Bir kitaba sığmayan ömür

(Əvvəli ötən sayımızda)

Eyyub müəllim qayğıkeş və həm də tələbkar ailə başçısı idi. Yeddi övlad atası hələ körpəlikdən övladlarını zəhmətə alışdırır, onları elmli, təhsilli, dərin bilikli olmalarını istəyirdi. Arzusu övladlarını ali təhsilli görmək idi. Ömründə heç kəsin payına göz dikmədi, haqqını danmadı. Haram, yalan, riyakarlıq, haqsızlıq onun dünyasına yad idi. Uşaqları, xüsusən də kimsəsiz və qayğısızları ürəkdən sevərdi. Onların dərdinə qalmağı, onların qəlbini oxşamağı özünün mənəvi borcu bilərdi.
Qızı Nahidə Musayeva 8 il İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbində Azərbaycan dili və ədəbiyyatdan dərs deyib. Sonra ailə vəziyyəti ilə əlaqədar Bakıya köçmüş və 46 il Bakı məktəblərindən birində işləmişdir. Bir kitaba sığmayan ömür
Onun atası Eyyub müəllim haqqında dediklərindən:
– Yadımdadır. Müharibənin qızğın vaxtında Tircan kəndində həm təsərrüfata, həm də məktəbə rəhbərlik edirdi. Bu işinə görə ona bir neçə dəfə mükafat da verilmişdi. Atam böyük bacımla qalırdı. Kəndimizdə orta məktəb olmadığı üçün atam onu Tircanda məktəbə qoymuşdu. Mən də bir dəfə ora getdim. Yaşadıqları balaca, darısqal evin pəncərəsinə bir kisə qoyulmuşdu. Göz qoydum ki, atam hər səhər məktəbə gedəndə o kisənin ağzını açır, sıxması ilə sayıb içindəkilərdən bir kağız torbaya töküb qoltuğuna vurub işə gedərdi. Bir gün ürəklənib bacımdan kisənin içindəkinin nə olduğunu soruşanda dedi ki, o bizim deyil. Əlini vurma, o məktəb uşaqları üçün gələn yardımdır. Hansı ölkədənsə gəlib. Atam da uşaqların sayı qədər kişmiş, un aparıb onu məktəbdə səhər-səhər uşaqlara paylayardı.
Bir kitaba sığmayan ömürMərhum Şükür müəllimin dediklərindən:
– Atam müharibədə, anam da kənddə vəfat etmişdi. Yetim, kimsəsiz qalmışdım. Kimsəsiz bir kənd uşağı. Mənə Eyyub müəllim dayaq oldu. Dolanışığımız təsərrüfatdan çıxırdı. Amma mən mütləq müəllim olmaq istəyirdim. Г‡ünki Eyyub müəllim mənim qəlbimdə böyük bir müqəddəs müəllim heykəli qoymuşdu. Elə bilirdim ki, müəllimlikdən ali peşə yoxdur.
O qanlı-qadalı illərdə Uşaq evinə sığınmış, orada böyümüş Gülsümün dediklərindən:
– Eyyub müəllimin Uşaq evində olması mənim kimi neçə-neçə kimsəsiz qızın həyat yoluna işıq saçdı. Neçə illərin aclığı, susuzluğu, paltarsızlığı Uşaq evində unuduldu. Biz burada qayğı ilə tam təmin edilmişdik. Uşaqlar üçün ayrılmış ərzaqdan, paltardan istifadə etməyə heç kəsin cürəti çatmırdı. Yaşımız tamam olanda biz Uşaq evini tərk etməli idik. Onda Eyyub müəllim seçim edirdi. Kimin qohumu, yiyəsi var idisə onu çağırıb uşağı onlara təhvil verirdi. Bizim kimi kimsəsizləri isə kirayə tutduğu evdə qızlarının yanında saxlayır, uşaq evində xadimə, paltar yuyan və sair işlərə götürürdü. Deyirdi ki, yeniyetmə qızları çölə ata bilmərəm. Eyyub müəllim bizim qayğımıza belə qalırdı.
Əlimdə bir vaxtlar Uşaq evində tərbiyə almış qızlardan Qızqayıt Teymurovanın 22 fevral 1948-ci ildə yazdığı məktub var. Rəngi saralmış məktəbli dəftərinin vərəqinə səliqə ilə yazılmış məktub! Bir övladın ataya, qayğıkeşinə, yolgöstərəninə ünvanladığı çoxsaylı məktublarından biri.
Qızqayıt Teymurova sonralar oxuyub ali təhsil almış müəllim olub. O yazır:
– Əziz atam və direktorum! Müraciətə baxın! Əziz atam!
Belə isti, qaynar sətirli məktublar Eyyub müəllimin ünvanına hər gün gələrdi. Bir vaxtlar qayğısına qaldığı, atalıq etdiyi, ona pənah gətirənlər onu unutmur, onu yada salır, cansız sətirlər bahar nəfəsli, bahar ətirli çiçəklərə çevrilib onun qəlbini oxşayır, ona yeni ruh, qol-qanad verirdi.
Üzünü cəmi iyirmi beş gün gördüyü sonbeşiyi Respublikanın əməkdar müəllimi Mirvari Musayevanın dediklərindən:
