Ana dilim, şirin dilim

Ana dilim bizim müqəddəs sərvətimiz, anamızın bizə layla dediyi şirin dildir. Ana dili ömrümüzə məna verən, onu gözəlləşdirən, ürəklərə hərarət gətirən, insanı öz keçmişinə bağlayan, gələcəyə səsləyən mənəvi xəzinədir. Ana dili bizim kökümüz, milli mədəniyyətimiz, milli əxlaqımızdır.
Ana dilim, şirin dilim
Ana dilim, şirin dilim

Ana dilim bizim müqəddəs sərvətimiz, anamızın bizə layla dediyi şirin dildir. Ana dili ömrümüzə məna verən, onu gözəlləşdirən, ürəklərə hərarət gətirən, insanı öz keçmişinə bağlayan, gələcəyə səsləyən mənəvi xəzinədir. Ana dili bizim kökümüz, milli mədəniyyətimiz, milli əxlaqımızdır.
Ana dilim, şirin dilim
Ana dili hər bir xalqın, millətin varlığıdır. Dil millətin özünü isbatı, həyat tərzi, mədəni irsidir. Bunu qərinələr, tarix sübut edir. Dil hər ölənlə birgə ölməsə də, hər doğulanla birgə doğulan əbədiyaşar bir varlıqdır.
Planetimizin ilk millətlərindən olan Latınlar bu gün tarix səhnəsində olmasalar da dilləri qalıb. İndi bu dil cahan boyu addımlamaqla dilindən, dinindən, milli mənsubiyyətindən asılı olmayaraq bütün bəşəriyyətin sağlamlığına xidmət edən tibb elminin terminlər dünyasını öz varlığında daşımaqdadır. Ağır xəstəliklərə düçar olub ölən xalqın dili bu gün bütün dünya xalqlarını xəstəliklərdən xilas etməkdədir.
Xalq şairi Səməd Vurğun ana dilini xalqın namusu, tarixi, vicdanı adlandırırdı.
Mənim ana dilim! Bu o dildir ki, Fizuli eşqi, Nəsimi dözümü, Vurğun şirinliyi, Üzeyir dünyası bu dildə ifadə olunmuş, zaman-zaman qanımıza, canımıza hopmuşdur.
Hər xalqın öz dili var. Bizim də dilimiz Azərbaycan dilidir. Bu dil zaman-zaman inkişaf edib, zənginləşib. Bu gün Azərbaycan dili təkcə doqquz milyonluq Azərbaycan respublikasının deyil, Şimaldan Cənuba, Şərqdən Qərbədək planetimizin yetmişədək ölkəsində yaşayıb yaradan əlli milyonluq xalqın dilidir.
XIX əsrdə Qafqaza gələn fransız yazıçısı Aleksandr Düma öz qeydlərində yazırdı: ”Avropada fransız dili necə əhəmiyyətə malikdirsə, Qafqazda da Azərbaycan dili o cür əhəmiyyətə malikdir.
Ulu öndərimiz uzaqgörən şəxsiyyət Heydər Əliyev ana dilimizin saflığının qorunması üçün mühüm işlər görmüşdür. Milli lider ana dili haqqında deyirdi: “Hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı öz ana dilini, Azərbaycan dilini, dövlət dilini mükəmməl bilməlidir.
2001-ci ildə latın qrafikalı Azərbaycan əlifbasına keçidin başa çatdırılması dilimizin inkişafında Heydər Əliyevin misilsiz xidmətlərindəndir. Ulu öndərin 2001-ci ilin 9 avqustunda imzaladığı “Azərbaycan əlifbası və Azərbaycan dilinin təsis edilməsi haqqında” fərmanına əsasən hər il 1 avqust ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd olunur. Bu tarixi sənəd ana dilimizə yeni nəfəs, yüksəliş verdi.
Azərbaycan dili dünyamızın ən şirin, ən mükəmməl, ən zəngin, ən poetik dillərindən biridir.
