Azərbaycanımızı tanıyaq, tanıdaq

İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin ADR-100 illiyi ilə əlaqədar “Azərbaycanımızı tanıyaq” layihəsi çərçivəsində növbəti səfəri Şəki və Qax rayonlarına oldu. Tədbirdə Mərkəzin əməkdaşları, könüllülər, Mərkəzin nəzdindəki valideyn birliyinin üzvləri və Mərkəzdən bəhrələnən 18 uşaq –“ cəmi 35 nəfər iştirak edirdi.Azərbaycanımızı tanıyaq, tanıdaq   Gəzinti iştirakçılarına yol boyu keçdiyimiz rayonlar barədə, onların tarixi, iqtisadiyyatı ilə bağlı məlumatlar verildi. Ətraflı tanışlığa uzun illər Şəki xanlığının paytaxtı olmuş qədim və ulu Şəki şəhərindən başlanıldı. Qədim karvansaranı hamı maraqla gəzdi, məşhur Xan sarayı ilə tanışlıq isə uşaqlarda daha böyük maraq doğurdu. Bələdçi uşaqların ard-arda verdiyi sualları hədsiz səbr və şəkililərə məxsus şirin ləhcə ilə ətraflı cavablandırdı. Şəkidən xoş təəssüratla ayrılan dəstə üzvləri Şəki ilə Qax arasında –“ dağın döşündəki qədim udin məbədini də maraqla seyr etdilər.
Dağlar gözəli Qax səliqə-sahmanı, təmizliyi, gözəlliyi ilə ilk andan hamıda xoş əhval-ruhiyyə yaratdı. Qaxla tanışlıq bir növ bu rayonun “emblemi” olan məşhur İlisu şəlaləsinə gedişlə başladı. Ətrafı əhatələyən dağların, daşlara çırpılıb toz olan şəlalənin gözəlliyindən zövq alan uşaqların təklifsiz-filansız bir ağızdan oxuduqları “Yaşa Azərbaycan” mahnısı o an həmişəkindən daha əzəmətli, daha vüqarlı səsləndi. Artıq o an təkcə uşaqlar deyil, komanda hamı birlikdə şəlalənin baş alıb gəldiyi yüksəklidə dağın başında dalğalanan üçrəngli bayrağımıza baxıb vüqarla bir ağızdan:
Torpağına qurban olaq, Azərbaycan!
Bayrağına baş əyirik, Azərbaycan!
dedilər və o deyiliş də həmişəkindən qat-qat əzəmətli səsləndi.
Qax şəhəri ilə tanışlıq şəhər camaatının sevimli istirahət yeri olan yay kinoteatrında yekunlaşdı. Səhnə görən kimi uşaqlar bayrağın rənglərində olan paltarlarını geyinib səhnəni “işğal” etdilər. Gözəl, səliqəli parkda tikilmiş yay kinoteatrının səhnəsində məktəblilərin ifa etdiyi himnimiz yoldan ötənləri də, yaxınlıqdakı çayxanada dincələnləri də səhnənin önünə çəkib gətirdi. Uşaqlar “Torpağın səsi” və “Yaşa Azərbaycan” mahnılarını da eyni şövq və həvəslə oxudular. Mahnılar bitən kimi bayrağımızın formasını aldılar və bu dəfə alqış səsləri təkcə kinoteatrın özündən yox, yaxınlıqdakı evlərin balkonlarından da eşidildi.
Qaxın gözəlliyi gözəlliklər içərisində – İsmayıllıda boya-başa çatmış insanlara o gün başqa bir mənəvi zövq yaşatdı.
Vətəni daha yaxından tanımağa və tanıtmağa xidmət edən daha bir gəzintidən hamı xoş təəssüratla və yeni gedişlər arzusu ilə geri döndü.
Lalə Kəbirova,
İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşı

Şərh Yaz