– Atamı görməmişəm. Amma həyatımın bütün anlarında atamla bir olmuşam. O mənim arxamda durub, dayağım olub, gələcəyimə şölə saçıb, atalı övladların xoşbəxtliyindən artıq xoşbəxtlik bəxş edib. Amma əldə etdiyimiz bu xoşbəxtlik onun bizə qoyub getdiyi mülkün, var-dövlətin, övladlarına ötürdüyü vəzifələrin hesabı ilə başa gəlmədi. Qoyub getdiyi ziyalılıq mövqeyi, fədakar təhsil işçisi, xalqına, elinə-obasına sonsuz sədaqəti, dostlarına etibarı, millətinə xidməti onun hər bir övladına dayaq oldu, yolunda sönməz mayak oldu. Ata kimi müqəddəs varlığın olmadığını hiss edəndə onun ən yaxın dostlarından biri olan İsrayıl müəllim “Sən gör kimin qızısan!” cümləsi əmək fəaliyyətinə başladığım ilk gündən yollarıma nur çilədi, işıq saldı. Böyük bacım Nahidə ilə ali məktəbi bitirib məzunu olduğumuz 1 nömrəli şəhər tam orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi işlədik. Bu gün də İsrayıl müəllimin qayğı dolu sözləri, xeyir duası qulaqlarımda səslənir:
– Sən işə başla. Eyyub müəllimin övladı mütləq yaxşı müəllim olacaq.
Görünür, fəaliyyətimiz dövründə bacımla təhsildə qazandıqlarımızın əsası oradan başlayırdı.
Bax, Eyyub müəllim mənə belə atalıq edib!
Hər şeyin bir başlanğıcı olduğu kimi sonu da olur və bu həyatın yazılmamış qanunudur. İnsan övladının qarşısında aciz qalıb dəyişə bilmədiyi yeganə qanun Allahın ölüm hökmüdür. Bunu heç bir qüvvə dəyişə bilməz! Ancaq bəzən bu hökm vaxtsız olanda…
Eyyub müəllim də ömrünün əlli dördüncü ilində yatağa düşdü. Ağır xəstə idi. İllərlə üstünə qalanmış ağrılı-acılı, qayğılarla bələnmiş bu fədakar, nikbin insanın ürəyi çəkdiyi dərdlərin ağırlığından yorulmuşdu. Hamının dərdini öz dərdi bilib ürəyinə salan insanlar azdır. Mənimlə hamı razılaşar: Ürək çəkəni baş çəkə bilmir. Baş bütün hiss edib duyduqlarını asanca ürəyə ötürür. Bir yumruq boyda ət parçası olan ürəyə nə qədər dərd yükləmək olar? Axırda o da dözmür, Vallah, dözmür! Eyyub müəllimin ürəyi dərdlə dolu idi, acılarla dolmuşdu … 1949-cu ilin sonlarında qəlbində hələ xeyirxah əməllər yaşadan, görüb başa çatdıra bilmədiyi işlər, övladlarının uğurlarına sevinmək, oğul evləndirib, qız köçürmək kimi pak arzuları gözündə qaldı. Fəaliyyətinin çiçəklənən dövründə, həyata gözlərini əbədi yumdu.
Əfsuslar ki, Eyyub müəllimə yeddi övladının heç birinin diplomu ilə sevinmək, uğurları ilə fərəhlənmək nəsib olmadı. Övladlar isə harada oxumaqlarından, hansı peşəyə yiyələnmələrindən asılı olmayaraq atalarının qoyduğu yolla getməyi bacardılar, onun ruhunu şad edə bildilər. Г‡ünki, atalarını itirsələr də, arxalarında cəfakeş, bir ana vardır.
O ana ki, böyük bir fədakarlıqla övladlarını oxutdu, sənət sahibi, ailə sahibi etdi.
Böyük oğlu Ramiz Musayev atasının ölümündən iki il sonra ADU-nun hüquq fakültəsini bitirib Respublikanın prokurorluq orqanlarında əmək fəaliyyətinə başladı. İsmayıllı, Qəbələ rayonlarında müstəntiq, prokuror köməkçisi işlədikdən sonra ardıcıl olaraq Göyçay, Laçın, Masallı, Tovuz, Beyləqan rayonlarında prokuror işlədi. Qırx il qüsursuz işləyərək müxtəlif dövlət mükafatları ilə təqaüdə çıxdı. İkinci oğlu Əfsar Musayev isə mühəndis kimi rayon qaz təsərrüfatı idarəsində mühəndis, müdir müavini, idarənin rəisi kimi məsul vəzifələrdə işləmişdir. Hazırda təqaüdçüdür. Beş qızının hər biri ali və orta ixtisas təhsili alaraq şərəfli əmək və həyat yolu keçmişlər. İndi Eyyub müəllimin nəvələri də valideynləri kimi həyat yollarında ləyaqətlə addımlayırlar. Müəllim, həkim, hüquqşünas, mühəndis, iqtisadçı peşələrinə yiyələnən bu nəvələrin sırasında iki fəlsəfə doktoru var. Nəvələri Günay Qarayeva və Eyyub Musayev. Kökü torpağın dərin qatlarına işləmiş əzəmətli çinarın körpə pöhrələri kimi.
Həyat və fəaliyyəti bir kitaba sığmayan şərəfli və qayğılı ömür yaşamış Eyyub müəllimin arzuları yaşayır, yada salınır, anılır.
Gəlin, yaxşıları yada salıb xatırlayaq! Xatırlayaq ki, yaxşılarımız unudulmasın!
Allah Eyyub müəllimə rəhmət eləsin. Ruhu şad olsun.
Xalıq Xalıqov

Şərh Yaz