Yaddas kitabcasi

416-cı Azərbaycan atıcı diviziyasının İsmayıllı qəhrəmanları

İkinci Dünya müharibəsində Qırmızı Bayraqlı, Suvorov ordenli Azərbaycan (Taqanroq) atıcı diviziyasının Qafqaz müdafiəsindən Almaniyanın paytaxtı Berlin şəhərinin alınmasına qədər döyüşə-döyüşə getdikləri uzun cəbhə yollarında fədakarlıq və qəhrəmanlıq göstərərək, daha çox fərqlənmiş azərbaycanlı əsgər və zabitləri arasında say hesabına görə İsmayıllıdan olan həmyerlilərimiz ön sırada olmuşlar. 416-cı Azərbaycan atıcı diviziyasının İsmayıllı qəhrəmanlarıBelə ki, hərbi sənədlərdən məlum olur ki, müharibə illərində 416-cı diviziyadan uç nəfər azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. Onlardan biri də 1914-cü ildə İsmayıllı rayonunun Sulut kəndində anadan olmuş, 416-cı diviziyanın 1054-cü artilleriya alayının batareya komandiri, kapitan Bahəddin Şahvələd oğlu Mirzəyev olmuşdur. Bahəddin Mirzəyevin etdiyi şəxsi qəhrəmanlıqlar haqqında dəfələrlə məqalələr yazıldığına görə təkrarlamağa ehtiyac yoxdur. Diviziyanın döyüş salnaməsini yüksəklərə qaldıran həmyerlilərimizdən biri də 1923-cü ildə İsmayıllı rayonunun Yeniyol kəndində anadan olmuş, 416-cı diviziyanın kəşfiyyatçısı, serjant Qasım Məmməd oğlu Əsədov olmuşdur.
1944-cü ilin aprel ayında Q.Əsədovun komandirlik etdiyi kəşfiyyat manqası Odessa vilayətinin Anatolyevka kəndinə girərək, orada dinc kənd sakinlərinə cəza verən rumın hitlerçiləri ilə əlbəyaxa vuruşa başlamışdır. 15 nəfər hitlerçi məhv ediləndən sonra qorxmaz kəşfiyyatçı manqasını təzədən döyüşə qaldıran zaman faşistlər tərəfindən öldürülmüşdür. Q.Əsədov kənd məktəbinin həyətində basdırılmış və Anatolyevka kəndinin minnətdar sakinləri onun xatirəsini əbədiləşdirmək üçün məktəbə onun şərəfinə – Qasım Əsədov adını vermişdir. 416-cı diviziyanın qəhrəmancasına həlak olan döyüşçülərindən və zabitlərindən biri də, 1923-cü ildə İsmayıllı rayonunda anadan olmuş, diviziyanın 1374-cü atıcı alayında 2-ci atıcı batalyonu komandirinin siyasi hissə üzrə müavini olmuş baş leytenant Vahab Mirəddin oğlu Osmanov olmuşdur.
Diviziyanın Berlini almaq üçün aparılan əməliyyatda iştirakı zaman V.Osmanov Berlindəki “Kayzer Vilhelm” sarayını ələ keçirmək üçün 1945-ci il aprelin 30-da hücuma keçən qrupa rəhbərlik edirdi. Onun qrupu şiddətli müqavimət göstərən hitlerçilərin sıralarını yara-yara sarayın yuxarı mərtəbələrini tutmuş və mayın 1-də saray binasının üstünə Qırmızı bayraq sancmışlar. V.Osmanov isə bu vuruşmada qəhrəmancasına həlak olmuşdur.
Alman-faşist işğalçılarına qarşı mübarizədə 416-cı diviziyanın komandanlığının qarşıya qoyduqları təxirəsalınmaz tapşırıqlarını nümunəvi surətdə yerinə yetirmiş və bununla birlikdə şəxsi şücaət və qəhrəmanlıq göstərdiklərinə görə medal və ordenlərlə təltif olunanlar arasında onlarla həmyərlimiz də olmuşdur. Məsələn, 1908-ci il təvəllüdlü, 1054-cü alay komandirinin siyasi hissə üzrə müavini, kapitan Həşim Əzim oğlu Həşimov, 1900-cü il təvəllüdlü, 1368-ci atıcı alayının pulemyotçusu, serjant Abdul Mütəllimov, 1904-cü il təvəllüdlü, 1368-ci alayın atıcı əsgəri Fətəli Fətəli oğlu Kərimov, 1923-cü il təvəllüdlü, diviziya artilleriya qərargahının telefonçusu, yefreytor Osman Elişan oğlu Hacıyev, 1923-cü ildə İvanovka kəndində anadan olmuş, 1368-ci atıcı alayının radiostansiya rəisi, baş serjant Vladimir Aleksandroviç Г‡uqunov, 1920-ci il təvəllüdlü, 1054-cü alayın avto sürücüsü Veysəl Əli oğlu Rəhimov, 1907-ci il təvəllüdlü, 416-cı diviziya nəzdində əks-kəşfiyyat (SMERГ‡) şöbəsinin mühafizə vzvodunda manqa komandiri, kiçik serjant Əhməd Sədrəddin oğlu Əfəndiyev, 1921-ci il təvəllüdlü, 416-cı diviziyanın artilleriya komandanlığının telefonçusu, yefreytor Səlim Teymur oğlu Quliyev, 1921-ci il təvəllüdlü, diviziya artilleriya komandanlığının idarə vzvodunun baş kəşfiyyatçısı yefreytor Yaqub Nurməmməd oğlu Ağamalıyev, 1923-cü il təvəllüdlü, 1368-ci alayının atıcı rotasının RPL qurğusunun tuşlayıcısı Nuralı Umud oğlu Ələsgərov, 1921-ci ildə Qalacıq kəndində anadan olmuş, 416-cı atıcı diviziyasının 921-ci əlahiddə rabitə batalyonunda telefon qurşağının rəis köməkçisi, kiçik serjant Kərim Məmməd oğlu Əzizov və başqaları medal və dövlət ordenləri ilə təltif olunmuşlar. Bu siyahı hələ tam deyil, çünki RF hərbi arxivinin ümumdaxili elektron saytı hələ müvəqqəti olaraq bütün məlumatla dolmamışdır.
Rəhim Əzizov
7 aprel 2015-ci il, Rostov-Don şəhəri
416-cı Azərbaycan atıcı diviziyasının İsmayıllı qəhrəmanları

Şərh Yaz