Unudulmaz ömür hekayəsi

1941-ci il iyunun 22-də Hitler Almaniyası qəflətən SSRİ-yə hücuma keçdi. Böyük Vətən müharibəsi başladı. SSRİ-də yaşayan bütün millətlərin nümayəndələri vətəni müdafiəyə qalxdılar. Unudulmaz ömür hekayəsi“Hər şey cəbhə üçün, hər şey qələbə üçün!” şüarı ilə hər kəs döyüşə atıldı. O dövrdə Vətən anlayışı milliyətindən, dilindən, dinindən, yaşadığı yerindən asılı olmayaraq hər bir insan üçün əziz və müqəddəs idi. Azərbaycanlı döyüşçülər vətən uğrunda Zaqafqaziya cəbhəsindən Berlinədək döyüş yolu keçərək faşist ordusuna qarşı mübarizə apardılar. Bu yolda çoxları ölümləri ilə ölümsüzlüyə qovuşaraq qəhrəmanlıqları ilə Azərbaycan xalqının şərəfli tarixində yeni səhifələr açdılar. Böyük döyüş yolu keçmiş, canları bahasına vətənin müdafiəsinə qalxan igid əsgərlərimiz gecə-gündüz bilmədən qələbə naminə düşmənlə üz-üzə mübarizə apardılar. Onlardan biri də faşizmə qarşı müharibədə rəşadətlə vuruşmuş Rüstəmov Əliabbas Bəkir oğlu idi.
Ə.Rüstəmov 1920-ci ildə İsmayıllı rayonunun Mican kəndində anadan olmuşdur. İlk təhsilini İsmayıllı rayon Mican kənd yeddiillik məktəbində almışdır. 1935-1938-ci illərdə Göyçay Pedaqoji Texnikumunda təhsil almışdır. İsmayıllı rayon Mican kənd ibtidai məktəbində və Qalınçaq yeddillik məktəbində pedaqoji fəaliyyətə başlamışdır. Əliabbas müəllim məktəbdə işlədiyi müddətdə təkcə şagirdlərə dərsin tədrisi ilə kifayətlənməmiş 2 növbə arasındakı vaxtdan səmərəli şəkildə istifadə edərək kəndin savadsız qadınlarına, axşam dərs bitdikdən sonra isə azsavadlı kişilərə dərs deyərdi. Həftə sonlarında isə əhaliyə el arasında “siyasi dərs” adlandırdığı Konstitusiyadan dərs keçirdi.
Ə.Rüstəmov 1939-cu ilin payızında ordu sıralarına çağırıldı. Xidmətə Ukraynanın Korestin şəhərində başladı. Ürəyindəki vətən sevgisi, döyüşlərdə göstərdiyi şücaət və bacarığı ilə əsgər yoldaşları arasında böyük hörmət qazanmış, bu keyfiyyətlərlə çoxlarından fərqlənmişdir. Qarnizon üzrə atıcılıq yarışında birinci yeri tutmuş və buna görə də Fin cəbhəsində vuruşan hissəyə göndərilmişdi. 24 aprel 1940-cı ildə ən yaxşı komsomolçu kimi Lvova göndərilmişdi. Postda növbətçi olduğu müddətdə düşmən təxribatçısını təkbaşına yaxaladığına görə ona 5 günlük məzuniyyət verilmişdi. Bəli, Ə.Rüstəmov hərbi xidmətdə olduğu ilk gündən döyüşlərdəki cəsarətinə, mətinliyinə görə əsgər yoldaşlarına bir nümunə oldu.
Böyük Vətən müharibəsi başlayanda 3-cü il, hərbi xidmətdə idi. Gözləyirdi ki, hərbi xidməti başa vurub sağ-salamat doğmalarının yanına qayıtsın, sevimli müəllimlik peşəsini yenidən davam etdirsin. Hərbi xidməti bitirməyinə az qalmış leytenant rütbəsi almaq üçün imtahan verib ordudan tərxis olunacaqdı. 1941-ci ilin mayında zabitlik rütbəsi almaq üçün imtahan da verdi. Ancaq…..
Müharibə başlayan gecə onlar top mərmilərinin uğultusuna, partlayış səslərinə yuxudan oyandılar. Bir andaca silaha sarılıb döyüşə girişdilər. Əliabbas Rüstəmov Vətən müharibəsinin ilk günündən ön cəbhədə olur.
Düşmənin zirehli maşınlarının və tanklarının sayı-hesabı yox idi. Səmaya qalxan təyyarələri qara bulud kimi Günəşin qabağını kəsirdi. Güllə yağış kimi yağırdı. Mərmilərin uğultusu qulaq batırırdı.
