Poeziya işığında

Gözəl bir yaz günündə təmiz və səliqəli geyinmiş, əllərində gül-çiçək dəstə-dəstə şagirdlər İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi Laləzar Babayevanın rəhbərliyi ilə təşkil olunan “İsmayıllı qələm sahibləri” adlı poeziya gecəsinə tələsirdilər. Bayramsayağı bəzədilmiş zalda mötəbər qonaqlar, yazarlar da öz yerlərini tutmuşdular. Poeziya işığında
Poeziya işığında
Poeziya işığında
Poeziya işığında    Səhnədə görünən aparıcılar tədbir iştirakçılarılarını salamladıqdan sonra xalqımızın poeziyaya vurğun təbiətindən ürək dolusu söhbət açdılar.
Ən gözəl, ən təmiz duyğudur şeir,
Şairin yazdığı hər söz, hər sətir.
Gərək ürəyinin bir teli olsun,
Yaşamaq yanmaqdan irəli olsun.
Filosof şairimiz Bəxtiyar Vahabzadənin bu misraları həm şairi, həm də şeiri gözəl səciyyələndirir.
Bəli, bu doğrudur ki, xalqımızın milli-bədii təfəkkür formalarından olan poeziya həmişə sevilmiş, onun ruhunu, mənəviyyatını yaşadan sehrli, ecazkar bir xəzinə kimi nəsildən-nəsilə ötürülmüş, insanları estetik kamilliyə səsləmiş, onlara həyat eşqi, nikbin ruh və tükənməz enerji vermişdir.
Heç də təsadüfi deyildir ki, Azərbaycan xalqını “Şair xalq”adlandırırlar. Г‡ünki bu xalqın hər bir nümayəndəsinin ürəyi istedadlı bir şair, mahir bir bəstəçidir. O, dünyada bənzərsiz nəğmələr yazır, təkrarolunmaz mahnılar bəstələyir.
Lakin hamı heç də onu istədiyi şəkildə oxuya bilmir, sevdirməyi bacarmır. Xoşbəxt o kəsdir ki, öz ürək sözlərini başqalarının sevimlisi edir, minlərin, milyonların ürəyinə yol tapır. Axı min illərdir
ki, dünyanın cikini-bikini görüb yazanların, dahilərin, ”Söz allahları”nın qarşısında nəsə deməyə çalışmaq necə də çətindir.
Novruz Gəncəlinin mənalı misraları həmin söz xiridarlarını belə səciyyələndirir:
Şair ədəbdən ülvi,
Xilqətinə yox əvəz,
Peyğəmbərlərdən sonra, bil,
Odur müdrik, müqəddəs!
Qədim və zəngin ənənələrə, özünəməxsus məziyyətlərə malik Azərbaycan ədəbiyyatı dərin bir ümmana bənzəyir. Bu ümmanın zaman-zaman şöhrətini yaşadan, şöhrətləndirən azmanlarla bir sırada onun varisliyini qoruyub saxlamağa çalışan çığırdaşlar bölgələrdə yazıb-yaradanlar da var.
Bu mənada təbii gözəlliyi, şanlı tarixi ilə əsrlərə səs salan İsmayıllı da öz saz, söz ustadları ilə də ədəbiyyatımızı, poeziyamızı şöhrətləndirən töhfələrini vermişlər.
Fəxredici və qürurverici hal odur ki, bu peyğəmbər misallı, Azərbaycan poeziyasına nadir incilər bəxş edən söz xiridarlarının xeyli hissəsi bizimlə çiyin-çiyinə yaşayır və yaradır.
Babadağın Məlhəm mehindən, Girdimanın, Göyçay çayının zümzüməsindən qidalanan, ilhamının mayası saflıqdan, təmizlikdən bəhrələnən, hansı müdrikinsə “Balaca dünyanın böyük insanları” adlandırdığı şairlərin yurdunu yaddaqalan, təkrarolunmaz gözəlliyi olan, hər daşının altında bir tarix, dastan yatan bu torpağın elə özünə layiq şair qəlbli, bu gözəlliyi ürəkdən tərənnüm etməyə qadir övladlarını da Şahməmməd Dağlaroğlu belə vəsf edir:
Arxalıdır sıra dağlar,
Bir üzü gül, bir üzü qar.
