Zərərli vərdişlərdən uzaq olaq

Həyatın çətinliklərinə dözmək və sıxıntılarına səbir edə bilmək üçün insanın sağlam vücuda ehtiyacı var. İradəsi möhkəm olanlar zərərli vərdişlərə aludə olmaz. Zərərli vərdişlərə aludəliklə həyatımızı, həm də ətrafdakı insanların həyatını təhlükəyə atmış oluruq. Ailədə bir nəfər zərərli vərdişlərə alışmışsa, o həyatı ilə yanaşı ailəsinə, eləcə də cəmiyyətə ziyan vurur.Tütün məmulatlarından istifadə etməklə ətrafımızdakılardan çox özümüzə ziyan vururuq. Siqaretlə yanaşı alkoqollu içkilər də insan orqanizminə ziyan verir. Öyrənmişəm ki, istənilən növdə alkoqollu içkidə orqanizm üçün zərərli olan, sərxoşluq yaradan etil spirti adlı kimyəvi maddə var.
İçki haqqında Məhəmməd peyğəmbərin dəyərli tövsiyələri vardır:
– İçkidən çəkinin, çünki içki hər cür pisliklərin anasıdır. Sərxoşedici maddələrdən istifadə etməyi ümmətimə qadağan edirəm.
Alkoqol orqanizmdəki bütün həyatı mərkəzlərə təsir göstərir. Uşaqların istər zehni, istərsə də fiziki cəhətdən sağlam doğulmasında və inkişaf etməsində yalnız ata rol oynamır. Əgər ana spirtli içkilərdən istifadə edirsə, o zaman körpənin sinir sistemi tamamilə pozulur. Bu da ona gətirib çıxarır ki, valideynlər zərərli vərdişlərə uymaqla uşaqlarının gələcəyini məhv edirlər.
Bu səbəbdən məktəbli olsaq da valideynlərə səslənirik:
– Zərərli vərdişlərdən uzaq olun! Sağlamlıq üçün zərərli vərdişlərin aludəsi olmağa davam edərsinizsə , həyatınızla bərabər uşaqlarınızın da həyatını məhv etmiş olarsınız. Ayıq və düşüncəli yaşayın ki, həyatdan, yaşamaqdan aldığınız zövq bizim üçün nümunə olsun.
Bu gün cəmiyyətin ən qlobal bəlası olan “ağ ölüm” –“ narkomaniya baş alıb gedir.
Narkotik maddə istifadə edənin mərkəzi sinir sistemi qısa müddətdə zədələnir. Belələri sərrast düşüncəyə sahibliyi itirir, hərəkətlərinə hakim ola bilmir. Narkotik aludəsi olan valideynlərin cəmiyyət üçün “göz dağı” olan övladları dünyaya gəlir. Acınacaqlıdır ki, bu gün məktəblilər arasında da bu bəlaya düçar olanlar var. Biz bu bəlaya qarşı çıxmaqda həmrəy olmalı, maarifləndirmə işini yüksək səviyyədə qurmalıyıq.
Zərərli vərdişlər yalnız alkoqollu içkilər, narkomaniya, siqaret deyildir. Yalan danışmaq, oğurluq etmək, başqalarının qəlbini qıran hərəkətlər etmək də zərərli vərdişlərdir. Bu vərdişlərlə də gələcəyimizi məhv edirik. Bəyənilməyən, xoşagəlməz hərəkətlərin təkrarlanması nəticədə, zərərli vərdişə çevrilir.
Valideynlərdən icazəsiz ailəyə məxsus avtomobil və sair əşyaların istifadəsi də uşaqlarda oğurluğa meyli artır. Bu kimi hallarda çox vaxt üzücü, bədbəxt hadisələr baş verir. Yaxşı olar ki, böyüklərin, tərbiyəmizlə məşğul olanların məsləhətini eşidək, həmçinin bizi düzlüyə, halallığa çağıran qanunlara əməl edək.
Pərvin İslamova,
İ.Həsənov adına İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbinin şagirdi

Şərh Yaz