Əliabbasgilin dəstəsi bir neçə günlüyünə Stanislavın müdafiəsi uğrunda vuruşaraq düşmən qüvvələrini ləngitdilər. Buranı lazımınca müdafiə etdikdən sonra Nijniyov qəsəbəsinə doğru hərəkət etdiler.
Əliabbas düşmən arxasında qalmış körpülərin partlatmasında xeyli səy göstərmişdi. Alınmış tapşırığa görə düşmənin qarşısını kəsmək üçün Buq çayı üzərində qurulmuş dəmiryol və şosse yolu körpülərini öz əllərilə partlatmalı idilər. Əməliyyat onun sayəsində böyük uğurla başa çatdı. O belə çətin tapşırıqla ilk dəfə üzləşirdi. Heç ağlına belə gəlməzdi ki, onu bu çətin döyüş yolunda daha ağır tapşırıqlar gözləyir.
Vinitsa vilayətinin Vorontsı rayonu yaxınlığında düşmən qüvvələrinə qarşı vuruşan zaman Əliabbası batalyonun ştabına çağırdılar. Ştabda marşal Timaşenko ve alay komandiri polkovnik Kormannikov idi. Marşal “səni ölümə göndərirəm”- dedi. “Oldu, ölümə getmək!”deyə, Əliabbas cavab verdi. Bəli, onun üçün Vətən hər şeydən üstün və doğma idi. Bir an belə düşünmədən vətən uğrunda ölümə getməyə hazır idi. Г‡ünki onun üçün qəhrəmanlığa aparan yol tərəddüddən, uzun-uzadı götür-qoydan çox uzaqda idi.
Faşistlər getdikcə daha da quduzlaşırdılar. Bir müddətdən sonra onların hissəsini təcili olaraq Kremençuka göndərdilər. Əliabbasgil müdafiə üçün dərin və geniş xəndəklər qazıb, dzotlar düzəltdilər, düşmənin şəhərə girməsinə imkan vermədilər.
Qızğın müharibə davam edirdi. Kremençuk-Poltava şossesində Kremençukun yaxınlığında mövqe tutmuşdular. Ə.Rüstəmov qaranlıq gecələrin birində tək-tənha üç düşmən tankı ilə mübarizə apardı. Səngərdə gizlənənərək ona tərəf gələn tankların üçünü zərərsizləşdirdi. Xatirələrində özünün də qeyd etdiyi kimi “Mən faşisti əbədi susdurdum”. Xoşbəxtlikdən Əliabbas Rüstəmovun ayağından aldığı qəlpə yarasını nəzərə almasaq, ona heç nə olmamışdı. Yalnız paltarı güllədən deşik-deşik olmuşdu…
Son gülləyə qədər vuruşan Əliabbasgilin hissəsi mühasirəyə alındı. Döyüş sursatı qurtarandan sonra hissənin sağ qalan döyüşçüləri əsir alındı. Belə demək mümkünsə, Əliabbasın məşəqqətli günləri bundan sonra başlandı. Pavloşa, Kirovoqrad, Bahi düşərgələrində olmazın işgəncələrə məruz qaldı. Faşistlər əsirlərə olmazın işgəncələr verir, onları ac-susuz saxlayırdılar.
Xatirələrində… “Torpağın üstünə dairə çəkib əsirləri dairənin ətrafına düzmüşdülər. Xırda-xırda qırıntı şəklində olan çörək dənələrini həmin dairəyə atırdılar. Əsirlərsə aclığa tab gətirə bilməyib əllərini çörəyə uzadırdılar. Almanlar isə həmin vəziyyətə baxıb gülürdülər”. Əliabbas qıraqda oturub fikrə getmişdi. Onu da digər əsirlərin vəziyyətinə salmaq üçün qarşısına çörək qırıntıları tökdülər. Lakin o, çörək qırıntılarına belə baxmadı. “ İki nəfər alman mənə yaxınlaşıb tərcüməçi vasitəsilə soruşdu ki, sən acmamısanmı? Acam, – dedim.
– Bəs nə üçün sən yerə tökülən çörək qırıntılarına tərəf baxmırsan?
– Siz elə bilirsiz ki, biz insan deyilik? Biz sizdən daha yaxşı insanıq. Özümüz də xeyli alman əsgəri əsir almışıq. Lakin biz onlara sizin bizə etdiyiniz işgəncələri vermirik. Siz bütün beynəlxalq qaydaları pozursunuz”, – deyə cavab vermişdi.
