Əl işdən soyumur, ürək arzudan

İlk tanışlığımızdan əlli ildən çox vaxt ötüb. Yarım əsr bir igidin ömrüdür. Özü də qayğılı, sevincli, enişli, yoxuşlu çox sınaqlardan uğurla çıxmış kişi ömrü! Əl işdən soyumur, ürək arzudan     Sədaqətli ər, etibarlı dost, cəfakeş və prinsipial ata, özünün və sözünün yiyəsi! Hər kəsi öz donunda görə bilən, yaxşıya yaxşı, pisə pis kimi baxmağı, çəkinmədən ürəyindəkini deməyi bacaran insan! Keçmişini, kökünü, soyunu, kim olduğunu, haradan gəldiyini unutmayan, haqsızlığa göylərimiz kimi hayqıran, çaylarımız kimi coşan, dağlarımız qədər əzəmətli, çəmənlərimiz qədər çiçək ətirli bir dost! Zirvələrə doğru inamla getdiyi və o zirvələrdə olduğu illərdə və indinin özündə də ömrünün müdrikləşən, ahıllaşan çağında da dostluğuna sadiq və səmimi insan! Onun bu keyfiyyətlərindən nə tutduğu vəzifələr, nə pul, nə şöhrət ayıra bilmədi. Bizim dağların büllur və şəffaf suları kimi saf qaldı, bir çoxları kimi şan-şöhrətə, pula, vəzifəyə satılıb dostlara yuxarıdan aşağı baxmadı, dəyişmədi.
XX əsrin altmışıncı illərinin ortaları idi. Daha doğrusu 1967-ci il idi. Doqquzuncu sinifdə oxuyurduq. Hər il olduğu kimi ətraf kəndlərdən, xüsusən rayonumuzun dağ kəndlərindən şəhər məktəbində oxumaq üçün uşaqlar gələrdilər. Buynuz, Topçu, Qurbanəfəndi, Xənəyə, Cülyan, Talıstan, Müdri, Qalınçaq kəndlərində orta məktəb yox idi. İndiki şəhər 1 nömrəli tam orta məktəbinin həyətində uyğunlaşdırılmış internat tipli binada qalan uşaqlar həm də yaxşı oxuyurdular. Yaxın kəndlərdən olan uşaqlar, məsələn, Cülyan, Xənəyə və Talıstandan olan uşaqlar dərsdən sonra evlərinə gedirdilər. Qalan uşaqlar isə həftədə bir dəfə kəndlərinə gedə bilirdilər. Orta məktəbi bitirəndən sonra bu uşaqlardan çoxu ali məktəblərə qəbul oldular. Müdridən Məhəmməd Atayev BDU-nu, Talıstandan İmran Hacıyev, Cülyandan Rafiq Orucov, Qurbanəfəndidən Rəhim Qəribov, Topçudan Xanlar Vəliyev, Qalınçaqdan Rafayıl Məlikov, Feyruz Məlikov isə Azərbaycan Pedaqoji Universitetini bitirdilər. Amma bu uşaqların arasında bir oğlan da var idi. Qırmızıyanaq, utancaq, həm də bir az uşaqlardan qaçan…
Rayonun Yuxarıbaş deyilən ərazisində qardaşıgildə qalırdı. Dərslərə vaxtında gələr, məktəbdən çıxan kimi də düz evə gedərdi. Təmizkar, səliqəli, həm də hər şeyə qarşı diqqətli və ehtiyyatlı idi. Heç vaxt ehtiyyatını əldən verməzdi. Г‡ox da uşaqlara qoşulub oynamazdı. Hamını uzaqdan seyr edər, arada bir də xəlvəti gülümsəyərdi. Bax, beləcə bir il ötdü. Necə deyərlər, bir buğda da böyüdük. Onuncu sinifdə oxuyurduq. Artıq bir il ərzində bir-birimizi yaxından tanıyırdıq. Evlərinə yaxın “Armudluq” deyilən yerdə uşaqlarla köməkləşib bir yerin kol-kosunu təmizləyib özümüzə futbol meydançası düzəltmişdik. Hər gün dərsdən sonra, daha doğrusu dərslərimizi öyrənəndən sonra topumuzu da götürüb gedib orada futbol oyanayardıq. O da arada-bir gəlib bizə qoşulub oyanayar və bir də görərdik ki, “aradan” çıxıb. Sonralar öyrəndim ki, onun böyük qardaşı Həsən müəllim Qalınçaq məktəbində fransız dili müəllimi işləyir. O da qardaşının işdən gəldiyini görən kimi qaçıb evə gedirdi.