Bir şairə, bir şair var,
Hər ananın qucağında,
İsmayıllı torpağında.
Bundan sonra uşaqların ifasında elə bu yurdun söz ustası Pünhan İsmayıllının sözlərinə yazılmış “Ay İsmayıllı” mahnısı səsləndi. Monitorda bu yurd haqqında maraqlı səhnələr canlandırıldı.
Elə bu məqamda bu torpaqda bir müqəddəslik zirvəsində qərar tutan, Azərbaycan poeziyasının Palıdlarından olan, Göyçayın zümzüməsi ilə yuxuya gedən, sinəsi məxmər meşəli Canalı dağına söykənən, soyuqbulağdan sərin su içən Buynuzdan ana torpağa, ana təbiətə, ana vətənə bənzərsiz nəğmələr söyləyən, İsmayıllı yazarlarının qürurla ”Biz hamımız onun leyləklərin çöp yuvasından pərvazlanmışıq” deyən Musa Yaqubu yada salmamaq olmaz. Üzrlü səbəbədən məclisdə iştirak etmədiyinə görə, şairin yaradıcılığının ən vacib məqamları haqqında Rayon Təhsil Şöbəsinin metodisti, ”İsmayıllı Yazarları” ədəbi ictimai birliyinin üzvi Rəna Mirzəliyeva danışdı. Şagirdlər şairin yaradıcılığından maraqlı nümunələr təqdim etdilər.
Monitorda məclisin ən istedadlı, ən hörmətli iştirakçılarından olan Musa Yaqub demişkən: Dünyanın yaxşı adamlarına, mələklərinə şükür deyə-deyə, iblisini tanıya-tanıya, bir az razı, gah fərəhli, gah gileyli günlərini yaşayan, bu hissləri şeirə çevirən, gələcək ömrünə şeir körpüsü salan AYB-nin və AJB-nin üzvi Şahməmməd Dağlaroğlu haqqında məlumat görünür. Yaradıcılığından nümunələr səsləndikdən sonra söz şairə verilir, şagirdlər tərəfindən ona suallar ünvanlanır.
Əbədi yaşamaq istəyən insan,
Gərək öz canından sözə verə can.
Qılınc tutanlardan sür-sümük qalıb,
Qələm tutanlardan “Xəmsə”, ”Gülüstan”
Monitorda görünən dərin mənalı bu bəndin müəllifi ədəbiyyatımıza özünəməxsus töhfəsi olan bütün mənalı ömrünü gənc nəslin tərbiyəsinə, şərəfli müəllim peşəsinə həsr etmiş istedadlı şair, mənəviyyatca zəngin, geniş dünyagörüşə malik insan, vətən torpağının bir parçasını böyük vətənpərvərliklə özünə təxəllüs götürən Oktay İsmayıllıdır. Şairin yaradıcılığından bəzi məqamlar şagirdlər tərəfindən vərəqləndi. Ürək sözləri dinlənildi.
Monitordakı növbəti maraqlı məlumat “Dağ çiçəkləri” ədəbi məclisinin rəhbəri 1969-cu ildən məhsuldar şair ömrü yaşayan Nazir Ziya Talıstanlıya ünvanlandı. Şairin yaradıcılığı vərəqləndi. Şair çıxışında gənc yazarlara tövsiyələrini çatdırdı.
Pedaqoji fəaliyyəti dövründə “Əmək şöhrəti” ordeni ilə təltif olunmuş, şeirləri mütəmadi olaraq dövrü mətbuatda dərc edilmiş, respublika radiosunda səsləndirilmiş, ”Mənim payız kədərim” adlı kitabı oxucular tərəfindən rəğbətlə qarşılanmış, ”Dağ çiçəkləri”ədəbi məclisinin ən fəal üzvlərindən olan Murad Məhərrəmovun yaradıcılığına səyahət edən şagirdlər bir neçə şeirini əzbər söylədilər.