Sovet dövründə – milli ənənələrə önəm verilməyən bir dövrdə hər zaman onun qəlbində Allah sevgisi olmuşdu. Ə.Rüstəmov islam dinini bütün incəliklərinə qədər bilmiş, müqəddəs kitabımız olan “Qurani-Kərim” hər zaman evinin yuxarı başında olmuşdu. Onun bu qədər Allaha olan sevgisi hətta faşist əsirliyində olanda belə dadına çatmışdı. Əsirlikdən qaçmağa cəhd göstərdiyinə görə faşistlər onu dar ağacından asmaq istədiler. Yalnız ayağının altından kötüyü çəkməklə onun həyatına son qoyulmuş olardı. Lakin bu zaman bir alman zabiti ona yaxınlaşaraq hansı millətdən olduğunu soruşdu. Azərbaycanlıyam, sovet türküyəm, – demişdi.
– Bəs necə sübut edərsən? Onda “Kəlmeyi şəhadəti” de.
Bu sınaqla kifayətlənməyərək ona qısa surələrin bəzisini deməyi tələb edirlər. Əliabbas bir azəri türki olduğunu bu surələri əzbərdən deməklə sübut etmişdi. Allah adamı olduğuna, Qurana tapındığına görə edam cəzasından xilas ola bilmişdi.
…Sağ qalan əsirləri qatar Əliabbas da onların arasında olmaqla hara isə, onların bilmədikləri uzaqlara aparırdı. O, isə yol boyu beynində saysız planlar qurur, yenidən xilas olmağın yollarını axtarır və bunun üçün lazımi fürsəti gözləyirdi. Bu fürsət nəhayət ki, ələ düşdü. Qatar Fransada dayanmışdı. O, qatardan iki-üç addım uzaqlaşıb torpağın üstündə gizlənir. Bəlkə də, heç kəs belə bir risqə getməzdi. Amma Əliabbas düz fikirləşmişdi. O, həqiqətən də xilas oldu. Daxilində sanki, bir rahatlıq yarandı.
O, bununla kifayətlənməyərək yad və uzaq Fransada partizanlara qoşularaq yenidən vətən uğrunda mübarizə aparır. Ən təhlükəli partlayışlara gedirdik. Düşmənin qarşısını almaq üçün növbəti hədəf olan Kartenakda olan körpünü partlatmaq lazım gəlirdi. Körpünü partlatmaq bu dəfə də Əliabbasa həvalə olundu. Körpünü gözlənilmədən partlaması düşmənləri çaş-baş qoydu. Bu vəziyyətdən istifadə edən Əliabbas və onun əsgər yoldaşları faşistlərə ağır zərbələr endirdilər.
Artıq Əliabbasa taqıma rəhbərlik həvalə olunmuşdu. Müavini isə göyçaylı Hüseynov Hüseyn Məhərrəm oğlu idi. Onlar bir mövqə tutmuşdular və həmin mövqenin ardıyca gedirdilər. “Ya ölməliyik, ya da öldürməliyik!” Düşmən əlinə keçmiş hər bir partizanı dəhşətli işgəncələr, ya da dar ağacı gözləyirdi. Hər kəs kimi Əliabbas da onu qarşıda nə gözlədiyini bilmədən irəliləyirdi. Onların taqımı Pol de Seların yaxınlığında düşmən qüvvəsini çox böyük itki ilə məhv etdi. Düşmənin çoxlu sayda tankını və zirehli maşınını sıradan çıxartdılar. Bütün bu cəsurluqlarına görə əsgər yoldaşlar Əliabbasgilin vzvoduna “güllə batmazlar” adı vermişdilər. Г‡ünki getdikləri hər bir döyüşdən qalibiyyətlə geri dönürdülər.
Ağır döyüşlər davam edirdi. Əliabbas və onun taqımı belə döyüşlərdən birindən geri qayıdarkən doktor Rişer və mayor Testyor düşmənlə vuruşan partizan dəstələrindən birinin faşistlər tərəfindən mühasirəyə alındığı xəbərini aldı. Dərhal Ə.Rüstəmovun rəhbərliyi ilə taqımı köməyə göndərdilər. Düşmənin döyüş gedişini izləyərək qəflətən hücuma keçir. Faşistlər bu gözlənilməz qonağı demək olar ki, acizliklə qarşılayırlar. Bundan daha da ruhlanan Əliabbas və onun taqımı atəşi daha da artırır. Düşmənin mövqeyini yararaq partizan dəstəsini xilas edirlər. Və bu həqiqətən möcüzə idi. Sən demə, Əliabbas öz həmvətənini, “Armed Mişel” adı ilə tanınan, əslən Şəkidən olan Əhmədiyyə Mikayıl oğlu Cəbrayılovu xilas edibmiş. Onlar bu görüşə görə çox sevinirlər. Bundan sonrakı əməliyyatların bir neçəsində düşmənə qarşı birgə mübarizə aparırlar.
