O gün uzaqda deyil

Hələ çox-çox qədimlərdə, ulu Tanrının qəzəbinə tuş gəlib, cənnətdən qovulub, yer üzünə göndərilən iki günahkar bəndə və bir də bu günahkarların iki övladı vardı bu dünyada. Və onlar da bu dünyanın həm şimalının, həm cənubunun, həm şərqinin, həm qərbinin ağası idilər. O gün uzaqda deyil    Ulu Tanrı onları yer üzünə törəyib artmağa, qurub-yaratmağa göndərmişdi. Və bir də yaratdıqlarına ölüm göndərmişdi ulu Yaradan. Təkcə ölüm, ayrılıq. Amma onun qulları – bəndələri ölümün forma və növlərini axtarıb tapdılar: Asmaq, boynunu vurmaq, yandırmaq, işgəncə ilə öldürmək, zəhərləmək, boğmaq, suda batırıb öldürmək, qılıncdan keçirmək, gülləbaran etmək, elektrik stulunda öldürmək, tank altında xurd-xəşil etmək, tikə-tikə doğramaq, bombalamaq, kimyəvi silahlarla öldürmək və s. Ölkələr fəth etmək, başqalarının torpaq və var-dövlətini mənimsəmək, var-dövlət hərisliyi, sonsuz, ah-naləsi ərşə ucalan günahsız insan fəryadları, dağıntılar, qurbanlar. Biz o vaxt bunları böyüklərdən eşidər, kinolarda görər, kitablardan oxuyardıq. Bir ayağı, bir qolu olmayan insanları görəndə müharibəyə və onun səbəbkarlarına lənət oxuyardıq. Məktəbimizdə tez-tez müharibə və əmək veteranları ilə görüşlər keçirilərdi. Sovet İttifaqı Qəhrəmanı Bahiyəddin Mirzəyev, müharibədə olmuş müəllimlərimiz Hacalı Ramazanov, İsmayıl Əliyev, Mirzəbaba Qurbanov, Məhəmməd Heydərov, Əlyar Aslanov, rayon ictimaiyyətindən Hacalı Rüstəmov, Haşım Haşımov, Məhəmməd Qurbanov, Saleh Heydərov və başqaları öz müharibə xatirələrindən, təəssüratlarından söhbət açar, bizə aydın səma, müharibəsiz şən, xoşbəxt və mənalı ömür arzulayardılar. Onların arasında həmişə boynuna qırmızı pioner qalstuku bağlayan bir kişi də var idi. Sonradan bildim ki, onun övladları da elə bizimlə bir məktəbdə oxuyurlar.
Zeynur Müzəffər oğlu Qədimov 1920-ci ildə Kürdüvan kəndində yoxsul kəndli ailəsində anadan olmuşdur. Ailədə üç bacı, iki qardaş olublar. Atası Müzəffər kişi əkinçilik və maldarlıqla məşğul olub. Yaz əkinçi, payız biçinçi olub. Böyük övlad olduğundan atadan sonra evin əsas yükü də onun üzərinə düşüb. Əkin-biçində atasının yanında olub. O da digər kənd uşaqları kimi mal-qoyun dalınca qaçıb. İmkan düşəndə evlərinə odun-oduncaq, təndir şaxı da toplayıb gətirib. Bax, beləcə, başıaçıq, ayaqyalın qışın soyuğunda, yayın istisində bərkiyə-bərkiyə köhnə, nimdaş parçadan tikilmiş məktəbli çantasını bu çiynindən o çiyninə ötürə-ötürə yarı tox, yarı ac kənd uşağı kimi böyüdü. Necə deyərlər, bir gözü dərs kitablarında, bir gözü də çöldə mal-qarada, əkin-biçində oldu. Hələ məktəbli ikən hiss etmişdi ki, yaxşı yaşamağın ən uğurlu yolu oxumaqdan keçir. Ona görə də müəllimlərinin ağzından çıxan hər bir kəlməni yadda saxlamağa çalışar, müəllimlərinin tapşırıqlarına əməl etməkdən zövq alardı. Müəllim olmaq istəyirdi. 1937-ci ildə Şamaxı Pedaqoji Texnikumunu bitirib doğma kəndə qayıdır və 1940-cı ilin yanvarına qədər müəllim işləyir. Az sonra onu Sovet Ordusu sıralarına hərbi xidmətə çağırırlar. Krımdan başlayan hərbi xidməti 1943-cü ilin yanvar ayının sonunda başa çatır.
