ƏZİZİM VƏTƏN YAXŞI (CÜMHURİYYƏTİN 100 İLLİYİ QARŞISINDA) (Əvvəli ötən sayımızda)

Qapımıza möhür vurdular…

Tofiq Nemətovun dediklərindən:
“Məcid əmioğlu 34-35-ci illərdə rayonumuzda əmanət kassasında mühasib işləyirdi. Hər həftənin cümə günləri (onda cümə istirahət günü idi) kəndə gələrdi. Bir-birimizi çox istəyirdik. Mənə yaraşıqlı bir məktəbli çantası da almışdı. Yeddinci sinfi bitirənəcən həmin çantanı məktəbə aparıb-gətirirdim.
ƏZİZİM VƏTƏN YAXŞI   (CÜMHURİYYƏTİN 100 İLLİYİ QARŞISINDA)  (Əvvəli ötən sayımızda)Məndən kiçik olan Şərqiyə bacımı da çox əzizləyirdi. Deyirdi ki, bu bacımı aeroplansürən oxudacağam. Bir də görəcəklər ki, “pırr” eləyib aeroplanla gəlib düşdü Heyvalığa (“Heyvalıq” Təzəkəndin altındakı böyük düzənliyin adıdır –“M.M.).
Kənddə ailəmizin başının üstünü qara buludlar alanda Məcid artıq Bakıda idi. Universitetin jurnalistika fakültəsində oxuyurdu…
Əvvəlcə atamı “kulak” (qolçomaq –“ M.M.) siyahısına saldılar, “səsini” kəsdilər (yəni, səsvermə hüququndan məhrum etdilər –“ M.M.). O illərdə “səsikəsik” və “kulak” sözləri ən ağır sözlər idi. Söyüşdən bətər səslənirdi. Ailəliklə hamımızın gözünə qorxu kölgəsi qonmuşdu. Kənd uşaqlarının arasına çıxmaq da, məktəbə gedib-gəlmək də əzab idi. Bəzi uşaqlar “kulak oğlu kulak” deyə, mənə sataşırdılar…
Nəhayət evimizi “dolka” qoydular (yəni, müsadirə etdilər – M.M.). Ailəmizi evdən qovub çıxartdılar. Yadıma gəlir ki, evimizin qabağında paraqda alma vardı, əl vurmağa qoymadılar, hamısını apardılar. Məndən kiçik bir qardaşım və iki bacım da vardı. Ailəmiz Eyyub müəllimin (xalamın həyat yoldaşı) iki otağından birinə sığınmalı oldu.
Bir müddətdən sonra Eyyub müəllimi də gözümçıxdıya saldılar ki, bəs evində kulak saxlayır. Yaxşı yadımdadır, bir gün anam təndirdə çörək bişirib soyumaq üçün süfrənin üstünə sərmişdi. Həmin gün gəlib bizi bu evdən də çıxartdılar və otağın qapısını möhürlədilər. Г‡örəklər də qaldı evin düzündə. O gecə hamımız dayımızgildə gecələdik. Səhərisi günü qapının möhürünü açdılar, içəridə nə vardısa, təzədən “dolk” eləyib hamısını apardılar. Yadıma gələndən, bu, üçüncü müsadirə idi. Daha “dolk” eləmək üçün heç nəyimiz qalmamışdı.
Həmin gün atam bizi Qərsələ kəndinə, əmisi oğlu Abdulla kişinin evinə apardı. Bir il orada yaşayandan sonra yenidən Nüyədiyə qayıdıb, Gülcənnət arvadın iki otağından birində yerləşdik. Qərsələdən qayıdarkən kiçik qardaşım Şəfiq anamın çiynində soyuqlayıb xəstələnmişdi. Kəndə qayıdandan bir neçə gün sonra gözlərini həmişəlik yumdu.
Bir il də burada yaşayandan sonra ev sahiblərinin yerini darısqal etməmək üçün başqa yerə – Məhəmmədgilin evinə köçdük. Biz öz doğma kəndimizdəcə didərginə çevrilib bu qapıdan o qapıya, bu evdən o evə pənah apardığımız vaxtda, Nemət babamın, atamın və əmilərimin min zəhmətlə tikdikləri altı otaqdan ibarət evimiz bomboş qalmışdı kəndin ortasında. Elə Məcidə də o evdə layla çalmışdılar, mənə də, həmin günlərdə boş beşiyi midbərdən asılı qalmış ağzı süd qoxulu Şəfiq qardaşıma da…”.
Məcid Bakıda yaşayıb universitetdə təhsil alsa da, bütün bunlardan xəbərdar deyildimi? Qardaşlarının sözünə qulaq asmayıb kənddə qalan əmisinin və onun ailəsinin başına gətirilən müsibətlərdən xəbərsiz idimi? Bəlkə elə həmin illərdə içərisində boğub-saxladığı hıçqırıqlar idi ki, Münhendəki dəbdəbəli mülkündə həmyerlilərini qəbul edərkən göz yaşlarına çevrilib seylab olmuşdu?
Bəlkə elə onun alman qızından doğulmuş övladları –“ Süsən və Yasəmən də bu səbəbdən atalarına qoşulub ağlayırdılar?..

