Ünvanımız – Dədə Şəmşir

Həm ifaçı, həm də yaradıcı aşıq olan Dədə Şəmşir 15 mart 1893-cü ildə Kəlbəcərin Dəmirçidam kəndində görkəmli el sənətkarı, şair Qurbanın ailəsində dünyaya gəlib. Sənətkar ailəsində doğulan Şəmşir çox keçmədən el yığıncaqlarında tanınmağa başlayıb. Miskin Abdal nəslinin davamçısı olan Dədə Şəmşiri bütün Azərbaycana daha yaxından tanıdan böyük Səməd Vurğun olub.
Ünvanımız – Dədə Şəmşir

Həm ifaçı, həm də yaradıcı aşıq olan Dədə Şəmşir 15 mart 1893-cü ildə Kəlbəcərin Dəmirçidam kəndində görkəmli el sənətkarı, şair Qurbanın ailəsində dünyaya gəlib. Sənətkar ailəsində doğulan Şəmşir çox keçmədən el yığıncaqlarında tanınmağa başlayıb. Miskin Abdal nəslinin davamçısı olan Dədə Şəmşiri bütün Azərbaycana daha yaxından tanıdan böyük Səməd Vurğun olub.
Dədə Şəmşir qələmə aldığı qoşma, gəraylı, təcnis, divani, bayatı, rübai, qəzəl və müxəmməslərlə Kəlbəcər ədəbi mühitini, eləcə də yazılı və şifahi poeziyamızın ən önəmli cəhətlərini ustalıqla öyrənən söz sənətkarı kimi öz məktəbini yaradıb. Onun 40-dan artıq şagirdi vardı. Aşıq Şəmşirin qeyri-adi səsi və çalğısı saz-söz sərrafı olan Kəlbəcər ellərində yüksək dəyərləndirilir, ustad sənətkarın orijinal ifaçılığı və şairliyi heç kəslə müqayisə edilmirdi. Görkəmli şair-yazıçılarımızdan S.Vurğun, O.Sarıvəlli, N.Xəzri, N.Həsənzadə, Z.Yaqub, Ş.Əsgərov, İ.Tapdıq, S.Rüstəmxanlı kimi sənətkarlar ayrı-ayrı illərdə dövri mətbuatda Dədə Şəmşirin sənət dünyasından, şeirlərinin poetik vüsətindən söz açıblar.
Aşıq Şəmşirin “Şerlər” adlı ilk kitabı 1959-cu ildə “Akademiya” nəşriyyatı tərəfindən buraxılıb .Sonralar müəyyən fasilələrlə ustad sənətkarın “Qoşmalar”, “Seçilmiş əsərləri”, “Dağ havası”, “Şerlər”, “Öyüdlər” və s. kitabları işıq üzü görüb. Aşıq Şəmşirin həyat və yaradıcılığına həsr olunmuş ”Aşıq ürəkli şair, şair ürəkli Aşıq Şəmşir” (Osman Sarıvəlli, 1973), “Saxla izimi, dünya” (Məmməd Aslan, 1989), “Dədə Şəmşir yaddaşlarda” (Qənbər Şəmşiroğlu, 2000) kitabları vardır.

“Ünvanımız – Dədə Şəmşir” adlı kitabda Dədə Şəmşirə həsr olunmuş şeirlər və ustad sənətkarın müxtəlif şairlərlə deyişmələri verilib. Bu toplu qüdrətli saz-söz sənətkarının poetik obrazını yaratmaq baxımından da maraqlı və dəyərlidir. Kitabda həmyerlimiz Mövlud Teymurun şeirləri də çap edilib. Mövlud Teymurun kitabdakı hər şeiri bir ovqatın, bir məqamın məhsuludur.
Ç.Bəhərçinli

Ustad Aşıq Şəmşirə

Sazın, sözün ustadı,
El-obanın muradı.
Toy-yığnağın urvatı,
Sən oldun, Dədə Şəmşir!

Həvəsin dağ çayıydı,
Nurun göyün ayıydı.
Payın Allah payıydı,
Sən oldun, Dədə Şəmşir!

Həyat qaynadı səndə-
Hay saldın dağ-dərəndə.
Namərdləri görəndə,
Gen oldun, Dədə Şəmşir!

Dədə Şəmşir

Könlüm səni arzuladı,
Dədə Şəmşir, Dədə Şəmşir!
Nurlu üzün bir bahardı,
Dədə Şəmşir, Dədə Şəmşir!

Gülü güldən ayırmadın,
Tülü tüldən ayırmadın.
Eli eldən ayırmadın,
Dədə Şəmşir, Dədə Şəmşir!

Aşdı, daşdı bulaqların,
Gəldi, getdi qonaqların.
Əvəzsizdi yığnaqların,
Dədə Şəmşir, Dədə Şəmşir!

Şərh Yaz