“Tarixi yaşadanlar”

Azərbaycanda hər gün çapdan çıxan kitabların sırasında İsmayıllı yazarlarının zəhməti hesabına yer tutanlarına da rast gəlirik.“Tarixi yaşadanlar”Belə kitablardan biri “Tarixi yaşadanlar” adlanır. Kitabın müəllifi uzun illər rayonda çıxan qəzetlərdə (1966-cı ildən “Zəhmətkeş” qəzetində və respublika mətbuatında imzasına rast gəldiyiniz) müxtəlif vəzifələrdə çalışmış qocaman jurnalist Bəybala Babayevdir.
B.Babayev 1938- ci ildə rayonumuzun Hacıhətəmli kəndində anadan olmuşdur. 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) jurnalistika fakültəsinə daxil olaraq oranı bitirmişdir. 1966-cı ildə respublikada rayon qəzetləri yenidən nəşrə başlayanda B.Babayev də Bakıdan rayona qayıdır. Yeni adla nəşrə başlayan “Zəhmətkeş” qəzetində ədəbi işçi, şöbə müdiri, redaktor müavini, redaktor vəzifələrində çalışmışdır.
Rayonumuzun yaşlı nəsli onun imzasını, (satirik və tənqidi) yazılarını yəqin ki, unutmamışlar.
Müəllif yaşadığı, gördüyü, şahidi olduğu hadisələri, adamları təsvir edərək bizi keçmişə qaytarır. Bu işdə jurnalistin tarixi yaşatmaq (əlbəttə, rayonun tarixini) baxımından məsuliyyəti böyükdür. Kitabda haqqında söhbət açılan şəxslərin əksəriyyəti dünyasını dəyişib. Ola bilər ki, tənqidi yanaşmalara görə onların qohumlarından kimlərsə, yazılanlardan narazılıq edər. Burada inciməli bir şey yoxdur. Əgər güzgünün əks etdirdiyi əşya qüsurludursa, güzgünün günahı yoxdur. Kitabdan o dövrün bəzi məmurlarının iş üsulları barədə də xeyli məlumat əldə etmək mümkündür. Oxucu burada təkcə tarixi faktlarla deyil, digər maraqlı materiallarla da tanış ola bilər.
Kitabda İsmayıllı rayon statusu alandan sonra qəzetçilik və jurnalistika sahəsində görülən işlərdən, iş görənlərdən mərhələ-mərhələ söz açılır, insanların bu yolda düçar olduqları çətinliklərdən söhbət gedir. Bu da tarixin kiçik bir parçasıdır. Bu tarixi qələmə alıb yaşadanlar isə qəzet işçiləri olublar. Kitabda onların hər biri haqqında məlumat əldə etmək olar.
Müəllif kitaba 1934-cü ildən “Yeni İsmayıllı” qəzetinin nəşri ilə giriş vermiş, sonrakı mərhələlərdə rayon mətbuatı sahəsində baş verən yenilikləri, inkişafı, bu sahədə çalışanlar, həmçinin, həmin illərdə rayon mətbuatı ilə bağlı cərəyan edən digər hadisələr haqqında müşahidələrini və araşdırmalarını cəmləmişdir. Kitab rayonun, eləcə də onun mətbuat sahəsinə marağı olanlar üçün nəzərdə tutulmuşdur.
Ş.Soltanov

Şərh Yaz