Cavabsız suallar

Məcid Musazadə xarici ölkələrdəki Azərbaycan diasporunun ən nüfuzlu, ən hörmətli nümayəndələrindən biri olub. Bunu onun haqqında deyilənlər və yazılanlar təsdiq edir. Onun ictimai və ədəbi publisistik fəaliyyəti təkcə “Azadlıq” radiosu ilə məhdudlaşıb qalmamışdır. O, xaricdə Azərbaycan və azərbaycanlılarla bağlı keçirilən tədbirlərin əksəriyyətinin fəal iştirakçısı olub. Lakin heç vaxt məşhurlaşmaq, “birinci olmaq” naminə özünü gözə soxmayıb. Qələm-kağızını qarşısına qoyaraq, Vətəndən uzaqlarda Vətənin mənafeyi üçün gücü çatdığı qədər işləyib. Onun qələminin məhsulları, hələlik, “polad” hasarın bu biri üzünə gəlib çatmasa da, itib-batmamışdır. Onların qayğı ilə qorunub saxlanması barədə son vaxtlar xəbərlər eşidilir.
“Amerika-Azərbaycan “Vətən” Mədəniyyət Mərkəzi”nin prezidenti Rufa xanımın dediklərindən:
“Münhendə qeyrətli bir azərbaycanlı yaşayır: Məcid Musazadə. Qarabağ məsələsi ilə bağlı çox iş gördü. Qurban Səidin “Əli və Nino” romanını da o tərcümə etmişdir. Ancaq nədənsə, “Azərbaycan” jurnalında Mirzə Xəzərin tərcüməsi kimi göstərilmişdir”.
Bəli, 140 il bundan əvvəl elə həmin Almaniyada “Mirzə Şəfi nəğmələri”nin başına gələnlər Məcid kişinin də qismətinə yazılıbmış; Fridrix Bodenştedt “Nəğmələr”i öz adına çıxanda Mirzə Şəfi artıq dünyasını dəyişmişdi. Xəbəri olmadı “şagirdinin” bu nankorluğundan. Məcid kişi isə əməyinin məhsulu bir başqası tərəfindən mənimsəniləndə hələ sağ idi. Qalmaqal sala bilərdi, məhkəməyə verə bilərdi. Г‡ünki inkaredilməz faktlarla sübut edilmişdir ki, bu əsəri o zaman hələ almanca tamam-kamal danışa bilməyən Mirzə Xəzər tərcümə edə bilməzdi. Məcid kişi öz xasiyyətinə uyğun tərzdə yüngülcə etirazını bildirməklə kifayətləndi… Bir də ki, ürəyinin qəfıl dayanması ilə…
Mühacirətdə olduğu illərdə Türkiyə onun üçün ikinci vətən olub. Elə Münhenə köçməzdən əvvəl də bir müddət orada yaşayıb. Türk dünyasının varlığına əmin olmaq, öz doğma dilinin həzinliyindən doyunca həzz almaq istəyəndə Türkiyəyə səfər edib. Burada Azərbaycanla bağlı hər hansı bir tədbir olanda onu sayıb-seçiblər, dəvət ediblər. Kim bilir, bəlkə də Vətənin bir addımlığında doğma torpaqdan əsən mehin şirinliyini dadmaq üçün gəlirdi Türkiyəyə Məcid?
Filologiya elmləri doktoru Kamal Talıbzadənin dediklərindən: “Türkiyənin Kayseri şəhərində I Beynəlxalq Böyük Azərbaycan Konqresi keçirilirdi. Mən də orada idim. Nümayəndələr arasında sakit, nəcib ər-arvad hamının diqqətini cəlb edirdi… Kişi Abdulla Şaiqə çox oxşayırdı. Bir gün özümü saxlaya bilməyib ona yaxınlaşdım, qucaqlayıb öpdüm, Şaiqin oğlu olduğumu bildirdim. Arvadı İrena ilə də məni tanış etdi… Gözəl insanlar idilər. Hər ikisi – ər də, arvad da…”.
Gənclik çağlarında Türkiyədə yaşaması və sonradan da tez-tez oraya gedib-gəlməsi, bir də, heç şübhəsiz, Məhəmməd Əminlə tanışlığı və ona bağlılığı ilə əlaqədar idi. Onun ədəbi fəaliyyətə istiqamətlənməsində də Məhəmməd Əminin rolu olmamış deyildi.
Məcid Qərsələlinin Məhəmməd Əmin Rəsulzadə ilə yaxınlığını söyləmək üçün daha ciddi səbəblər də vardır. Uzun müddət NKVD qorxusundan “uşaqlardan” gizlədilən, lakin “mülayimləşmə” dövründə üzə çıxan faktlardan güman etmək olur ki, M.Rəsulzadə Məcidin Cümhuriyyət dövründən Bakıda yaşayan atası Abdullətif kişi ilə tanış imiş. Onun Lahıcdan qayıdanbaş məhz Abdullətif kişinin qohumlarıgildə (Maçaxıda Hüseyn ağa, Nüyədidə Abdulcabbar) bənd olması belə düşünməyə daha çox əsas verir.
