdən Gəncəyə köçürülməsi hökumətin qarşısında duran prioritet işlərdən biri oldu. Dünyanın aparıcı siyasi qüvvələrindən bəyanat göndərildikdən sonra paytaxt Gəncəyə köçürüldü. 2-ci ən mühüm məsələ isə xalqın maariflənməsini təmin etmək idi. Əsas məqsəd ölkə üçün ali təhsilli ixtisaslı kadrların hazırlanması idi. Bu məsələ ilə bağlı Əhməd bəy Pepinovun məruzəsi ətrafında bir çox görkəmli şəxsiyyətlər öz fikirlərini söyləmiş və ölkədə iqtisadiyyatın, sənayenin və digər sahələrin inkişafı üçün azərbyacanlı tələbələrin Avropanın qabaqcıl ölkələrinə göndərilməsi vacib sayılmışdır. Xaricdə təhsil almağa göndərilən tələbələrin xərcləri və təhsil haqları Xalq Maarif Nazirliyinin sərəncamın ayrılmış vəsaitlə təmin olunmalı idi.
AXC dövründə köhnə təhsil sisteminin ləğv edilməsi və xalqın maariflənməsini inqilabi yolla yenidən təşkil etmək məqsədi ilə 1918-ci ilin may ayının 3-də Xalq Maarifi Komissarlığı (XMK) yaradılır. Lakin komissarlıq proletariat diktaturasının prinsipləri əsasında çalışdığından etirazlara səbəb oldu. Bununla da Xalq Komissarları Sovetinin 1918-ci ilin 31 iyulunda süqutu ilə XMK-nın fəaliyyəti başa çatır. Sonradan Milli Şuranın tapşırığı ilə ölkənin təhsil sisteminə nəzarət edən Xalq Maarif Nazirliyi yaradılır. Maarif naziri Nəsib bəy Yusifbəyli təyin edilmişdir. Yaradılmış orqanın əsas vəzifəsi xalqı təhsilləndirmək və təhsil sahəsində islahatlar aparmaq idi. İslahatlar barədə təkliflər hazırlanıb hökumətə təqdim edildikdən sonra məktəblərin və tədris müəssisələrinin direktor vəzifələri ləğv olunaraq, xalq məktəbləri təlimatçılarının sərəncamına verilir.
Cümhuriyyətin təhsil, maarif sahəsində apardığı mühüm islahatlar sırasında milli məktəblərin yaradılması və Azərbaycan türk dilinin dövlət dili elan edilməsini göstərmək olar. Milliləşən məktəblərdə milli kadrlara ehtiyac var idi. AXC hökumətinin fəaliyyət göstərdiyi dövrdə Azərbaycanda 3 ali təhsil müəssisəsinin yaradılması barədə məsələ qaldırılır. Bu təhsil müəssisələri BDU, Dövlət Konservatoriyası və Əkinçilik İnstitutu idi. 1919-cu il sentyabr ayının 1-də Dövlət Universitetinin təsis edilməsi haqqında qanun qəbul edilir. Və 1919-cu ilin noyabr ayının 15-də Universitetdə ilk mühazirələr oxunmağa başlanır. 100 nəfər tələbə isə dövlət hesabına xaricdə təhsil almağa göndərilir. Təhsil almağa göndərilən tələbələr başda M.Ə.Rəsulzadə kimi nüfuzlu şəxsiyyətin sədrliyi ilə Əhməd Bəy Pepinov, Qara Bəy Qarabəyli, Mehdi bəy Hacınski kimi şəxsiyyətlərin komandası tərəfindən seçilir. Tələbələr İngiltərə, Fransa, Almaniya, İtaliya, Türkiyə kimi ölkələrə göndərilir. O dövrdə Rusiyanın daxilində yaranmış mürəkkəb siyasi vəziyyətlə bağlı olaraq oraya tələbə göndərmək mümkün olmamışdı.
