Sözə sayğı hər an gərəkdir

İş gününün başa çatmasına az qalmışdı. Bir nəfər cavan oğlan redaksiyaya gələrək bizə dəvətnamə verdi. Elə zənn etdik ki, toy dəvətnaməsidir. Açıb baxdıq və gördük ki, şəhər 1 nömrəli tam orta məktəbindəndi. Orada yazılmışdı ki, “Sizi 14 may 2015-ci il tarixində saat…-da şəhər 1 nömrəli məktəbdə “Ailəmiz, hər şeyimiz, ağızlar çirklənməsin” layihəsinin təqdimatına dəvət edirik”. Sözə sayğı hər an gərəkdirDoğrusu, ailəmiz, hər şeyimizi başa düşdük, ancaq “ağızlar çirklənməsin” ifadəsinə görə bir qədər fikirləşməli olduq. Dəvətnamənin aşağı hissəsində ortada “sözə qayğı, küfrə yox” ifadələrini, solunda kiçik ailə şəklini, sağ küncündə isə layihənin loqosunu görəndə başa düşdük ki, layihə ailə tərbiyəsi kimi çox aktual məsələ ilə bağlıdır. Layihənin maraqlı olacağını düşündük və bu başdan qeyd edək ki, zənnimizdə yanılmadıq.
Məktəbin akt zalına xeyli adam –“ şagirdlər, müəllimlər, təhsil şöbəsinin rəhbər işçiləri, valideynlər və bir sıra təşkilatların nümayəndələri toplaşmışdı. Tədbiri giriş sözü ilə məktəbin direktoru Şahin Gənciyev açdı və onun əhəmiyyəti barədə qısa məlumat verdi. Layihənin müəllifi, məktəbin ingilis dili müəllimi Şükufə Nəcəfova bu barədə geniş məlumat verdi, həm də videoçarx vasitəsilə nümayiş etdirdi. O qeyd etdi ki, bu layihə bir sıra xarici ölkələrdə geniş yayılmaqdadır. Qardaş Türkiyədə daha geniş yayılmışdır. Arzum odur ki, respublikada və rayonumuzda bu layihə daha geniş yayılsın və təbliğ olunsun. Sonra Şükufə müəllim qürur hissi ilə vurğuladı ki, məktəbimiz bu cəhətdən həmişə ön sıralardadır. Elə layihələr olub ki, məktəbimiz nəinki rayonda, həm də respublikada onun başlanğıcını qoyub. Bu layihəni hər yerdə həyata keçirmək olar. Məktəblərdə, ailədə, idarə və təşkilatlarda, həm də ictimai yerlərdə. Uşağın tərbiyəsi ailədə başlayır. Ona körpəlikdən necə tərbiyə versən, elə də böyüyəcək. Layihənin məqsədi də ailənin önəmini yetişməkdə olan gənc nəslə, həmçinin valideynlərə çatdırmaqdan ibarətdir. Digər tərəfdən, ailədə nalayiq sözlərin işlədilməsi uşaqların tərbiyəsinə mənfi təsir göstərir. Məqsəd isə uşaqları ağıza alınmayacaq sözlərdən uzaq olmağı, bunu onlara anlatmaqdır. Qısaca desək, layihənin hədəfi valideynlər, şagirdlər və bütün xalq kütləsidir.
Layihənin təqdimatından əvvəl xeyli tədbirlər həyata keçirilib. Layihənin rəhbəri olan Şükufə müəllim özünə köməkçilər də seçmişdir. İnşa yazı, rəsm müsabiqələri keçirilib. Şagirdlərlə aparılan işlər videolentə alınıb. Şagirdlər öz əlləri ilə bu tədbir üçün xüsusi köynək də hazirlayıblar. Şagirdlər “Ey insanlar sülhə gəlin” mahnısının motivləri əsasında layihə üçün mahnı da yazıblar. Şagirdlər həmin mahnını ingilis dilində ifa edirlər. Məktəbin bir qrup şagirdi müəllimin köməkçiləri –“Nərmin Nemətli, Gülnur Abdullayeva, Pərvin İslamlı layihənin təqdimatında həm də aparıcılıq edərək xüsusi fəallıq göstərdilər. Onların digər dostları da tədbirin yüksək səviyyədə keçməsində yaxından iştirak etdilər. Şükufə Nəcəfova məktəbdə işlədiyi müddət ərzində bir çox layihələrin həyata keçirilməsində pioner olmuşdur. Haqqında söhbət açdığımız layihə də onlardan biridir. İnşallah gələcəkdə belə layihələr daha çox olacaqdır.
Layihənin təqdimatında iştirak edən bir sıra təşkilatların nümayəmdələri tədbirdən çox razı qaldılar, onun vacibliyini xüsusilə vurğuladılar. RTŞ metodik kabinetinin direktoru Hümbət Əsədov, RİH-nin işçisi Nəsimi Teymurov, Ailə və Uşaqlara Dəstək Mərkəzinin işçisi Gülnar Mikayılova, şəhər bələdiyyəsinin sədri Pərviz Ağayev, bir neçə valideyn, rayon Qeydiyyat şöbəsinin müdiri Hüsniyyə Osmanova, RTŞ-nin metodisti Sədəf Mikayılova, şəhər 1 nömrəli tam orta məktəbinin direktor müavini Dilbər Yəhyayeva, həmin məktəbin müəllimi Şəfaqət Rəsulov çıxış etdilər. Şəfaqət müəllim çıxışında vurğuladı ki, bu, beynəlxalq layihədir, insan tərbiyə etmək məqsədi güdür. Şükufə müəllim bu istiqamətdə çox böyük işlər görüb. O dünya təhsil sisteminin işini öyrənib. Təhsilin dünyaya inteqrasiyası üçün çalışırıq. Ən böyük məqsədimiz övladlarımıza düzgün tərbiyə verməkdir. Şükufə müəllimin bugünkü layihəsi də bu məqsədilə səsləşir.
Təqdimatın sonunda İsmayıllı Rayon Təhsil Şöbəsinin müdiri Rasim Orucov çıxış edib qeyd etdi ki, məktəbin işi bilikli və tərbiyəli gənclər yetişdirməkdir. Məktəb və valideyn birgə çalışmalıdır. Normal ailə varsa, uşağın tərbiyəsi də yaxşı olacaq, cəmiyyət də. Ağızların çirklənməməsi ailədən başlayır. Diqqət buraya yönəldilməlidir. Layihənin əhəmiyyəti də bundan ibarətdir. Buna görə də layihənin rəhbəri Şükufə müəllimə, şagirdlərə təşəkkür etdi.
B.Babayev
Sözə sayğı hər an gərəkdir
Sözə sayğı hər an gərəkdir

Şərh Yaz