El arasında söyləndiyinə görə, Lahıcdan Maçaxıya qədər Məmməd Əmini cəsur bir insan olan pirəqanımlı Qaçaq Cümşüd müşayiət edib. Lahıcda şərikli karvansarası olan maçaxılı Hüseyn ağa Lahıcda tanınırdı.
“Əsrimizin Səyavuşu” əsərinin ön sözündə oxuyuruq;
“Keçdiyimiz kəndlərdən birisində qaralama halında olan “Siyavuş”un üzünü köçürtdüm. Təmizə çıxarılan nüsxəni qonağı olduğumuz kəndliyə verib, qaralamasını özümlə götürdüm”.
“Ön söz”dən məlum olur ki, dağdan ovalığa endikdən sonra da o, bir neçə kənddə gecələməli olur. “Əsrimizin Səyavuşu”nun yolüstü kəndlərdən birində köçürdüyünü yazır. Ola bilsin ki, o, əsərin üzünü məhz Nüyədidə maçaxılı Hüseyn ağanın qohumu Abdulcabbarın ( Məcidin əmisinin) sonradan “dolka” qoyulmuş həmin “altıotaqlı” evində köçürüb. Əlyazmasının Türkiyədə yaşayan müəllifinə çatdırılmasında da, yəqin ki, əsəri qoruyub saxlayanların rolu olmamış deyildir. Г‡ünki həmin varlı ailənin qədimdən Türkiyə ilə əlaqələri vardı.
Həddən ziyadə nəcib və mərd adam olan Məhəmməd Əmin Rəsulzadə bütün bunları unuda bilməzdi. Onun Məcidlə yaxınlığı və ola bilsin ki, ona himayədarlıq etməsi də bundan irəli gələ bilərdi.
Daha bir incə məsələ. 30-cu illərdə çox adamın var-dövlətini “dolk” ediblər, “səslərini” kəsiblər. Belələri rayonumuzun hər kəndində olub. Lakin həmin “səsikəsik kulaklar”ın hamısını ucdantutma güllələməyiblər. Güllələnmə, əsasən, siyasi məsələlər üstündə olub. “Pavlikmorozovçuluğ”un çiçəkləndiyi dövrdə hər yanı bürümüş çuğullardan biri Məhəmməd Əminin Abdulcabbarın evində gecələməsi barədə “lazımi yerlərə” xəbərçilik edə bilərdi. Bəlkə də Abdulcabbar kişinin güllələnməsi həmin məsələ ilə bağlı olub? Yəqin ki, onun “üçlük” tərəfindən dindirilmə protokolu tapılsa, bu sirlərə aydınlıq gətirilə bilər.

Görüş həsrəti

Nemət 1942-ci ildə müharibədə itkin düşmüş atasının sağ-salamat olması və xaricdə yaşaması barədə məlumatı ilk dəfə 1960-cı ildə “Bakraboçi” qəzetində oxudu. Bu yazıda, əlbəttə, ondan təxribatçı radionun əməkdaşı və vətən xaini kimi söhbət gedirdi. Elə bu faktın özü böyük ehtiyatkarlıq tələb edirdi. 60-cı illər “xalq düşmənləri”nə qarşı “mülayimləşmə” dövrü olsa da, “xaricdə yaşayan qohumum yoxdur” bəndi tərcümeyi-hal və anketlərin ən mühüm suallarından biri olaraq qalırdı. Bu, elə bir vaxt idi ki, məşhur rus yazıçılarından biri xarici səfərdən qayıdarkən qadını üçün paltar alıb gətirdiyinə görə MK-nın Birinci Katibi Xruşşov onu birbaşa qurultayın tribunasından söyüb biabır elədi. Və dedi ki, heç tələsməyin, cənab yazıçılar, indi biz ağır sənayeni inkişaf etdirməklə məşğuluq. Bu işi başa çatdırdıqdan sonra sizin arvadlarınız üçün alt paltar istehsal etməyə də imkanımız olacaq…
Bəli, inanılası söhbət deyil. Amma nə edəsən ki, həqiqətdir. Belə bir vaxtda necə durub deyəsən ki, həmin o qəzetdə haqqında söhbət gedən “xalq düşməni” mənim atamdır və ömrümdə bir dəfə də olsun üzünü görmədiyim atamla görüşmək istəyirəm?!