Daha sonra “Səndən artıq bir sevdiyim bəndə yox”, ”Ziya ocağı”, kitablarının müəllifi, ”Uğur yolları”, ”Eldən gedən oğul” kitablarının həmmüəllifi, dilimiz və ədəbiyyatımız haqqında müxtəlif kitabların tərtibatçısı, ”Qabaqcıl təhsil işçisi” döş nişanına layiq görülən “Qızıl qələm” media mükafatı laureatı, “Dağ çiçəkləri “ ədəbi məclisinin üzvü Hacıməmməd Məmmədovun da yaradıcılığından ürək dolusu söhbət açdılar. Şagirdlər şeirlərindən nümunələr söylədilər.
Daha sonra şagirdlər növbəti yazarı təqdim etdilər və hətta “qınadılar” da:
Araz qanlı göz yaşımdır,
Azərbaycan yaddaşımdır.
Həsrət ömür sirdaşımdır,
Hardadır bu tale yazan?
Oxucularla ilk görüşə elə “İlk görüş” kitabı ilə gələn, bu misraları da epiqraf seçən taleyindən şikayətlənən Xalıq Yusifoğluna (Xalıqova) Tanrı xoşbəxt bir tale bəxş edib, şairlik nəsib edib. Ürək sözlərini çatdırmağa, yüksək insani keyfiyyətlərə, gözəlliyə, halallığa vurğunluğu, doğma Azərbaycanın nurlu gələcəyinə inamı, vətənə, torpağa, xalqa, təbiətə ürəkdən bağlılığı, saf qəlbli balacalara hörmət, məhəbbət və qayğını ifadə etməyə, nadan və cahillərin, naqislərin qamçılanmasına imkan verən “Qızıl” qələm verib əlinə. Bundan sonra taledən şikayətlənməyə dəyərmi?! Bunu özündən soruşaraq, sözü şairə verdilər.
Aparıcı sözünə davam edir:
Məclisin daha bir xanım şairi olan “Qəmkar” təxəllüslü Xatın Məmmədova İsmayıllı rayonunun Vaşa kəndində anadan olub. Onun yaradıcılığı doğma yurdun saf havası, təmiz suyu üzərində köklənib. Şeirlər kitabı “Gözlərim dan yerində” adlanır. Bu əsərlər onun həsas qəlbindən, insanlara yönəlmiş saflıq və halallıq duyğularından qidalanmışdır. Söz sahibləri onun sevincini, fərəhini, təəccüb və təəssüfünü oxuculara çatdırma qabliyyətinə görə əsl istedad kimi qiymətləndirirlər. Sonra şagirdlər tərəfindən şairə suallar verildi, o da böyük məmuniyyətlə cavablandırdı. Şairənin yaradıcılığından şeir nümunələri söylənildi.
Duyğusal qələm sahibi Nazilə Səfərovanın da çıxışı, maraqlı şeirləri iştirakçılar tərəfindən hərarətlə qarşılandı.
Tədbirdə “Sözlü dünyam” kitabının müəllifi Mehriban İbrahimova da məclisin qonağı idi. Şagirdlər xanım şairi bir başqa səpgidə təqdim etdilər, yaradıcılığından şeir nümunələri söylədilər.
Tədbirdə həm yazarları, həm də məktəb kollektivini sevindirən “Beytüş-səfa” davamçıları” ədəbi məclisinin rəhbəri, professor Seyfəddin Qəniyevin və məclisin üzvü Füzuli Soltanın da iştirakı oldu. Seyfəddin müəllim gözəl bir gün yaşatdıqlarına görə şagirdlərə təşəkkür etməklə bərabər, Şirvan ədəbi məktəbinin unkallığından ürək dolusu söhbət açdı. Füzuli Soltan isə yaradıcılığından nümunələr söylədi.
Sonda məktəbin direktoru Gündüz Qədirov gələn qonaqlara təşəkkürünü bildirdi və belə maraqlı görüşlərin tez-tez keçiriləcəyini söylədi.
Tədbir ”Yaşa Azərbaycan” mahnısının sədaları altında sona çatdı.
Rəna Mirzəliyeva,
İsmayıllı Rayon Təhsil Şöbəsinin metodisti

Şərh Yaz