Valideynlərin ictimaiyyətə öz sözünü demiş, xüsusi nüfuz sahibi olan insanların və hökumətin iştirakı ilə təhsil almağa göndərilən tələbələr sonradan “qaranlıq tale” ilə üzləşirlər. Bunun səbəbi 1920-ci ilin aprel ayından başlayaraq ölkənin bolşeviklər tərəfindən işğal olunması idi. Ölkədə bolşevik ideologiyasının surətlə yayılması, tələbələrə göndərilən pul vəsaitini dayandırdı. Bununla bağlı tələbələr N.Nərimanova müraciət etdilər. 1920-ci ilin avqustun 9-da Azərbaycan İnqilab Komitəsinin N.Nərimanovun xüsusi təşəbbüsü və sədrliyi ilə keçirilən iclasda, tələbələrə maddi yardım göstərilməsi Xalq Maarif Nazirliyinə tapşırıldı. N.Nərimanov 1921-ci ilin iyun ayının 18-də Bəhram Axundovu xaricdə oxuyan tələbələrin işi üzrə müvəkkil təyin edir. Elə həmin ildə xaricdə təhsil alan azərbaycanlı tələbələrin vəziyyətini öyrənmək məqsədilə Avropa ölkələrinə ezam olunur. 1922-ci il martın 2-də Bakıya qayıdır. Hesabatda İtaliyada 3 nəfər, Fransada 28, Almaniyada 49 nəfər tələbənin təhsil aldığı qeyd olundu. Bütün bu cəhdlərə baxmayaraq, yenidən tələbələr “qara günlərlə” rastlaşdılar. Onlara “sədaqətli və sədaqətsiz” damğaları vurularaq təhsil haqqının ödəməməyin müqabilində ağır şəraitdə işləməyə məcbur edilirlər. Onların bir qismi bu şəraitə dözməyərək intihar edir, bir qismi isə həbsxanalara düşür. Г‡ətin vəziyyətlərdən çıxış yolu taparaq vətənə qayıdan ixtisaslı kadrlar isə bolşeviklərin həyata keçirdiyi kütləvi həbslər və cəzaların qurbanı olurdular. Məqsəd hər vəchlə xalqın maariflənməsinin qarşısını almaq idi. Bu da təbii idi ki, bolşeviklər xalqın beyninə öz ideologiyasını yeritmək istəyirdilər.
Orta məktəblərdə yaşanan əsas problem isə dərs vəsaitlərinin çatışmazlığı idi. Bu problem hökuməti bir sıra tədbirlər həyata keçirtməyə vadar etdi. İlk görülən tədbir Türkiyədən dərs vəsaitləri gətirmək idi. Orta məktəbləri dərsliklərlə təmin etmək məqsədilə xüsusi komissiya yaradılmışdı. Komissiyanın tərkibi H.Cavid, A.Şaiq, Səməd bəy Acalov və s. görkəmli şəxsiyyətlərdən ibarət idi. AXC hökuməti yaşlıların və fəhlələrin maarifləndirilməsini də vacib hesab edirdi. Bakı, Gəncə və digər regionlarda yaşlıların savadlandırılması üçün kurslar, Bakıda isə 1919-cu ilin noyabrında fəhlələr üçün axşam kursları açılır.
Millətin, xalqın parlaq gələcəyini təhsildə görən AXC təhsilin inkişafı üçün davamlı və geniş tədbirlər işlənib hazırlanmasına baxmayaraq, bolşeviklərin işğalı bu planların reallaşmasına imkan verməmişdir. Cümhuriyyət 23 ay yaşamasına baxmayaraq Azərbaycan tarixinin parlaq səhifələrində öz izini qoymuşdur.
Lakin 1920-ci ildən sonra Demokratik respublika bolşeviklər tərəfindən süquta uğradıqdan sonra bütün sahələrdə olduğu kimi təhsil sistemində də geriləmələr oldu. Belə ki, Sovet Sosialist Respublikası qurulduqdan sonra məktəblərdə Azərbaycan dilinin tədrisi dayandırılır, şagirdlər rusdilli məktəblərə cəlb olunurdular. Milliyətcə azərbaycanlı olan şəxslər hər vəchlə təhsildən, dövlət vəzifələrindən uzaqlaşdırılırdı. Lakin 1969-cu ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə vəziyyət dəyişdi. Onun təhsil sahəsində göstərdiyi islahatların nəticəsində məktəbəqədər təhsil müəssisələrinin sayı artmış, 1973-cü ildə onun təşəbbüsü ilə C.Naxçıvanski adına ilk Ali Hərbi Məktəbi fəaliyyətə başlamışdır. Ümummilli liderin “Təhsil millətin gələcəyidir” kəlamı həqiqətən də xalqın, millətin inkişafı, işıqlı gələcəyə çıxması üçün stimul verən bir fikir oldu. 90-cı illərdə Sovet hakimiyyətinin dağılmasından sonra müstəqillik əldə edən respublikamız təhsil sahəsində apardığı islahatlar nəticəsində dünya təhsilinə inteqrasiya etmiş təhsil sistemi yarada bildi. Bugünkü təhsilin inkişafının özəyində AXC-nin təhsil sisteminin dayandığını heç zaman dana bilmərik. 23 ay yaşamasına baxmayaraq AXC Azərbaycan tarixinin ən parlaq, ən mühüm səhifələrini yazmış oldu.
Zarema Əliyeva

Şərh Yaz