Bayaqdan haqqında danışdığım insanı İsmayıllıda demək olar ki, hamı tanıyır. Bir vaxtlar bizim, indi isə çoxlarının tanıyıb hörmət etdiyi insan Əlaləm Baba oğlu Babayevdir. 1951-ci ildə Küpüc dağının arxasına sığınan, gözəlliklər qoynunda baharını, qışını yaşayan Cülyan kəndində sadə və zəhmətkeş, torpağa, elə, obaya, yurda sədaqətli kəndli ailəsində anadan olub. Atası Baba dayı İkinci Dünya müharibəsinin iştirakçısı olub. 1945-ci ildə müharibə başa çatanda o da başqaları kimi doğma elə, obaya, ocağa dönür. Müharibənin gətirdiyi bəlaları, dağıntı və iztirabları dəf etmək, insanların itməkdə olan ümidlərini yaşatmaq, yaşlı gözlərin nəmini qurutmaq, arxasız və köməksizlərə yiyə durmaq, onlara kömək olmaq ər kişilərin işi idi. Baba dayı və onun kimi yurdlarına sağ-salamat qayıdanlar bu dağlara özləri ilə bərabər nur, bərəkət, sevinc və səadət, yeni ruh gətirdilər. Eni, uzunu heç bir-iki kilometr olmayan bu dağ kəndində yenə əvvəlki kimi həyat qaynamağa başladı. Torpağa, əməyə bağlı olan bu insanlar həm də xoşbəxtliyin yolunu elmdə, təhsildə tapdılar. İndi balaca dağ kəndinin ziyalılarının sorağı, onların hünəri respublikanın demək olar ki, hər yerində hiss olunur. Bu kəndin Əməkdar müəllimləri, Sosialist Əməyi Qəhrəmanları, tanınmış həkimləri, inşaatçı və kənd təsərrüfatı mütəxəssisləri var.
Əməkdar müəllimlər Hacıalı Ramazanov, onun qızı Cəmilə Ramazanova, oğlu görkəmli cərrah Məhəmməd Ramazanov, tarix müəllimi Əlibala Mirzəyevin oğlu, rayonumuzun ilk yerli cərrahı Əkrəm Mirzəyev, uşaq şairi Tofiq Mirzə, uzun illər Cülyan məktəbinə uğurla rəhbərlik etmiş və yeni nəsil ziyalılarının yetişməsində əvəzsiz və danılmaz zəhməti, mənimçün unudulmaz ağsaqqal, ziyalı olan Hacıbaba Orucov, onun övladları Rafiq və Rasim Orucov qardaşları, uzun illər RTŞ-də metod kabinet müdiri işləmiş Cavad Səfərov, sadə zəhmət adamı Sumqayıt şəhərinin bünövrəsini qoyanlardan biri olmuş Sosialist Əməyi Qəhrəmanı Aslan Osmanov və başqaları bu balaca kəndin yetirmələridir.
Əlaləm isə bu kəndin ilk ali təhsilli mühəndislərindən biri oldu. Azərbaycan Politexnik İnstitutunu bitirdikdən sonra bir müddət rayonda işlədi. Sonra eşitdim ki, o, hərbi işə keçib. Əvvəlki illərdə indiki Ağdərə və Xocavənd rayonlarında Hərbi komissarlıqda işlədi. Sonra isə onu uzaq Şərqə, Xabarovsk vilayətinin Ulçi rayonuna göndərdilər. Üç il burada işləyəndən sonra Əlaləm Babayev doğma Azərbaycana qayıdır və Ucar rayon Hərbi komissarı vəzifəsinə təyin edilir. Ötən əsrin doxsanıncı illərinin əvvəllərində respublikada baş verən qanlı-qadalı hadisələr zamanı onu qonşu Göyçay rayonuna Hərbi komissar göndərirlər. Bu çətin və qalmaqallı zamanda bir yandan daxili çəkişmələr, bir yandan da Qarabağ hadisələri sərbəst işləmək, düzgün qərarlar çıxarıb hadisələri məharətlə, sakitcə qabaqlamaq ondan böyük iradə, səbir və enerji tələb edirdi. Ə.Babayev bütün bu çətinliklərə, yuxusuz gecələrə, gərgin iş rejiminə, rayonda sakitliyə və sabitliyə öz canı və sağlamlığı bahasına qalib gəldi. Hamını, hər şeyi səbir və təmkinlə, ədalətlə yoluna qoya bildi. Bundan sonra o, bir müddət Xəzər Hərbi Dəniz Qüvvələrində işlədi.