… Bir dəfə Qərbi Avropada səfərdə olan maestro Niyazi öz əmisi Ceyhunbəy Hacıbəyli ilə görüşür. Ceyhunbəy bu görüşdə ailəvi dostu olan Məcid Musazadənin Vətəndə qalan qohumları haqqında məlumat almaqda kömək etmək barədə xahişini Niyaziyə çatdırır. Maestro Vətənə qayıtdıqdan sonra onun bu xahişini yerinə yetirir. Məcid üçün ən gözlənilməz xəbər Vətəndə onun babasının adını yaşadan Nemət adlı oğlunun olması idi. Axı o, cəbhəyə yola düşəndə toyundan cəmi bircə ay keçmişdi… Və bundan sonra Məcidlə Vətəndə yaşayan qohumları arasında körpü yaranır. Anasının sağ olması xəbəri onu hədsiz sevindirir. Vətəndə atasız böyüyən oğlunun həyatını uzaqdan da varsa izləyir. Və hətta oğlu Nemətin toyunun olacağı günü öyrənir və Qərbi Almaniyaya yolu düşən həmvətənlərinin biri ilə oğluna toy hədiyyəsi də göndərir…
HAŞİYƏ: Vaxtilə müharibədə qəhrəmanlıqla həlak olmuş bir ata (yüksək rütbəli zabit imiş) haqqında beş-on il bundan qabaq xəbər çıxdı ki, sağ-salamatdır və Sibirin hansı şəhərindəsə çox fıravan həyat sürür. Ata həsrətilə burnunun ucu göynəyən oğul təyyarə ilə həmin şəhərə uçur. Lakin nə qədər çalışırsa, atası ilə görüşə bilmir. Ata bu görüşdən qaçır, övladları ilə görüşmək istəmir…
Yenə bu yaxınlarda söhbət çıxdı ki, müharibədə itkin düşmüş başqa bir ata sağ-salamat Türkiyədə yaşayır. Onun şəklini də tapıb gətirmişdilər. Onun 45 il ata həsrətilə yaşayan övladları və baba həsrətli nəvələri xarici ölkələrlə əlaqə yaratmağın bütün mümkün vasitələrindən istifadə etdilər, lakin atadan soraq çıxmadı. O, izi itirmək üçün hətta yaşadığı şəhəri belə dəyişmişdi…
Lap elə bugünün özündə Azərbaycanda aliment vermək qorxusundan övladlarını taleyin ümidinə buraxaraq ucu-bucağı bilinməyən imperiyanın xəlvət guşələrində gizlənənlər azdırmı?..
Bəli, atanın gümanda qoyub getdiyi oğul və oğulun itkin hesab etdiyi ata bir-birindən xəbər tutandan sonra düz 28 il idi ki, görüşə can atırdılar. Onların bir-birinə yazdıqları məktublar necə görüşmək sualı ilə başlayıb, elə bu görüşün həsrəti ilə də bitirdi. Bəzən onlara (ataya və oğula) elə görünürdü ki, bu görüşə lap az qalıb, əllərini uzatsalar çatar. Lakin hər dəfə qarşıya yeni bir maneə çıxırdı. Bu elə bir vaxt idi ki, Araz üstündəki kəndlərin butaykı küçəsindən otaykı küçəsinə keçmək üçün gərək əvvəlcə Moskvadan Tehrana uçaydın…
Məcidin öz anasına yazdığı kövrək, hüznlü məktublarında da ancaq bu görüşün həsrətindən söhbət gedir. Həmin məktublardan biri qarşımdadır. Məktub latın əlifbası ilə aydın və gözəl bir xətlə yazılıb. Məcid Musazadənin kimliyi, onun mənəvi dünyası və yazı üslubu barədə müəyyən təsəvvür əldə etmək üçün bəlkə də elə bu məktubu oxumaq kifayət edərdi.
“Münhen, 8 II 82.
Mənim vəfadar və əziz anacığım!
Nemətdən sağ-salamat olduğunu eşidərkən çox sevindik, Allah daha çox ömür versin. Bir də – İrene, Yasəmən, Süsən və mən Allaha çox şükür yaxşıyıq, yeganə arzumuz sizlərin, başda sən olmaqla, sağ-salamat olmağınızdır.
Əziz anacığım, Nemətə də yazdığım kimi, hamımız sənin də bura gəlməni, heç olmasa bir neçə həftə görüşüb bərabər olmamızı arzu edirik. Sənin fikrini bilmirik, bura gəlmək istərsənmi? Əgər buna razılıq versən, sənə də dəvətnamə göndərərəm. İnan ki, İrene xanım, Yasəmən və Süsən bunu məndən də artıq arzu edirlər. Bizim tərəfimizdən hər hansı bir maneə və əngəl yoxdur. Zira son illərdə Azərbaycandan buraya çox qonaq gəlib-gedir. Moskva-Münhen və geri təyyarə bileti də göndərə bilərəm. Bunu bir yaxşı fikirləş və mənə yaz, əlbəttə, rica edirəm!
Bura indi soyuqdur, bir-iki günə ola bilsin qar yağacaq. Qışda Almaniya bəzən soyuq olur, çoxlu qar yağır. Amma evimiz istidir. İndi Süsən də burada yoxdur, qış və yaz tətillərində buraya gəlir. Qış tətili qısa olur, amma heç olmasa görüşürük. Yasəmən isə yanımızdadır, işləyir. İrene xanım həmişə məşğuldur, ev işləri bilirsən bitməz. Kiçik bir bağçamız da vardır, onunla da məşğul oluruq. Allaha çox şükür burada hər şey vardır, sağlığınızdan başqa heç bir ehtiyacımız yoxdur.
Diplomumu indiyə saxlayıb-hifz etdiyin üçün çox təşəkkür edir və minnətdaram. Mənim hər cəhətdən sənə böyük, ödənməsi çətin olan borcum vardır. Biz tez-tez keçmiş xatirələri yada salır, sizlərdən bəhs edirik. Bunların hamısı xatirə də olsa, şirindir. Mənim fədakar anacığım, hamımız səni bərk-bərk bağrımıza basıb öpür, möhkəm cansağlığı arzu edirik. Bütün qohum-əqrəbaya salam yetirməni xahiş edirəm. Oğlun Məcid. İrene xanım və Yasəmən, qiyabi olaraq Süsən”.