Hərbi xidmətinin ilk illərini Krımda, Dunay çayı sahillərində, Ukraynada başlayan Zeynur Qədimov burada keçirilən ciddi hərbi təlimlərdə iştirak edir və o dövrün ən məşhur silahlarından sayılan “Maksim” pulemyotundan dəqiq atəş açmağın sirlərinə yiyələnir.
1941-ci ilin iyun ayı idi. Bütün Avropanı od-alov, qanlı müharibə caynağına almışdı. Hitler Almaniyasının qoşunları Polşa və Г‡exoslovakiyanı zəbt etmiş və öz qoşunlarını Sovet İttifaqının sərhədləri yaxınlığında cəmləmişdi.
O müdhiş ilin iyun ayının 21-dən 22-nə keçən gecə saat 4 tamamda Alman qoşunları müharibə elan etmədən SSRİ-yə hücum etdilər. Almanlar o dövrün ən müasir tankları, artileriyası və təyyarələri ilə silahlanmışdılar. Onlar ildırım sürətli müharibə ilə Sovet İttifaqını təslim etmək istəyirdilər. Lakin sovet xalqı və onun ordusu almanların arzusunu ürəyində qoydu. Onda 21 yaşlı həmyerlimiz Zeynur müharibənin ən qaynar nöqtəsində – Ukraynada idi. Odessa şəhəri uğrunda ölüm-dirim savaşı gedirdi. Qəfləti hücumdan çaş-baş qalan Sovet ordusu döyüşə-döyüşə geri çəkilirdi. Belə döyüşlərdən birində Zeynur Qədimov başından yaralandı. On beş gün səhra xəstəxanasında müalicə olundu. Yarası tezliklə sağalan Zeynur Qədimov yenidən döyüş meydanına atıldı.
Tixkin şəhəri yaxınlığında gedən qanlı-qadalı, partlayan mərmilərin gurultuları, şaqqıldayan pulemyot və minamiyotların güllələri altında xoş bir təsadüf, unudulmaz görüş oldu. Rayonumuzun Mücü kəndindən olan döyüşçü Əliyar Aslanovla görüşdü. İki həmyerli düşmənə qarşı qəhrəmancasına döyüşdülər.
İlk vaxtlarda sovet qoşunlarının çaşqınlığından istifadə edən alman faşist ordusu ölkənin içlərinə soxulurdu. Ağır döyüşlərdən birində Zeynur bu dəfə sol qolundan yaralandı. Həkimlərin səyi nəticəsində gənc döyüşçü sağalıb yenidən döyüşə qatıldı. Alman ordusu gözləmədiyi məğlubiyyətin başlanğıcına düşmüşdü. 1942-ci ilin dekabrında Sovet Ordusu böyük itkilər hesabına almanları Stalinqrad cəbhəsində geri oturtmağa, alman əsgər və zabitlərini əsir almağa nail oldular. Belə vaxtda cəbhəyə qayıdan Zeynur Qədimov 25-ci qvardiyaçı atıcı diviziyasının 110-cu alayının tərkibində döyüşürdü. 1942-ci ilin avqust ayının 22-də özünün şəxsi silahı ilə almanların “Misserşmidt-110” təyyarəsini vurub yandırdı. Bu, onun vurduğu ikinci alman təyyarəsi idi. O, Stalinqrad cəbhəsindəki qanlı döyüşlərdən birində sağ qıçından ağır yaralandı. Kazan şəhərindəki qospitallardan birində müalicə olunub yenidən cəbhəyə döndü.
Bu dəfə Zeynur Qədimov Leninqrad cəbhəsinə göndərildi. Orada 102 nömrəli xüsusi atıcı briqadasının tərkibində Neva çayının sağ sahilində düşmənlə üz-üzə dayandı. Sol sahildə almanlar dayanmışdılar. Almanlar bu şəhəri 900 gün mühasirədə saxlamışdılar. Şəhərə ərzaq gətirmək, şəhərdən çıxmaq qeyri-mümkün idi. Əhali, körpə və yaşlılar acından və soyuqdan ölsələr də şəhər almanlara təslim olmamışdı. Bax, belə bir ərəfədə Zeynur Qədimov Leninqrad uğrunda döyüşlərin iştirkaçısı olur. O illəri yaşamış adamların dediyinə görə 1942-1943-cü illərin qışı görünməmiş dərəcədə şaxtalı keçmişdi. Şəhərin əhalisi də aclıq və soyuqdan, elə düşmən cəbhənin əsgərləri arasında da don vurmadan ölənlər var idi.
