Yaddas kitabcasi

İnkişaf mükəmməl rəhbərlikdən keçir

Dövlət müstəqilliyimizin bərpasından ötən 27 il ərzində İsmayıllı böyük inkişaf yolu keçmiş, rayon mərkəzindəki küçə, meydan və parklar yaxşı mənada, tanınmaz dərəcədə dəyişilmiş, quruculuq, abadlıq işləri aparılan tikinti meydançasına çevrilmişdir.İnkişaf mükəmməl rəhbərlikdən keçir
İnkişaf mükəmməl rəhbərlikdən keçir
İnkişaf mükəmməl rəhbərlikdən keçir      Xüsusən xalqın təkidi ilə ulu öndər Heydər Əliyevin 1993-cü ildə yenidən hakimiyyətə qayıdışından sonrakı illərdə ölkəmizin hər yerində olduğu kimi, İsmayıllıda da həyat öz axarına düşdü, paytaxtla bərabər bölgələrdə inkişafı səciyyələndirən və şərtləndirən tikinti-abadlıq işləri geniş vüsət aldı.
İnzibati ərazi vahidlərinin reyestrində 108 yaşayış məntəqəsini birləşdirən İsmayıllıya mərkəzi İsmayıllı şəhəri olmaqla 2 qəsəbə və 105 kənd daxildir.
1967-ci ilin 15 yanvarında şəhər statusu almış İsmayıllının keçən il 50 yaşı tamam oldu. Yaşlı nəslin nümayəndələri o illərin İsmayıllısını biz gənclərə tez-tez xatırladırlar. Onda rayon mərkəzinin yalnız bir küçəsi asfalt örtüklü idi və bu gün küçələr boyu görünən səliqəli daş hasarların yerini kol vurulmuş çəpərlər tuturdu.
İnsanlar illərin, zamanın sürətlə keçməsindən həmişə gileyləniblər. Amma ötən 50 ildə İsmayıllının inkişaf tarixinə nəzər yetirdikdə, görülmüş işlərin fərqinə varır, illər ötdükcə şəhərimizin qazandığı simadan qürur duyuruq.
2010-cu ildə Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi əsasında İsmayıllı şəhərinin perspektiv inkişaf istiqamətləri nəzərə alınaraq “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutu tərəfindən şəhərin Baş planı hazırlanmışdır. Sözügedən planda İsmayıllı şəhərinə həmsərhəd olan Mican, Qəzli və İsmayıllı kəndlərinin ləğvi nəzərdə tutulmuşdur. Qeyd olunan məsələlərin həlli ilə bağlı 13 dekabr 2011-ci il tarixdə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən İsmayıllı rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında qərar qəbul edildi. Həmin qərara əsasən İsmayıllı şəhərinə həmsərhəd olan ərazilər – Mican, Qəzli və İsmayıllı kəndləri ləğv edilərək Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrindən çıxarıldı və bu qanuna əlavə edilmiş xəritəyə uğun olaraq İsmayıllı şəhərinin ərazisinə birləşdirildi.
Qəbul olunan bu qərar şəhər sakinlərini sevindirməklə yanaşı, hər birimizdən daha çox işgüzarlıq və bacarıq tələb edirdi. Heç kəsə sirr deyil ki, vaxtilə planlı şəkildə salınan şəhərlərlə müqayisədə, plansız salınan kəndlərin ərazilərində şəhər mühiti yaratmaq, Baş plana uyğun olaraq küçələri genişləndirmək və abadlıq işləri aparmaq ağır zəhmət və böyük vəsait tələb edir. Onu da vurğulayım ki, bu istiqamətdə rayon rəhbərliyi qarşıya qoyulan vəzifələrin həllinə maksimum səy göstərir. 2013-cü il şəhər ərazisində abadlıq işlərinə start verilərkən ilk abadlaşan küçələr siyahısında keçmiş Mican kəndinin əsas mərkəzi yolu Rəşid Mahmudov küçəsi də var idi.