Qismət deyilmiş

Lakin yaşı doxsanı adlamış Fatma anaya yeganə övladını bir daha görmək qismət deyilmiş. Görüş imkanı yaranandan bir qədər əvvəl son nəfəsdə “Məcid, gəl!” – deyərək həsrətli gözlərini əbədi yumdu.
Nemət Münhen aeroportunda təyyarədən yerə enən kimi qarşılayanlar arasında öz atasını – uzun illərdən bəri yalnız şəkillərdə gördüyü Abdulla Şaiqə bənzəyən qocanın mehriban, nurani simasını axtarırdı. Lakin elə bircə dəfə göz gəzdirməklə əmin oldu ki, burada belə bir adam yoxdur. Г‡amadanı əlində bir az pərt, bir az da çaşqın vəziyyətdə qalmışdı. Elə bu vaxt gənc bir qız və yaşlı qadın ona yanaşdılar. Qadın yuxarıdakı məktubdan bizə tanış olan İrene xanım, qız isə Yasəmən idi – Nemətin kiçik bacısı. Hər ikisi sevincdən ağlayırdı. Nemət də onlara qoşuldu.
Məcid kişi isə oğlunun yolunu evdə gözləyirdi. Həkimlər ona görüşə getməyə icazə verməmişdilər. Ürəyi xəstə idi. Axı nələr çəkməmişdi bu ürək! Bu qeyri-adi görüşün doğurduğu həyəcandan ürəyi dayana bilərdi onun.
Məcidin oğlu Nemətin dediklərindən: “Bir ay atamın qonağı oldum. Bacılarım və onların anaları pərvanə kimi başıma dolanırdılar. Mənə elə gəlirdi ki, Azərbaycanda – öz evimizdəyəm, üstəlik ömrü boyu həsrətində olduğum atam da yanımdadır. Bir ay göz qırpımında gəlib keçdi. Məni göz yaşları ilə qarşılayan atam və onun ailə üzvləri elə o cür – ağlaya-ağlaya da yola saldılar…
Orada olduğum müddətdə hər gün atamın saysız-hesabsız suallarına cavab verməli olurdum.
Mən danışdıqca, o, gözlərini yumub susur və bəlkə də söylədiklərimi xəyalında canlandırmağa çalışırdı. Nəfəsimi dərmək üçün dayananda o, pıçıltıya bənzər səslə “danış, danış” – deyə dillənirdi. Vaxtilə Vətəndə sağ-salamat qoyub gəldiyi adamların hamısını – qohum-əqrəbanı, tanışları, həmkəndlilərini bircə-bircə soruşurdu.
Bir dəfə söhbət əsnasında soruşdu ki, bala, orada dinə-imana riayət edən, oruc tutub-namaz qılan varmı? Kənddə “Yasin” bilən, “Quran” oxuyan varmı? Dedim ki, Yeniyolda yas məclislərini Kərim əmi yola verir (qəbri nurla dolsun, rəhmətlik onda sağ idi). Soruşdu ki, cavandır? Dedim, yox, yaşı doxsandan yuxarı olar. “Bizim kənddə yaşlılar arasında Kərim adlısı yoxdur – dedi, – yəqin başqa kənddən gətiriblər”. Mən Kərim əminin əsil-nəsəbini bilmədiyim üçün əlavə bir söz deyə bilmədim. Vətənə qayıdandan sonra bu barədə söz salanda məlum oldu ki, Kərim əmi də elə Qərsələdəndir, ancaq adını bir balaca ixtisarla söyləyirlər. Əsl adı Abdulkərim imiş və atam da onu uşaqlıqdan bu adla tanıyırmış. Elə bil, Sovet hakimiyyətinin ilk çağlarında adamlar öz əcdadlarının ikimərtəbəli adlarından da qorxub ehtiyat ediblər. Məsələn, Abdulcabbar əmimin (atamın əmisi) adı övladlarının pasportunda Cabbar yazılıb. Belə nümunələrə sonradan da rast gəlmişəm.
Abdulcabbar əmimin adını çəkdim yadıma düşdü – atamın ən geniş sorğu-sualı onun ailəsi barədə idi. “Abdulcabbar əminin öldü-qaldısından bir xəbər çıxmadı ki? – deyə soruşdu, sonra isə suala özü cavab verirmiş kimi: – Haradan soraq çıxacaq, o illərdə yoxa çıxanların hansı geri qayıdıb ki, o da qayıdaydı?!” – deyib, dərindən ah çəkdi. Mən onun ailəsinin sağ-salamat olduğunu söyləyəndə atam çox təəccübləndi, həm də çox sevindi. Təkcə Şərqiyə bacının (Abdulcabbar əmimin qızı) sonralar vəfat etdiyini söyləyəndə sifəti tutuldu. “Ah, mən görəndə o necə də sevimli bala idi! – dedi. – Quruluşun ən ağır zərbəsi onlara dəydi, – deyə, atam əlavə elədi, – bir də mənə. Onlar atasız böyüdülər, ancaq Vətəndə yaşadılar. Mənim isə oğlum atalı ikən yetim böyüdü. Özüm də Vətənə sərhəd dirəklərinin o üzündən baxmalı oldum”. – Bu sözlərdən sonra qəhərlənib ağladı. Elə bil, göz yaşları kirpiyinin ucundaydı. Bir aylıq söhbətlərimiz zamanı belə hallar çox olmuşdu…”.

