Böyük və xeyirxah iş

Bu günlərdə rayonun Mədəniyyət Sarayında jurnalist-yazıçı Məmməd Mirzənin – Rzayev Məmmədmirzə Şahsuvar oğlunun “Olmuş əhvalatlar, lətifələr və rəvayətlər” adlı kitabının təqdimat mərasimi keçirilib. Bu kitab “Sarabəyim”dən sonra müəllifin ikinci kitabıdır.Böyük və xeyirxah işTəqdimat mərasimində İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov başda olmaqla aparatın əməkdaşları, “İsmayıllı xəbərləri” qəzetini yaradıcı heyəti, təhsil, mədəniyyət, səhiyyə, ədəbi yaradıcılıq sahəsində çalışan ziyalılar, oxucular və kitabxana işçiləri iştirak ediblər.
RİH başçısı Mirdaməd Sadıqov çıxış edərək İsmayıllı yazarlarının qarşısında duran ümdə vəzifələrdən danışıb, kitab haqqında rəyini bildirməklə, müəllifə yeni yaradıcılıq uğurları arzulayıb.
İsmayıllı torpağının yetirməsi, Azərbaycanın görkəmli şairi Musa Yaqub müəllifi hələ Göyçay Pedaqoji Məktəbində oxuduğu illərdən tanıdığını, özünə və yaradıcılığına yaxından bələd olduğunu söyləyib.
İsmayıllı Ailə və Uşaqlara Dəstək Mərkəzinin direktoru, peşəkar jurnalist Lətifə Əliyeva qəzetli illərini xatırlayaraq, Məmmədmirzə müəllimin istedadından, rayonumuzla bağlı milli adət-ənənələrin qorunub saxlanmasında xidmətlərindən, şən və hazırcavablığından, dərin savada və erudisiyaya sahib olmasından söz açıb.
Şəhər 6 nömrəli tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi, “Tərəqqi” medallı Hacıməmməd Məmmədov qazandığı uğurlarda müəllimi olmuş M. Rzayevin zəhmət payı olduğunu vurğulayıb. O qeyd edib ki, kitab rayonun ayrı-ayrı kəndlərindən olan söz, sənət adamlarının, onların məişəti, həyat tərzi ilə bağlı əhvalatlar toplusu olmaqla, çox dəyərli bir mənbədir. Oxucular bu mənbədən yararlanmaqdan zövq alacaqlar.
Uşaq Yaradıcılıq Mərkəzinin direktoru Xalıq Xalıqov müəllifin yazı üslubundan, yaradıcılıq xüsusiyyətlərindən söz açıb.
Müəllifin dostu, qələm yoldaşı təcrübəli jurnalist Bəybala Babayev kitab haqında fikirlərini söyləyib. Ondan yeni əsərlər gözlədiyini bildirib.
“Nərgiz” nəşriyyatında çap olunmuş kitabın redaktoru, həmyerlimiz, sevilən şairlərdən olan Maarif Soltan tədbirdə iştirak edib. O, çıxışında yenicə işıq üzü görmüş kitabın sevilə-sevilə oxunacağına əminliyini ifadə edib. Bildirib ki, son 70 ilə yaxın dövrdə İsmayıllıda, el arasında işlənən deyimlər, zərb məsəllər, lətifəyə çevrilən olmuş əhvalatları toplamaqda, kitab halına gətirməkdə müəllif olduqca böyük və xeyirxah bir iş görüb.
Həmid Hacıyev,
İsmayıllı rayon MKS-nin direktor müaviniBöyük və xeyirxah iş

Şərh Yaz