Azərbaycan dili bizi dünyaya gətirən anamızın dilidir, üzərində boy atıb böyüdüyümüz Vətənimizin dilidir. Azərbaycan Respublikasının dövlət dilidir. Azərbaycan dili həm də qüdrətli və gözəl, həm də mənalı və şirindir. Bu dil ən mürəkkəb fikirləri ifadə etməyə, ən obrazlı epizodları çatdırmağa qadir bir dildir.
Azərbaycan dili Azərbaycan xalqının varlığıdır. Min ildən artıq tarixi olan bu dildə nə qədər gözəl əsərlər yaranmış, nə qədər hikmətli sözlər söylənilmişdir.
Görkəmli Azərbaycan yazıçısı Mirzə İbrahimov yazır: “Azərbaycan dili qanadlı xəyalları, coşqun ehtirasları, dərin fikirləri ifadə edə bilir. Eyni zamanda bu dil gözəldir, cazibədardır, ahənglə, musiqi ilə doludur.
Azərbaycan dili bizim varlığımız və sərvətimizdir. Onun saflığını və müqəddəsliyini qorumaq bizim vətəndaşlıq borcumuzdur.
Ucalır bağında bülbülün səsi,
Çay susur, əsməyir çəməndə yel də
Nə qədər doğmadır onun nəğməsi
Bülbül də elə bil ötür bu dildə.
Hörmətli şairimiz Nəbi Xəzrinin bu misralarında dilimizin zənginliyi öz əksini bir daha tapmışdır.
İnsan həyatında dil ünsiyyət vasitəsidir. Çünki məhz dilin köməyi ilə biliklərə yiyələnir, onun vasitəsilə öz sevinc və arzularımızı, sevgi və məhəbbətimizi, qəzəb və nifrətimizi bildiririk.
Dünya xalqları Beynəlxalq Ana dili gününü fevral ayının 21-də qeyd edirlər. Beynəlxalq Ana dili günü 1999-cu il noyabrda UNESCO-nun baş konfransında elan edilib və 2000-ci ilin fevral ayından etibarən hər il dilçilik, mədəni müxtəliflik və çoxdilliyi təbliğ etmək üçün qeyd edilir. Beynəlxalq Ana dili günü 1952-ci il fevralında Banqladeşin Benqal şəhərində öz ana dilinin rəsmi dil olması uğrunda mübarizə aparan dörd tələbənin mübarizəsini xatırladır. UNESCO-nun baş direktoru xanım İrina Bokovanın Beynəlxalq Ana dili günü ilə bağlı məktubunda deyilir ki, ilk sözlərin söyləndiyi və fərdi düşüncələrin ifadə olunduğu ana dili hər bir şəxsin tarixi və mədəniyyətinin təməlidir. Bundan başqa, sübut edilmişdir ki, uşaqlar məktəbin ilk illərində ana dilində daha yaxşı təhsil alır. UNESCO ən azı üç səviyyəli dil bacarıqlarının ; ana dili, milli dil, ünsiyyət dilinin öyrənilməsini təbliğ etməklə dilçiliklə bağlı əsas məsələ olan çoxdilliliyi təbliğ edir.
Azərbaycan dilində türklərlə, tatarlarla, özbəklərlə, türkmənlərlə, qırğızlarla anlaşmaq, ünsiyyət yaratmaq mümkündür. Ulu öndərimiz H.Əliyevin dediyi kimi, biz türklərlə “bir millət iki dövlətik.” Dilimiz bir, dinimiz birdir. Bir- birimizə arxayıq, dayağıq. Beynəlxalq məclislərdə sözümüz bir, fikrimiz bir, amalımız birdir. Dar gündə də, xoş gündə də birik. Bakı-Tibilisi-Ceyhan Neft kəməri, Bakı Ərzurum Qaz kəməri bizi iqtisadi cəhətdən birləşdirsə də adət-ənənələrimiz, dilimiz, dinimiz birdir. Biz dost, arkadaş, qardaş və sirdaşıq. Ünsiyyət vasitəmiz olan dilimizlə fəxr edirik.

Ana dilim, şirin dilim
Xatirə Orucova,
A.Aslanov adına İsmayıllı şəhər 2 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi

Şərh Yaz