Sən saydığını say–¦

Tofıq Nemətovun dediklərindən: Əlimizdən hər şeyimizi – evimizi, var-dövləti, mal-qaranı, hətta yorğan-döşəyi belə alsalar da, atamızın kölgəsinə sığınmışdıq. Bütün dərdi-sər onun çiynindəydi. Özgə evlərində yaşamaqdan bezən atam təzə ev tikməyə hazırlıq görürdü. Г‡ünki o, artıq əmin olmuşdu ki, ata-baba evimizi heç vaxt özümüzə qaytarmayacaqlar. Meşədə xeyli ağac qırıb hazırlamışdı. Sütunluq ağacları isə gətirib qaldığımız evin zirzəmisinə yığmışdı.
“Kulak oğlu” adlansaq da, onun-bunun evinə sığınmalı olsaq da, atamız vardı və bizə elə gəlirdi ki, hər şeyimiz var. Lakin sən saydığını say…
Bugünkü kimi yadımdadır: 38-ci ilin fevral ayının 7-si idi. Mən, nənəm və xalam oğlu Ramiz Talıstana xalamgilə qonaq getməli olduq. Onda Ramizin atası Eyyub müəllim Talıstanda məktəb direktoru işləyirdi. Ramiz nənəmizdən ayrılmaq istəmədiyindən kəndimizdə qalıb mənimlə bir sinifdə oxuyurdu. Talıstanda neçə gün qalmışdıq ki, gördük rəhmətlik Sirac dayım gəlir. O, yuxarı çıxan kimi məni və Ramizi ata baxmaq bəhanəsilə həyətə göndərdi. Hiss etdik ki, bizdən gizli sözü var…
Nə hadisə baş vermişdisə, gecə ikən təcili Nüyədiyə (indiki Yeniyol) qayıtmalı olduq. Evə çatanda gördük ki, anamın ağlamaqdan gözləri qızarıb. Böyüklərin söhbətindən başa düşdük ki, atamı tutublar. Dayım bunu bizdən gizlədirmiş.
Onda mən üçüncü sinifdə oxuyurdum. Ailədə ən böyük uşaq mən idim. Balaca bacım Məhbubənin isə hələ qırxı çıxmamışdı. Beləcə biz atasız qaldıq.
Onda “səsikəsik”ləri kolxoza qəbul etmirdilər. Ancaq əkib-becərmək üçün ata-baba mülkündən, böyük vergi ödəmək şərtilə, bir parça torpaq sahəsi verirdilər. Atam da təktəsərrüfatçı kimi ötən payız Kənd Yeri adlanan sahədə buğda əkmişdi. Bundan başqa, bir sandıq çəltik, bir iri yeşik də un qoyub getmişdi.
Birtəhər yaza çıxdıq. Taxılı biçmək vaxtı gələndə qaldıq əlamanda. Sirac dayımın Mulux kəndində Şəkəralı adlı dostu vardı. (Şəkəralı mənim ana babam Gülalı kişinin qardaşıdır – M.M.). O, gəlib köməkçiləri ilə birlikdə taxılımızı biçib, xırmanda döydü.
Evimizin geri qaytarılacağından əlimizi üzdüyümüz kimi, atamızın da geri qayıdacağından əlimizi üzmüşdük. Buna görə də özgələrinin minnətindən çıxmaq üçün ev tikintisinə onsuz başlamalı olduq. 40-cı ildə “Xınaqız” adlı inəyimizi satıb, dayımın, onun muluxlu dostlarının və əmilərimin köməyilə Г‡əkillik adlı sahədə (atamın mülkü olub) meşə ağaclarından bir otaq tikdik. Atamın qırıb hazır qoyduğu ağaclardan ancaq zirzəmidə olan üç ədəd sütunluqdan istifadə edə bildik. Qalan ağaclar bir neçə il meşədə qaldığından tərg olub getmişdi. Beləcə, atam tutulandan iki il sonra öz damımızın altına yığışdıq. Atamın Г‡əkillik adlı mülkündə – təzə evimizin həyətində alma ağacları da vardı. Ancaq meyvələrinə əl vurmağa qoymadılar ki, “punkta” təhvil vermək lazımdır…
Biz “xalq düşməni”nin ailəsi olduğumuz üçün anamı kolxoza qəbul etmək istəmirdilər. Bu isə acından ölməyə məhkum edilmək kimi bir şey idi. Bir müddətdən sonra, çox çətinliklə də olsa, anamı kolxoza qəbul etdilər. Fermada sağıcı işləməyə başladı. Südün emalına da anam baxırdı. Lakin bu işi tezliklə onun əlindən aldılar ki, bəs “xalq düşməni”nin arvadına süd emalını tapşırmaq olmaz.
