İlk turizm portalı

25 aprel tarixində İsmayıllı Uşaq Kitabxanasında İsmayıllı rayonunun turizm potensialını nəzərə alaraq, rayonda turizm sahəsinin inkişafını təkmilləşdirmək məqsədi ilə İsmayıllı Elektron Turizm Portalı təqdim olunub. İlk turizm portalıTəqdimatda Rayon İcra Hakimiyyətinin başçısı, məsul işçiləri, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm, Rabitə və Yüksək Texnalogiyalar Nazirliklərinin əməkdaşları, aid idarə-müəssisə rəhbərləri, rayonda fəaliyyət göstərən QHT-lərin, ictimai birliklərin və turizm mərkəzlərinin nümayəndələri iştirak edib.
Tədbiri giriş sözü ilə açan İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının Humanitar məsələlər üzrə müavini Sevil Əhmədova qonaqları salamlayıb və layihə icraçılarına uğurlar arzulayıb.
İsmayıllı Turizm Portalı İsmayıllı İnnovasiyalar Mərkəzi tərəfindən İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun maliyyə dəstəyi ilə hazırlanıb. Layihənin rəhbəri Emin Sadıqov çıxış edərək portalın yaradılmasında əsas məqsədin regionda daxili turizmin inkişaf etdirilməsi, yerli və xarici turistlərin bölgəyə cəlb olunması, onun fəaliyyəti nəticəsində informasiya texnologiyaları vasitəsi ilə ölkəmizin bu regionunun turizm potensialı haqqında bütün məlumatları dünyanın hər bir nöqtəsinə çatdırmaq olduğunu vurğulayıb.
Portal İsmayıllı rayonunun bütün turizm vasitələrini əhatə edir. Veb saytda turistlər üçün maraqlı olacaq bütün istiqamətlər üzrə kontent mövcuddur. Veb saytda İsmayıllının turizm əhəmiyyətli məkanları, mədəni və dini yerləri, sənətkarlıq növləri, sənətkarlar, məhsulların hazırlanma prosesləri, İsmayıllı mətbəxinə aid yeməklər, bölgələrin şəraitinə uyğun 7 istiqamətdə hazırlanmış turizm ideyaları, foto və video qalereya, 360 dərəcəlik virtual tur öz əksini tapır. Burda eyni zamanda rayonun ən çox turist gedilən 4 bölgəsi Lahıc, Basqal, İvanovka, İsmayıllı rayon mərkəzi və eni zamanda digər bütün kəndlər haqqında ətraflı məlumat yerləşdirilib.
Sayt iki dildə Azərbaycan və İngilis dillərində istifadəyə verilib. Turistləri ən çox maraqlandıran suallardan biri də səyahət etdiyi bölgədə qalacağı yerdi. Bunu nəzərə alan layihə təşkilatçıları saytda müştərilərin diqqətini cəlb edəcək otellər, motellər onların xidmət formaları və qiymətləri barədə məlumat yerləşdiriblər. Saytın daha bir üstünlüyü rayon üçün xarakterik olan sənətkarlıq nümunələrinin online satışının təşkilindən ibarətdir. Beləki, turist onu maraqlandıran sənətkarlıq nümunəsini online vaistəsi ilə əldə edə bilər. Onu da qeyd edək ki, İsmayıllıda turizmin inkişafı məqsədi ilə yaradılan Elektron Turizm Portalı respublika rayonları içərisində yaradılmış ilk elektron turizm portalıdır.
Təqdimatdan sonra RİH başçısı Mirdaməd Sadıqov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 22 sentyabr 2014-cü il tarixdə İsmayıllıya səfəri zamanı rayonda turizmin inkişafı ilə bağlı verdiyi tövsiyələr əsasında həyata keçirilən layihənin əhəmiyyətindən danışaraq respublika rayonları içərisində elektron turizm portalının ilk dəfə İsmayıllı rayonunda yaradılmasını diqqətə çatdırıb.
Səadət Rəhimova
İlk turizm portalı

Şərh Yaz