Arxasıza dayaq olan, ehtiyacı olana əl tutan, etdiyi yaxşılıqları özünün vəzifə borcu hesab edən Əlaləm Babayevi bu dəfə Qəbələ rayonuna Hərbi komissar vəzifəsinə göndərirlər. Az sonra onun sorağı qədim Şəkidən, Г‡ələbi xan yurdundan gəlir. Burada da rayonun ictimai həyatındakı fəallığı, müharibə və əmək veteranlarına, Qarabağ müharibəsi iştirakçıları ilə səmimiyyət, şəhid ailələrinə diqqət və qayğı, gənclərlə, valideyn və ağsaqqallarla işgüzar söhbət və görüşlər onu şəkililərin sevimlisi etmişdi. Şəkililərdən onun barəsində soruşanda öz ləhcələri ilə gülə-gülə deyirdilər:
– Ha bizim komissarı deyirsuz? O, ismayıllı deyil ki, şəkilidir, bizim ellidir, əla oğlandır! Biz ona düz Əli deyirux.
Şəkidən sonra Ə.Babayev Gəncə, Ağsu şəhərlərində Hərbi komissar işləyir.
Sonuncu dayanacaqdan, Ağsudan 2002-ci ilin iyun ayında təqaüdə çıxır.
İstedadlı şair Oqtay İsmayıllının “Müqəddəs söz günü” kitabında belə bir ifadə var, şair özü-özündən soruşur:
– İnsan nə vaxt unudulur? Sonra özü də cavab verir:
– Təqaüdə çıxandan sonra.
Oqtay müəllim düz deyir. Qırx il, əlli il bir kollektivdə işləyib əziyyət çəkirsən. Hamının xeyrinə, şərinə yarıyırsan, kollektivin şərəfini qoruyursan. Təqaüdə çıxandan sonra isə səni elə unudurlar, sanki sən heç bu kollektivdə işləməmisən. Get-gedə yadlaşıb unudulur, bir də dünyadan köçəndə yada düşürsən…
Əlaləm Babayev kimi Vətən üçün, el üçün, xalq üçün, dost üçün yaşayanlar isə heç vaxt unudulmur, yaddan çıxmır.
Bu gün ölkəmizin ərazisində elan olunmamış müharibə gedir. Torpaqlarımızın iyirmi faizindən çoxunu mənfur ermənilər zəbt ediblər. Г‡oxlu sayda itkilərimiz var. Vətən uğrunda döyüşlərdə şəhid olan, sağlamlığını itirən, amma bununla belə hər an döyüşüb Vətəni azad etməyə hazır olan, Ali Baş Komandanın əmrini gözləyən Koroğlu biləkli, Babək ürəkli, qeyrətli oğullarımız var. Ancaq təəssüf ki, onların çoxunu yaxınlarından başqa kimsə tanımır. Vətənə məhəbbət, yurd sevgisi insanda körpə yaşlarından, məktəb çağlarından başlayır, burada formalaşır. Biz orta məktəbdə oxuyarkən məktəbimizdə İkinci Dünya müharibəsinin iştirakçıları ilə tez-tez görüşlər keçirilərdi. Odun, alovun içindən çıxıb gəlmiş o əmilər bizə müharibə haqqında öz xatirələrini, qarşılaşdıqları, yaşadıqları o qanlı-qadalı illərdən danışırdılar. Bizi dərslərimizi əla qiymətlərlə oxumağa, Vətənə sədaqətli və gərəkli olmağmızı tövsiyə edərdilər. Uzun müddət onların xatirələrini yad edər, müəllimlərimizin tapşırıqlarına düzgün əməl etməyə, çoxlu kitablar oxumağa səy göstərərdik. Bu ruhlu tədbirlər dünya görüşümüzün formalaşmasına müsbət təsir edərdi. Belə görüşlərin aktuallığı və vacibliyini nəzərə alaraq məktəblərimizdə Əlaləm Babayev, Fəda Ağayev, bu gün sinəsində “Azərbaycan bayrağı” ordenini şərəflə daşıyan və buna haqları olan Taleh Nəcəfovla, Eynulla Bağırovla və digər Qarabağ döyüşlərinin iştirakçıları ilə məktəblilərimizin, gənclərimizin görüşlərinin keçirilməsi adət halını almalıdır.