Ferma da atamgilin tövləsində yerləşirdi. Lap yaxın vaxtlaracan bu tövlə dururdu və sovxoz ondan istifadə edirdi. Kolxozun taxılını da atamgilin anbarında saxlayırdılar. Kolxoz və kənd sovetinin idarələri də ata-baba evimizdə yerləşirdi. Bütün bunları öz zəhməti ilə başa gətirən atamın isə nə öldüsünü bilirdik, nə qaldısını…”.
Yəqin ki, “göz yaşları kirpiyinin ucunda” olan Məcid kişinin ürəyini gəmirib taqətdən salan tale zərbələrinin sırasında bu dərdlər də vardı. Müharibə illərində dünyaya göz açan Nemət isə bütün bunlar barəsində çox az şey bilirdi. Neməti təəccübləndirən o idi ki, ömründə ata vətəninin üzünü görməyən bacıları – Süsən və Yasəmən orada yaşayan qohumlarının bir çoxunu qiyabi olaraq tanıyırdılar. Bu isə Məcid kişinin tərbiyəsinin nəticəsi idi. Qohumların hər biri üçün hədiyyə seçib almağı da Məcid kişi qızlarının öhdəsinə buraxmışdı. Amerika universitetlərindən birində müəllim işləyən Süsən də qardaşının gəlişindən bir neçə gün sonra onun görüşünə gəlmişdi. Qızlar hədiyyələri tapıb aldıqca: “Bu, filankəsin”, “bax, bu da filankəsin” – deyə təkrarlamağı xoşlayırdılar. Hədiyyələr hazır olanda Məcid kişi hər bağlamanın üstünə öz səliqəli xətti ilə bir məktub yazıb qoydu.
Oğlunu Vətənə yola salmaq vaxtı gəlib çatanda Məcid kişi, eləcə də İrene xanım və qızları göz yaşlarını saxlaya bilmirdilər. Kim bilir, bəlkə də Məcid kişi hiss eləmişdi ki, oğlu ilə bu ilk görüş həm də onun sonuncu görüşüdür?..
Tofiq Nemətovun dediklərindən:
“Məcid əmioğlu başqa əmidostuları ilə birlikdə anam üçün də paltarlıq parça göndərmişdi. Bağlamanın içinə qoyduğu məktubda yazılmışdı: “Şəkərbacım Fatmaxanım xanıma uzun illərdən sonra minnətdarlıq əlaməti olaraq unudulmaz xatirələr üçün… Salam və sevgilərlə Məciddən və İrenedən. Əmizadələrimin hamısını həsrətlə bağrıma basır və öpürəm”
Bu sətirləri oxuyanda 50 il əvvəl elə bu cür bağlamaya qoyub Məcidə göndərmək istədiyim məktubu xatırladım….
O vaxtı çoxları, bəzən hətta qohumlar da “xalq düşmənləri”nin ailəsi ilə yaxınlıq etməkdən çəkinirdilər. Məcid isə universitetdə oxuduğu illərdə hər yay tətilini kənddə keçirirdi. Onda evimiz və əmlakımız əlimizdən alındığından bizdə qalmağa imkan olmasa da, hər gün bizimlə görüşürdü. Bizi əyləndirir, məzəli söhbətlərlə başımızı qatır, atamızın tutulması ilə əlaqədar dərdimizi unutdurmağa çalışırdı. Gecələr isə Qərsələdə atamızın əmisi oğlu Abdulla kişinin evində, ya da Nüyədidə (Yeniyolda) Əliabbasgildə qalırdı. Onu da deyim ki, Əliabbas Hüseynov və onun qardaşı Mustafa da həmin illərdə “xalq düşməni” kimi tutulmuşdular. Mustafa da atam kimi o gedən getdi. Əliabbası isə buraxdılar.
Həmin illərdə Abdullətif əmimin Bakıda evləri cəmi iki otaqdan ibarət olsa da, kəndimizdən ora yolu düşənlər həmişə əmimgildə qalardılar. Bir dəfə 39-cu ildə həmkəndlimiz İbrahimxəlil Bakıya gedəcəyini bildirdi. Anam əmimgil üçün kənd məhsullarından pay düzəldib bağladı və mənə verdi ki, aparım İbrahimxəlilgilə. Mən də bir məktub yazdım ki, bəs Məcid əmioğlu, sənin üçün yaman darıxmışam. İstəyirəm səni görəm, amma bilmirəm necə gəlim. Məktubu qoydum bağlamanın arasına, apardım verdim. Axşam gördük İbrahimxəlil qapımızı döyür. Mən də anamla birgə qapıya çıxdıq. Anama dedi ki, bacı, bu uşağı da ver aparım Bakıya, gedib gəzib gəlsin. Anam əvvəl razılıq vermək istəmirdi. Sonra razılaşdı.
Sən demə İbrahimxəlil bağlamanı yerbəyer edəndə məktubu görür, alıb oxuyur, ürəyi yumşalır və məni də özü ilə Bakıya aparmaq qərarına gəlir.
Kürdəmirə qədər araba ilə getdik. Ordan o tərəfə qatarla. Məktəbdə yaz tətili başlanmışdı. Bir ay Abdullətif əmimgildə Məcidlə bir otaqda qaldıq. Məcid onların yeganə övladı idi və otağın biri onun ixtiyarındaydı. İstirahət günləri Məcid bütün günü məni şəhərdə gəzdirərdi. Bir neçə dəfə kinoya, konsertə və teatra apardı. Bir dəfə ədəbiyyat muzeyinə də getmişdik.
