Yeni yaşıllıq zolaqları salınır

İsmayıllıda meşələrin mühafizəsi və bərpası istiqamətində mütəmadi tədbirlər həyata keçirilir.Yeni yaşıllıq zolaqları salınırAğac əkmək savab əməl, nəcib iş sayılır. Odur ki, rayonumuzda ətraf mühitin mühafizəsi, ekoloji durumun yaxşılaşdırılması məqsədilə yeni yaşıllıq zolaqlarının salınması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Belə tədbirlərdən biri 15 aprel 2015-ci il tarixdə İsmayıllı rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsi tərəfindən həyata keçirilib. İDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyevanın təşəbbüsü ilə ölkəmizdə həyata keçirilən “Ümumrespublika yaşıllaşdırma marafonu”na qoşulan, eləcə də təsdiq olunmuş “Meşə əkini və səpini” layihəsinə uyğun olaraq müəssisənin işçiləri tərəfindən Qalınçaq meşəbəyliyinin Topçu kəndi ətrafında 20 hektar ərazidə ağac əkmə aksiyası keçirilib. Əkin zamanı yerli meşə ağacları cinsindən olan akasiya, ağcaqayın, göyrüş, çinar, qovaq, söyüd, eləcə də şabalıd və qoz tinglərindən istifadə olunub.
Ümumiyyətlə, müəssisə tərəfindən həmin ərazidə 20 mindən artıq ağac tingi əkilib, eyni zamanda palıd və digər ağacların toxumları səpilib.
Əkilən ağacların mühafizə olunub saxlanması məqsədilə əkin aparılan sahə tikanlı məftillərlə hasara alınıb və qrafik əsasında suvarılması təşkil edilib.
Ümumiyyətlə, son vaxtlar İsmayıllı meşələrində qırıntı hallarına yol verilmir, əksinə olaraq, meşələrin bərpası istiqamətində ardıcıl iş aparılır, yeni ağaclar əkilir və toxumlar səpilir.
Bundan sonra da müəssisədə bütün meşəbəyliklər üzrə meşəbərpa və tinglik toxumlarının səpini işləri davam etdiriləcəkdir.
“İsmayıllı xəbərləri”

Şərh Yaz