Yeni nəşrlər: İlk kitabın sevinci

Redaksiyadan: 1994-cü ildə İsmayıllı rayonunun Hacıhətəmli kəndində anadan olub boya-başa çatmış Furqan Sadıq şəhər 3 nömrəli tam orta məktəbini, Lənkəran Dövlət Universitetini bitirib.
“Yarpaqların intihar fəsli” kitabını redaksiyamızın kitabxanasına təqdim edəndə diqqətimizi bir məqam çəkdi. Kitaba yazılan ön söz də həmyerlimiz Maarif Soltana məxsusdur. Kitab və onun müəllifi haqqında əsas fikirləri də elə buradan əldə etdik.
Yeni nəşrlər: İlk kitabın sevinci
– Furqan Sadıqın əlyazmaları ilə tanış olanda dərhal bildim ki, qarşımda çağdaş poeziyadan xəbəri olan, ədəbi prosesi izləyən istedadlı bir gəncin şeirləridir və bu şeirlər elə ilk misralardan məndə maraq oyatdı.
Ədəbiyyatda (sənətin bütün sahələrində) o adamlar uğur qazana bilirlər ki, onlar öz sözlərini deməyə çalışır, öz səsi, öz düşüncə tərzi, öz baxış bucağı olur. Kimisə yamsıladınsa, təqlid etdinsə, kiminsə hazır yolu ilə getməyə başladınsa, artıq bəri başdan sən uğursuzluğa məhkumsan. Bunlar sənətin əlifbasıdır, ilk qaydalarıdır. Bu mənada Furqan bu əlifbanı yaxşı bilir, bu şərtlərə ciddi şəkildə əməl etməyə çalışır. Mən bu şeirlərdə basmaqəlib ifadələrə, çeynənmiş obrazlara, qulaqları qabar etmiş söz birləşmələrinə demək olar ki. rast gəlmədim. Bildiyi, bacardığı qədər öz sözünü deyir, öz qələmini işlədir, öz səsiylə oxuyur.
Bu şeirlərin bir cəhəti də çox xoşuma gəldi: bunlarda xarici bər-bəzək yox, daxili harmoniya var; görünən üst qat yox, görünməyən alt qat daha zəngindir; dediklərindən daha çox demədikləri var. Gənc şairin ifadə tərzi imkan verir ki, oxucu (əlbəttə, hazırlıqlı, diqqətli oxucu) şairin poetik dünyasına baş vurub düşünə bilsin, duyğulana bilsin və gündəlik yeknəsək həyatdan bir müddət ayrılıb poetik duyğularla baş-başa qalsın.
Mənsə gənc şairə poeziyanın çətin yollarında uğurlar arzulayır və ilk kitabına mübarək olsun deyirəm. Növbəti kitablarınla görüşənədək. İlk kitabın sevincini heç bir kitab vermir.
Gənc şairin iki şeirini oxucularımıza təqdim edirik.

Alnına yazılan zaman azalır

Alnına yazılan zaman azalır,
böyüyür alnının qırışı daha.
Gedən günlərini qaytarmaq olmur,
əlindən balıqtək sürüşür daha.

Bu gün də beləcə əridi şamtək,
elə fikirləş ki, son axşamındır.
Onsuz da zamanın bir gün bitəcək,
o biri dünyanın şamını yandır.

Düşün yaxşı-yaxşı, sonunu düşün,
əbədi bir nura çevir özünü.
Bir gün öləcəksən, son anı düşün,
sonrakı əzabdan qoru özünü.

***

Yarpaq-yarpaq solan ağac,
oxuma qəm havasını.
Saçlarını yolan ağac,
oxuma qəm havasını.

Bütün yarananlar ölür.
ölməmək olmur, olmur.
Yarpaq-yarpaq ölən ağac,
bu dünya heç kimə qalmır.

Qəm eləmə, bu torpağın,
əzizi sən, gülü sənsən.
Vaxt gələr öldüyün kimi,
yarpaq-yarpaq dirilərsən.

Yarpaq-yarpaq solan ağac,
oxuma qəm havasını…

Şərh Yaz