Yaddas kitabcasi

Şəhidlik zirvəsi

Şərəfdir ölmək də azadlıq üçün,
Bu məslək dəyməzmi bütün dinlərə,
Deyirəm eşq olsun, bu gün və sabah,
Azadlıq uğrunda can verənlərə!
Şəhidlik zirvəsi1970-ci ilin dekabrın 23-də İsmayıllı şəhərində anadan olan Abdullayev Natiq Yavər oğlu 1977-ci ildə İsmayıllı şəhər 3 nömrəli orta məktəbinin I sinfinə getmişdi. Məktəbi bitirən Natiq 1988-ci ildə hərbi xidmətə yollanmış, Uzaq Şərqdə xidmət etdikdən sonra 1990-cı ildə hərbi xidməti başa vurmuşdu.
1994-cü ilin fevralın 14-də Natiq də minlərlə igid kimi könüllü olaraq Qarabağa yola düşür. Həmin ilin aprelin 16-da Füzuli rayonunun Şükürbəyli kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak oldu və şəhidlik zirvəsinə ucaldı. Ata-anası, doğmaları heç bilməzdi ki, o, 24 yaşa çatanda Vətən uğrunda şəhid olacaq.
Natiq də minlərlə qeyrətli Vətən oğulları kimi Xocalı faciəsindən sonra rahatlıq tapmırdı, könüllü olaraq İsmayıllı rayon Hərbi Komissarlığına gedib, onu müharibə bölgəsinə göndərilməsini bildirdi. 1994-cü ilin əvvəllərindən Füzuli bölgəsində döyüşlərdə vuruşur, qəhrəmanlıqlar göstərir. Onun daxil olduğu hərbi birləşmənin qəhrəmanlıqlarının sayı hesabı çoxdur. Onlar dəfələrlə düşmənə layiqli cavab verərək onu geri çəkilməyə məcbur etmişdi.
Natiq ölümdən qorxmayan, cəsarətli, vətənpərvər oğul kimi böyümüşdü, məktəbdə həmişə hərbi oyunlarda fərqlənirdi. Könüllü olaraq Vətənin müdafiəsi üçün hazır olduğunu həm sözü, həm də fiziki hazırlığı ilə sübut etmişdi, ona görə də o, mənim gözümdə əsl qəhrəmandır. Nümunəvi idmançı olması və digər mənəvi keyfiyyətləri Natiqi bir çox döyüşlərdən uğurla çıxardı. Bir neçə kəndin azad olunmasında mərdliklə vuruşmuş, gözü qarşısında həmyerlisi Təzəkənd kənd sakininin ölümü Natiqi daha da sarsıtmış və düşmənə nifrətini birə-beş artırmışdır.
Füzulinin Şükürbəyli kəndinin azad olunması uğrunda gedən döyüşlərdə düşmənə layiqli cavab verərək, şəhid olmuş Natiq öz ölümü ilə ölümsüzlüyə qovuşmuşdur. Oxuduğu İsmayıllı şəhər 3 nömrəli orta məktəbdə şəhid Natiq Abdullayevin şərəfinə lövhə hazırlanmış, onun adına küçə verilmişdir.
Amma bunların heç biri şəhidin anası Solmaz xanımı ovundura bilmir, oğlunun yoxluğuna inanmayan şəhidin atası Hacı Yavəri sakitləşdirmir. Bütün ata-analar kimi onlar da Qarabağın azad olunduğu günü səbirsizliklə gözləyirlər.
İsmayıllı şəhər qəbiristanlığında dəfn edilmiş Natiqin məzarı daim yad edilir, ruhuna dualar oxunur. Natiq öz qəhrəman adı ilə ədəbi yaşayacaq!
Allah şəhidlərimizə rəhmət eləsin!
Kamran Məlikzadə

Şərh Yaz