Həyat – ona gülümsəməyi bacaranlarındır


Redaksiyadan: Müəllif yazısında çox önəmli məsələyə toxunub. Ailə və məişət problemlərinin həllində müraciətçilərin xoş üzlə qarşılanması, səbrlə dinlənilməsi boşanmaların, intiharların artdığı bir dövrdə yəqin ki, faydalı olardı. Bəzən bir xoş söz, bir təbəssüm bir insan həyatını qurtara bilir. Şair “can deməklə candan can əskik olmaz” deyir. Can deyən, gülümsəməyi bacaran heç nə itirməz, amma alan çox şey – bəlkə də bir həyat qazanar. Bu barədə, əziz oxucular, Sizin də fikirlərinizi bilmək istərdik. Məktublarınızı gözləyirik.Müzakirə üçün
Həyat – ona gülümsəməyi bacaranlarındır

Bizim Mərkəz 2011-ci ildən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərir. Başlica vəzifəsi problemli ailələri, problemlə üzləşmiş qadınları, xüsusi qayğıya ehtiyaclı uşaqları icmada müəyyənləşdirməklə onların ailələrının gücləndırilməsinə kömək etmək, mövcud olan sosial xidmətlərlə əlaqələndirmək, maarifləndirmə işi aparmaqdır. Mərkəzimizin iş təcrübəsi, yaşı, işçilərinin sayı az olsa da artıq 100-dən çox problemli ailə ilə işləyirik. Minnətdarlıq hissi ilə deyim ki, ailə problemlərinin həllində İsmayıllı rayon İcra Hakimiyyəti bizə daim dəstək verib. Bununla bağlı təkcə bir fakt demək kifayət edər. İcra hakimiyyətinin köməyi ilə hesabat dövründə 4 uşağın internata verilməsinin qarşısını ala bilmişik. Bu, “Azərbaycan Respublikasında dövlət uşaq muəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dovlət Proqramı”nın icrası istiqamətində atılmış uğurlu addımlardır.
Həkimlərimiz bunu hamıdan yaxşı bilirlər ki, xəstəliyin qarşısını almaq onu müalicə etməkdən daha asandır. Ailə problemi də elə xəstəlik kimidir- qarşısını almaq nisbətən asan, artıq problemə dönübsə, həll etmək çətin, bir az da irəliləyib ətrafa sirayət edibsə, lap çətin olur. Tək şairin deyil, elə hamının dərdlərinin ayaqları var – təkcə sahibini yox, vaxtında kömək əli uzadılmayanda, həll olmayanda hər birimizi tapa biləcək uzun, caynaqlı ayaqları.
Problemlərin yaranmasının və artmasının başlıca səbəblərindən biri maarifsızlikdir, insanların hüquqlarını, vəzifələrini bilməmələridir. Hacı Zeynalabdin Tağıyev deyirdi: Bir oğlana təhsil verməklə bir nəfərə, bir qıza təhsil verməklə bir anaya, bir ailəyə təhsil vermiş olursan. Elə ona görə də maarifləndirməyə önəm veririk. Hələ ki, rayonumuzda qadınların sayı kişilərə nisbətən çoxdur, amma fəal qadınlarımızın sayı bu müqayisənin əksidir.
Qadınların maarifləndirilməsi, ictimai və sosial fəallığının artırılması məqsədilə 2012-ci ildə Mərkəzin nəzdində sürətli internetlə təchiz olunmuş “Qadın icma məlumat mərkəzi” yaratmışıq. Artıq ötən müddət ərzində buradan 900-dən çox qadın bəhrələnmişdir. Mərkəzdə qadınlar üçün kompyuter kursu da fəaliyyət göstərir. Qadınlar və məktəblilərlə müntəzəm olaraq müxtəlif mövzularda söhbətlər, təlimlər keçirilir. Sağlam həyat tərzi, zərərli vərdişlər və bir çox problemlərin – boşanmaların, əlil uşaqların, ailə münaqişələrinin artmasına, uşaq hüquqlarının pozulmasına səbəb olan erkən nikahlarla bağlı daha çox iş aparılır. Yerli qəzetdə yazılar dərc edilir, plakat və bukletlər paylanır. Təkcə ötən il erkən nikahın fəsadları və cəzaları ilə bağlı ailələrə beş minə yaxın məktub göndərilmişdir.
Bu gün rayonumuz inkişaf edir, gözəlləşir – şəhər abadlaşır, yeni tikililər, yeni iş yerləri ünvan tapır. İnsanlar, ələlxüsus da, biz qadınlar gözəlliklə ayaqlaşmağa, gözəlliyin yanında olmağa çalışırıq. Çox inanıram ki, inkişaf edən, gözəlləşən rayonumuzla bərabər həyatımıza, məişətimizə yeni yaşam tərzi də daxil olacaq. Axı istər-istəməz insan ailəsindən, valideynlərindən daha çox yaşadığı, düşdüyü mühitə bənzəyir. Mühit dəyişdikcə, üzümüzə güldükcə, biz də gülümsəməyi, özümüzə güvənməyi, problemlərimizi cəmiyyətə daşımadan ailə daxilində həll etməyi öyrənəcəyik, problemsiz ailə sahibi olmağı bacaracağıq.
Yaxşı olardı ki, idarə və müəssisələrdə çalışan, hər gün bilavasitə əhali ilə – müraciətçi ilə təmasda olan işçilərə davranış etikası ilə bağlı seminarlar keçirilsin, onlara insanlarla işləmək bacarığı öyrədilsin. Bəlkə belə olarsa bəzi “boz sifətləri” xoş üzlərə çevirmək olar.
“İsmayıllı xəbərləri”nin çoxsaylı oxucularına problemsiz ailə həyatı, problemsiz cəmiyyət və problemlərin, çətinliklərin belə qarşısında əl qaldırıb təslim olduğu özünəgüvən, şirin dil, gülər üz arzulayıram. Məncə, həyat ona gülümsəməyi bacaranlarındır. Gülümsəməyi bacaraq: həyata və insanlara!
Ruziyyə Çələbiyeva,
İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin metodisti

Redaksiyadan: Müəllif yazısında çox önəmli məsələyə toxunub. Ailə və məişət problemlərinin həllində müraciətçilərin xoş üzlə qarşılanması, səbrlə dinlənilməsi boşanmaların, intiharların artdığı bir dövrdə yəqin ki, faydalı olardı. Bəzən bir xoş söz, bir təbəssüm bir insan həyatını qurtara bilir. Şair “can deməklə candan can əskik olmaz” deyir. Can deyən, gülümsəməyi bacaran heç nə itirməz, amma alan çox şey – bəlkə də bir həyat qazanar. Bu barədə, əziz oxucular, Sizin də fikirlərinizi bilmək istərdik. Məktublarınızı gözləyirik.

Şərh Yaz