Rayonun sosial-iqtisadi həyatının hansı istiqamətinə diqqət yetirsək, orada xeyli iş görüldüyünü və hələ görüləsi çox işin qaldığının şahidi oluruq. İsmayıllı şəhəri ərazisində irili-xırdalı 140 adlandırılmış küçə vardır. Yaxın illərədək onların yalnız bir neçəsi asfaltlanmışdı, asfalt örtük vurulmuş bu küçələr də yeni su-kanalizasiya xətlərinin çəkilişi zamanı dağıdılmışdı. Belə vəziyyətlə razılaşmaq əsla mümkün deyildi. Məsləhətləşmələr aparmaq, görülən işlərə ictimai nəzarəti təmin etmək məqsədilə rayon ərazisində yaratdığımız İctimai Ağsaqqallar Birliyinin yekdil təklifi və rəyi nəzərə alınaraq abadlaşdırılması daha vacib olan küçələr müəyyənləşdirildi. Yola saldığımız son 5 ildə rayonun 62 küçəsi abadlaşdırılıb. Mübariz Orucov küçəsi barədə ayrıca danışmağı vacib bilirəm. Bu küçədəki fərdi evlər, həyətdəki təsərrüfat və məişət obyektləri baxımsızlığı və qayğısızlığı xatırladırdı. Burada adi, elementar memarlıq elementlərinin əlaməti belə yox idi. Rayonda rəhbər dəyişikliyindən sonra küçə boyu hasarlar, dam örtükləri, binaların fasadı yeni üsluba uyğun dizaynla təzələndi, səkilər quruldu, asfalt döşəndi. Mübariz Orucov küçəsi indi şəhərimizin ən abad küçəsidir. İşlər başa çatdıqdan sonra küçənin sakinləri mükəmməl qayğıya, həyatlarına bəxş olunan yeniliklərə görə cənab Prezidentin ünvanına dərin minnətdarlıqlarını, hörmət və ehtiramlarını bildirən çoxsaylı teleqramlar göndərdilər.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rayonumuza 14 avqust 2013-cü il səfərindən sonra aparılan abadlıq və quruculuq işlərinin davamı üçün vəsait ayrılması rayonun imkanlarını daha da artırdı. Bu, yüksəlişə, insanların daha inamla yaşamasına, rayon rəhbərliyinin genişmiqyaslı fəaliyyətinə əsaslı təkan oldu. İsmayıllılar gündəlik həyatlarında şahididirlər ki, ölkə rəhbəri bütün bölgələrin, hər bir yaşayış məntəqəsinin, vətəndaşın sosial həyatının inkişafı üçün mümkün hər şeyi edir. Məcburi köçkünlər bu sırada daha öndədirlər. 2013-cü ildə İsmayıllı şəhərinin perspektiv inkişafı üçün nəzərdə tutulmuş ərazidə təhsil müəssisələrində müvəqqəti məskunlaşmış məcburi köçkünlər üçün 45 evdən ibarət yeni yaşayış massivi salınmışdır. Burada orta məktəb binası, tibb məntəqəsi də tikilmiş, bütün növ kommunal xidmət üçün şərait yaradılmış, yol çəkilmişdir. Köçkün soydaşlarımız dövlətimizə, onun rəhbəri cənab İlham Əliyevə minnətdar olaraq yeni, rahat evlərdə yaşayırlar.
Son illərdə rayonun bütün infrastrukturunda inkişaf nəzərə çarpır. Bölgədə sənayenin inkişafı istiqamətində də əhəmiyyətli addımlar atılıb. Velosiped zavodu, Kərpic zavodu, Dam örtükləri istehsalı müəssisəsi, Tikiş fabriki və digər emal müəssisələri rayonun sənaye xəritəsində yer alan yeni ünvanlardır. İsmayıllı şəhərinin qaz, elektrik, su və kanalizasiya sistemləri tamamilə yenilənib. Yola saldığımız 5 ildə rayon ərazisində 968 fərdi yaşayış evi, 2 beşmərtəbəli, 3 səkkizmərtəbəli yaşayış binası, onlarla sahibkarlıq obyekti inşa edilib. Ana, uşaq və əyləncə parkı, “Günəşli” parkı, Soyqırımı memorial kompleksi, “Saat meydanı” yaradılıb. Rayon ərazisində insanların rahatlığı, təsərrüfat işlərinin ahəngdarlığı üçün xüsusi önəm daşıyan rahat yollar çəkilib və bu istiqamətdə işlər davam çəkilməkdədir. Buna İsmayıllı-İvanovka-Mollaisaqlı, İsmayıllı-Qalınçaq-Göytəpə, İsmayıllı-Qaraməryəm, İsmayıllı-Lahıc və hazırda bölgənin inkişafı üçün xüsusi önəm daşıyan Şamaxı rayonunun Dəmirçi kəndi ilə Lahıc qəsəbəsini birləşdirən və tikintisi davam etdirilən Dəmirçi-Lahıc yolunu misal göstərmək olar.