Məcidgilin evlərinin yerləşdiyi Bəsti Bağırova küçəsi onda Sarayski adlanırdı. Məcid evdə olmayanda küçənin tinində 8 nömrəli tramvaya minib gedirdim. “Beşmərtəbə”nin yanında tramvaydan düşüb, bir qədər piyada gəzdikdən sonra qayıdıb gəlirdim. Evə qayıdanda bu “səyahətim” barədə fəxrlə danışardım. Abdullətif əmim məni tərifləyib deyirdi: “Maşallah, Tofıq balam daha Bakını özü tək gəzib gəlir”. Mən də onun bu tərifindən çox fərəhlənirdim”.

Ürəyi dözmədi

“Məcidin itkin xəbərini eşidəndən düz yeddi il sonra onun sağ olmasına ürəyimdə gizli bir inam qığılcımı yaranmışdı – deyə, Tofiq söhbətinə davam edir. –1949-cu ildə məni NKVD-yə çağırıb Məcid Musayev adında qohumum olması barədə izahat istədilər. Yazıb verdim ki, belə bir qohumumuz olub, amma müharibədə itkin düşəndən sonra onun barəsində heç nə bilmirik.
1960-cı ildə “Bakraboçi”də dərc olunan məqalə mənim gümanımı təsdiq etdi. Sonradan hamı kimi biz də onun səsini “Azadlıq” radiosundan eşitdik.
Г‡oxları onun kim və haralı olduğunu bilmir. Hətta Almaniyada səfərdə ikən evində çörək kəsib onu “Qarsalani” kimi təqdim edən müxbir də. Uzun müddət Bakıda yaşadığı və oradan əsgər getdiyi üçün onu bakılı hesab edirdilər.
1991-ci ildə rayonumuzda keçirilən mitinqdə AXC-nin sədri – Əbülfəz Elçibəy çıxışında dedi ki, Məcid Musazadə 1950-ci ildə Fransada Azərbaycanın üçrəngli bayrağını qaldırıb. Orada iştirak edənlərdən bəlkə də təkcə mən bilirdim ki, söhbət kimdən gedir…
Bir dəfə Azərbaycan radiosunda da onun haqqında verilişə qulaq asdım. Onu bakılı kimi təqdim etdilər. Yenə də bu yaxınlarda radio ilə məlumat verildi ki, Ramiz Abutalıbov xaricdən Məhəmməd Əmin Rəsulzadənin, Ceyhunbəy Hacıbəylinin və Məcid Musazadənin əlyazmalarını gətirərək prezidentə təqdim edib. Onun haqqında, ümumiyyətlə, bir azərbaycanlı ziyalı kimi söhbət gedir. Haralı olduğu xatırlanmır. Buna elə bir ehtiyac da görmürəm. O, həqiqətən, Azərbaycanın oğludur, doğma torpağı və xalqı öz anası kimi sevən bir vətənpərvərdir”.
Məcid Musazadə 1990-cı ildə Türkiyədə keçirilən I Beynəlxalq Böyük Azərbaycan Konqresində iştirak edərkən professor Kamal Talıbzadə və görkəmli dilçi alim Ağamusa Axundovla söhbətlərində bildirmişdi ki, 1991-ci ildə Vətənə gələcək. Г‡ünki onun arzuladığı gün yaxınlaşırdı. Lakin ömür vəfa etmədi. 90-cı il iyul ayının 17-də onun ürəyi qəflətən dayandı.
Vaxtilə əməkdaşı olduğu “Azadlıq” radiosu iyulun 18-də gün ərzində bir neçə dəfə bu barədə məlumat verib. Nemət də bu xəbəri radiodan eşidir və Almaniyadakı qohumları ilə əlaqə saxlayır. Ona bildirirlər ki, bir neçə ölkədən (SSRİ-dən başqa) Məcidin dostları onun dəfnində iştirak edirdilər. Münhendəki müsəlman icması onu müsəlman adətlərinə uyğun dəfn ediblər.
YUNESKO-da çalışan Ramiz Abutalıbovun dediklərindən: “… Bu yaxınlarda Məcid Musazadə Münhendə vəfat etdi. İstedadlı publisist, bacarıqlı alim idi. Azərbaycan haqqında, xüsusilə millətimizin ədəbiyyatı və incəsənəti haqqında dəyərli məqalələr yazırdı. Pak, incə qəlbli insan olduğuna görə, hamı onun xətrini istəyirdi…”.
Rayonumuzda onun xatirəsini əbədiləşdirmək üçün bir vasitə düşünülüb tapılsaydı, öz vətənini canından artıq sevən və onun azadlığı üçün az iş görməyən Məcid Musazadə – Qərsələlinin ruhu şad olardı.
“Cavarışir yurdu”,
1992-ci il, в„–в„– 50-53
ƏZİZİM VƏTƏN YAXŞI   (CÜMHURİYYƏTİN 100 İLLİYİ QARŞISINDA)  (Əvvəli ötən sayımızda)
Məmməd Mirzə

Şərh Yaz