Uzun müddət müdafiədə dayanmaq əsgərlərin də səsini azaltmışdı. Nəhayət, gözlənilən an gəlib çatdı. 1943-cü il yanvar ayının 12-də güclü artileriya atəşindən sonra hissə Neva çayını keçərək düşmənin ön hücum xəttini yardı. Bölüm komandiri Qlognikov həlak oldu. Zeynur Qədimov onun müavini olduğu üçün hissəyə rəhbərlik də onun üzərinə düşürdü. Bu döyüşlərdə Zeynur qumbara bağlaması ilə düşmənin iki atəş nöqtəsini dağıtdı.
1943-cü il yanvar ayının 27-də gedən qızğın döyüşlərdən birində həmyerlimiz sinəsindən ağır yaralandı. Onu Sverdlovsk şəhərindəki 414 nömrəli qospitala göndərirlər. Uzun müalicədən sonra 1943-cü ilin sonunda onu ordudan tərxis edirlər.
Zeynur Qədimov döyüşlərdə göstərdiyi igidliyə görə iki “Şöhrət” ordeni və doqquz müxtəlif medallarla, Fəxri fərmanlarla təltif olunub. Zeynur Qədimov mükafatlarını –“ yəni, orden və medallarını sinəsinə düzəndə sinəsi görünməz olardı. Müharibədən gələndən sonar üç il müxtəlif işlərdə çalışdı. Evlərinə, qardaş və bacılarına həyan olmağa çalışdı.
1946-cı ildə evlənir. On bir uşaq –“ 9 oğul, 2 qız atası olur.
1950-ci ildə Azərbaycan Politexnik İnstitutunun tikinti-inşaat fakültəsinə daxil olur. 1955-ci ildə oranı inşaatçı-mühəndis kimi bitirir. 1957-ci ildə Kürdəmir Tikinti Trestində aparıcı mühəndis işləyir. Onun layihəsi əsasında Ağsuda Cavanşir su hövzəsi inşa edilir. Yuxarı Şirvan su kanalının tikintisinə rəhbərlik edir.
1960-1963-cü illərdə rayonumuzda Kolxozlararası Tikinti İdarəsini yaradır və üç il bu birliyə rəhbərlik edir. Ovaxtkı yerli rəhbərlərlə yola getmədiyindən işdən çıxıb yenidən Kürdəmirə dönür.
1968-ci ildə yenidən rayona qayıdır. O, bu dəfə rayonumuzun şimaldan keçən Bakı-Laqodexi avtomobil yolunun bünövrəsini qoyur və burada Yol Tikinti İstismarı İdarəsini yaradır. Bu yol ötən əsrin 80-ci illərində istismara verilib. Bu illər ərzində bu yolla minlərlə insan və avtomobil gedib, gəlib. Ancaq bu yolu tikənlərin kim olduğunu heç kəs ağlına belə gətirməyib.
Zeynur Qədimovu dinc quruculuq illərində öz döyüşçü dostları ilə tez-tez məktəblilərin və gənclərin görüşlərində, hərbi xidmətə gedənləri yola salanların arasında görmək olardı.
1973-cü ildən ta ömrünün sonunadək Rayon Aqrar Sənaye Birliyində kənd təsərrüfatı tikinti şöbəsinin müdiri kimi fəaliyyət göstərmişdir.
Haqsızlığa, riaykarlığa, xəyanətə qarşı barışmaz idi. Sözünü deməkdən çəkinmirdi. 18 oktyabr 1998-ci ildə 78 yaşında vəfat edib. Vəsiyyətinə görə doğma Kürdüvan kənd qəbristanlığında dəfn olunub.
Bu günlərdə şad bir xəbər hamını sevindirdi. Leninqrad şəhərinin mühasirədən çıxmasında göstərdiyi şəxsi igidlik və qəhrəmalığa görə ölümündən sonra Zeynur Qədimova I dərəcəli “Şöhrət” ordeni verilmişdir. İndi o, bu ordenin hər üç dərəcəsi ilə təltif olunan 15 nəfər Azərbaycan əsgərlərindən biridir. 9 May – Qələbə Gününü, alman faşizmi üzərində qələbənin 73-cü ilini yola saldıq. Keçmiş cəbhəçilər bu günü böyük sevinclə qarşılayardılar.
Bu gün torpaqlarımızda müharibə gedir. Xalqımız da, Ordumuz da qələbə sorağındadır. İnanırıq ki, Ali Baş Komandanımızın rəhbərliyi altında Qələbə bayramını Dağlıq Qarabağda, bizimçün qəribsəmiş, gözü yolda qalan yurd yerlərimizdə qeyd edəcəyik! O gün uzaqda deyil!
O gün uzaqda deyil
Xalıq Xalıqov

Şərh Yaz