Əliabbas qələbə xəbərini Fransada eşitdi. Qələbə xəbərini eşidəndə sevincinin həddi-hüdudu yox idi. Bəlkə də sevindiyindən ağladı da, güldü də, bir uşaq kimi atılıb-düşdü də.
… Nəhayət, o gün də gəldi. 1946-cı ildə ordudan tərxis edildi, doğma vətəninə qayıtdı. Beləcə, Əliabbas müəllimin həyəcanlı günləri geridə qaldı. Doğma vətəninin, torpağın ətirli qoxusu üçün o qədər darıxmışdı ki. Gözləri yollarda qalan Ceyran ana oğlunun gəldiyini görəndə sevincindən yerə-göyə sığışa bilmirdi.
Ömür ulu Tanrının insanlara bəxş etdiyi bir nemətdir. Ağıllı və uzaqgörən insanlar bu ömür adlanan nemətdən yaşadıqca, əllərindən gəldiyi qədər faydalanmağa çalışırlar. Əliabbas Bəkir oğlu Rüstəmov da Allahın ona bəxş etdiyi bu həyatdan layiqincə istifadə etmiş, bütün həyatını doğma xalqının, onun balalarının savadlanmasına həsr etmişdi. Müharibədən qayıtdıqdan sonra İsmayıllı rayonunun İsmayıllı, Həftəsov, Talıstan, Müdri, Qalıncaq, Mican kənd orta məktəblərində gənc nəslə rus dili fənnini tədris etmişdi. Şagirdlərinin dərin və hərtərəfli bilik almaları, yaşadıqları dövrün problemlərindən baş çıxarmaları üçün bütün bilik və bacarığını sərf etmişdi. Hər bir şagirdin yaxın dostu, sirdaşı, qayğıkeşi, onların bu günü və gələcəyi üçün narahat olan, addımlarını düzgün atmaları naminə yolgöstərəni, bələdçisi olmuşdu. Başı bəlalar çəkmiş bu insan heç vaxt ruhdan düşməmiş, daima haqqın, ədalətin qələbəsinə inanmışdır. Kəndi, el-obası üçün çalışmış, el-oba da onun bu əməyinə həmişə hörmət və ehtiram bəsləmişdir. Onun onlarla layiqli yetirmələri vardır.
Əsrlər boyu yağı düşmən doğma yurdumuzun barlı, bəhrəli torpaqlarına, tükənməyən sərvətlərinə göz dikmişdir. Qanlı 20 Yanvar faciəsi, bir gecədə yer üzündən silinən Xocalı şəhəri, mədəniyyət, musiqi beşiyimiz Şuşanın süqutu, Xankəndi, Kəlbəcər, Laçın, Qubadlı, Ağdamın işğalı azadlığımıza qənim kəsilən, torpaqlarımıza göz dikən məkrli düşmənlər tərəfindən xalqımıza, vətənimizə vurulan daha neçə-neçə zərbələr, milli varlığımıza, soy kökümüzə yönələn daha neçə-neçə planlar vardı. Yurdumuzun igid övladları torpaqlarımızı qorumaq üçün silaha sarılıb düşmənlə mübarizə aparmış və bu yolda neçə-neçə övladlarımız şəhid olmuşdular. Torpaqlarımız uğrunda döyüşlərdə qəhrəmanlıq göstərmiş mərd oğullarımız sanki ondan nümunə götürmüşdülər.
Əliabbas Rüstəmovun hazırda səkkiz övladı, nəvə və nəticələri var. Həyatımızın bügünkü çiçəklənən, firavan, xoşbəxt günlərini görmək ona nəsib olmasa da, bu xoşbəxt həyatda nəvələri onun arzuladığı kimi elmin zirvələrinə doğru addımlayaraq babalarına layiq olmağa çalışırlar. Yaşasaydı bu il faşizm üzərində Qələbənin 70-ci il dönümünü fərəh hissi ilə qarşılayardı. Г‡ünki bu qələbənin qazanılmasında onun da əvəzsiz xidmətləri olmuşdu.
Yazını babamın “Cəbhə xatirələri” adlı qeydləri əsasında hazırladım. Azərbaycan xalqının bu qədər igid və ziyalı oğlunun nəvəsi olduğum üçün qürür hissi duyuram.
Vüsalə QasımovaUnudulmaz ömür hekayəsi

Şərh Yaz