“Olmuş əhvalatlar, lətifələr və rəvayətlər”

Bu adla yenicə çapdan çıxmış kitabı vərəqləyirəm.“Olmuş əhvalatlar, lətifələr və rəvayətlər”Məlum məsələdir ki, qədim janr olan lətifələr və rəvayətlər həmişə oxucuların maraq göstərdiyi folklor nümunələrindəndir. Bu janrda olan nümunələri toplayıb çap etdirmək istəyində olan həvəskarlar, alimlər çox xeyirxah işlər görmüşlər. Folklor nümunələri toplayanlar bu gün də var, gələcəkdə də olacaqlar. Xalq yaradıcılığı inciləri toplanmadıqda itib-bata bilər. Axı bu incilər gələcək nəsillərə yadigar qalmalıdır.
Haqqında söhbət açdığımız müəllif –“ Məmməd Mirzə də belə bir xeyirxah işlə məşğul olmuş və rayonumuzun müxtəlif yaşayış məntəqələrindən olan adamların adı ilə bağlı olmuş əhvalatları, lətifə və rəvayətləri elə bu ad ilə ərsəyə gətirmişdir. Folklor nümunələrinin toplanması, oxşar variantların saf-çürük edilməsi və sair işlər adamdan xeyli bacarıq, zəhmət və vaxt tələb edir. Müəllifin bu əziyyətindən söz açmamaq üçün kitabın redaktoru Maarif Soltanın ön söz əvəzi yazısından bir sitat gətirməklə kifayətlənəcəyik:
-Bu kitab hansısa həvəskarın bekarçılıqdan yazıçılıq eşqinə düşüb qələmə sarılaraq uydurduğu cəfəngiyat toplusu deyil, əksinə, ömrünü-gününü sözə həsr etmiş, dediyi sözün məsuliyyətini bilən, qibtə ediləcək yaddaşı, həsəd aparılacaq müşahidə qabiliyyəti və məlumatı olan, istedadlı və peşəkar qələm adamının zərrə-zərrə toplayıb hasilə gətirdiyi çap məhsuludur. Bu kitab folklorumuz olmaqla yanaşı, həm də bizim düşüncə tərzimizdir. Biz ən kədərli hadisələrə də yumor qata bilirik. Biz ən kritik məqamlarda da incə bir zarafatla vəziyyətdən çıxmağı bacarırıq. Onu dəqiq etnoqrafiya kitabı da adlandıra bilərik. Ona görə ki, min il bundan sonra da adət-ənənələrimizi, məişətimizi, yaşam tərzimizi, xarakterimizi, coğrafi məkanımızı bu kitab əsasında öyrənmək və tədqiq etmək mümkündür.
Məmməd Mirzə Rzayev gənc yaşlarından folklor nümunələri toplamağa maraq göstərmişdir. Tələbəlik illərində bu mövzuda, daha doğrusu, Bəhlul Danəndə lətifələri də toplamışdır. Müəllif görüşdüyü adamlarla söhbətlərdə eşitdiyi hər yeni lətifənin, gülməli əhvalatın qeydini aparıb. İllərlə öncə edilən qısa qeydlər bu gün qarşımızdakı qiymətli kitabın maraqla oxunan səhifələri imiş. Uzun illərin axtarışları nəticəsində haqqında söhbət açdığımız kitab artıq işıq üzü görmüşdür.
Kitab bir də ona görə maraqlıdır ki, orada adı çəkilən baməzə insanların çoxu bu gün ətrafımızdadırlar. Məmməd Mirzə müəllim olmuş məzəli əhvalatları, söhbətləri söz süzgəcindən keçirmiş, onlara bir az da yumor qatmış, daha da şirinləşdirmişdir.
Kitabda toplanmış lətifələri, əhvalatları müxtəlif adamlardan eşitdiyi üçün müəllif haqlı olaraq onların bəzilərinin adlarını da göstərmişdir.
Folklor elə bir xəzinədir ki, heç vaxt tükənmir, əksinə, getdikcə zənginləşir. Kitabda toplanmış folklor nümunələri əsasən İsmayıllı bölgəsindən yığılmışdır.
Əminliklə deyə bilərəm ki, bu kitab kimin əlinə düşsə, mütləq oxuyacaq, özü də maraqla oxuyacaq, vaxtın necə keçdiyini hiss etməyəcəkdir. Qələm dostuma yeni yaradıcılıq uğurları arzulayıram.
B.Babayev

Şərh Yaz