Baxın, balaca bir dağ kəndində böyüyüb boya-başa çatan Əlaləm Babayevin indi nə qədər davamçıları var. Heç vaxt hərbi işə maraq göstərməyən balaca bir dağ kəndinin indi onlarca oğlu Azərbaycan Milli Ordusunda zabit kimi fəaliyyət göstərirlər. Əlaləm Babayevlə başlayan bu hərbi estafet daha da genişlənir. Bu gün onun yeddi nəfər əzizi –“ bacısı oğulları Natiq Bağırov HDQ komandanının müavinidir. Bəhruz Bağırov Astarada baş miçmandır. Bacısı nəvələri Vüsal Nağıyev və Əli Bağırov da hərbidə işləyirlər. Qardaşı oğlu Vaqif Salehov polkovnik, hərbi hissə komandiridir. Qaynının oğlu Tural Ramazanov isə onun məsləhəti ilə Türkiyədə 9 il hərbi təhsil almış, hal-hazırda cəbhə bölgəsində xidmət rəisinin müavinidir. Qardaşı Elşadın oğlu Elşən Babayev ailənin tək oğlu olsa da əmisinin təşəbbüsü ilə ali hərbi məktəbi bitirmiş və hal-hazırda cəbhə bölgəsində leytenant rütbəsindədir. Vətənə xidmət edir. İndi Milli Ordumuzun sıralarında, müxtəlif ünvanlarda Əlaləm Babayevin ardıcılları var. Ordumuz bu ardıcıllarla daha da güclənir, formalaşır, gəncləşir.
Əlaləm Babayev həm də qayğıkeş atadır. Üç övladı var. Baba və İfadə həkimdirlər. Xəyyam isə Dövlət Təhlükəsizlik orqanlarında çalışır.
Özünə və ətrafına qarşı tələbkar olan bu insan boş vaxtlarını mütaliəyə həsr edir. Oxumaqdan doymayan dostum 1978-ci ildə Bakı Ali Ümumqoşun Komandirləri Məktəbini, 1997-ci ildə isə BDU-nin hüquq fakültəsini də bitirmişdir.
Təqaüdə çıxsa da daim işləmək, çalışmaq, bilik və təcrübəsini bölüşməyə çalışan dostumun qəlbi hələ cavandır. Necə deyərlər, əl işdən soyumur, ürək arzudan. Elə bu işgüzarlığını nəzərə alan rayon rəhbərliyinin təşəbbüsü ilə o, 13 iyul 2016-cı ildə Müharibə Əmək və Silahlı Qüvvələri Veteranları təşkilatı rayon şurasının sədri seçilib. Geniş ictimai iş aparır.
Bax beləcə! İsmayıllının dağ kəndində dünyaya göz açmış, dağlar qoynunda fitnə-fəsaddan, hər cür riya və natəmizlikdən uzaq bir yurdda böyüyüb ərsəyə gələn Əlaləm Babayev təmiz, maraqlı, işgüzar, tutduğu vəzifələrə layiq, xalqına, elinə, obasına, dövlətinə və dövlətçiliyinə sadiq vüqarlı və mübariz oğul
ömrü yaşayır. Alnı aşıq, üzü ağ! Uşaq yaşlarında evdə onu Abdul deyə çağırardılar. Məktəbdə oxuyanda Əlaləm idi. İşləyəndə isə ona sadəcə, Əli müəllim, – deyə müraciət edirdilər.
Üç adın üçünü də şərəflə doğruldan, indi ömrünün müdrik çağlarını yaşayan uşaqlıq, gənclik və ahıllıq dostum Abdula, Əlaləmə, Əli müəllimə can sağlığı, nəvəli, nəticəli, kötücəli, şad-xürrəm, uzun ömür və can sağlığı arzu edirəm!
Bu il 9 May – Qələbə bayramının 73-cü il dönümünü bərabər qeyd etdik. Arzu edirəm ki, tezliklə Qarabağı azad edək və Əlaləm Babayevi bu münasibətlə də təbrik edək.
Xalıq Xalıqov,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Qızıl Qələm” media mükafatı laureatı

Şərh Yaz