Rayonda son illərdə tikilmiş 2 Su Elektrik Stansiyası əhalinin enerji təchizatında önəmli rol oynayır. Sakinlərin 67 faizi təbii qazdan istifadə edir. Yaşayış məntəqələrində 40-a yaxın artezian quyusu qazılıb. Həmçinin rayon ərazisində yeni məktəb binaları tikilib, 15-dən çox təhsil ocağı əsaslı təmir olunub. Rayonumuzda səhiyyə xidmətinin də yaxşılaşdırılması üçün əsaslı tədbirlər görülüb. Rayon Mərkəzi Xəstəxanası yenidən qurulmuş, Lahıc qəsəbəsində, İvanovka kəndində 15 çarpayılıq xəstəxana, Topçu və Tircan kəndlərində həkim ambulatoriyaları tikilib istifadəyə verilmiş və yeni obyektlər müasir tibb avadanlıqları ilə təchiz olunmuşdur.
İsmayıllı geniş turizm potensialına malikdir. Müstəqillik illərində bu potensialdan səmərəli istifadə olunur. Hazırda rayonda onlarla turizm istirahət mərkəzi fəaliyyət göstərir. Bu gün dövlət tərəfindən tarix-memarlıq abidəsi kimi qorunan Lahıc Böyük İpək yolu üzərində beynəlxalq turizm marşrutuna daxil edilib.
Şəhərimizdə yenidən qurulan və istifadəyə verilən Olimpiya İdman-Kompleksi müasirliyi və geniş infrastrukturu ilə seçilir. Bunun nəticəsidir ki, rayon idmançıları sağlamlıqla bərabər respublika yarışlarında, beynəlxalq turnirlərdə yüksək nəticələr qazanırlar.
Son 5 ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəmizin dilbər guşələrindən biri olan İsmayıllıya üç dəfə səfər edib. Bu səfərlərin hər biri dövlətimizin başçısının rayonun inkişafına yönəlmiş Sərəncamları və yeni-yeni layihələrin icrası ilə müşayiət olunub.
Sadalanan bu faktlar İsmayıllının bugününü və təbii gözəlliklərini, baş verən inkişafı əyani şəkildə nümayiş etdirir.
Bölgəmizin daha xoşbəxt həyata qovuşacağını, insanlarımızın daha firavan yaşayacağını, sosial-iqtisadi inkişafda yüksək nəticələrə çatacağını Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rayona səfəri zamanı dediyi aşağıdakı sözlərə istinad edərək tam əminliklə bəyan edirəm: “Biz İsmayıllının müasir şəhərə çevrilməsinə nail olmalıyıq. Burada böyük quruculuq, abadlıq işləri aparılır, yollar genişlənir, gözəl binalar tikilir. Bu hələ görülən işlərin birinci mərhələsidir. Əminəm ki, bu yüksək temp saxlanılacaq və yaxın zamanlarda İsmayıllı ölkəmizin qabaqcıl rayonlarından birinə çevriləcəkdir”.
Dövlətçiliyə sədaqətlə xidmət edən ismayıllılar aparılan məqsədyönlü rəhbərliklə bu tövsiyələrin həyata keçirilməsi üçün tam səfərbərdirlər.
Vüsal Abdullayev,
İsmayıllı rayonunun baş memarı

Şərh Yaz