2 Fevral – Azərbaycan Gəncləri Günüdür
1 fevral 2024-ci il tarixində İsmayıllı rayonundakı Heydər Əliyev Mərkəzində Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsinin iştirakı ilə 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə gənclərlə görüş keçirilib.
Tədbir öncəsi İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı Nahid Bağırovun iştirakı ilə ulu öndər Heydər Əliyevin abidəsi və rayondakı Şəhidlər xiyabanı ziyarət olunub.
Heydər Əliyev Mərkəzində keçirilən tədbir ümummilli lider Heydər Əliyevin və Vətən müharibəsi şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Mədəniyyət işçisi Tərlan Əliyevin ifasında gənclik, vətənpərvərlik ruhlu musiqi nömrələri dinlənilib.
Daha sonra 2023-cü ildə gənclər sahəsində görülən tədbirləri özündə əks etdirən video çarx nümayiş etdirilib.
Tədbirdə Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin rəisi və idarə əməkdaşları, İsmayıllı Rayon İcra Hakimiyyətinin nümayəndəsi, mədəniyyət işçiləri Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsinin sədri, şəhid ailələrinin üzvləri, qazilər, təhsil sahəsində fərqlənən gənc müəllimlər və uğur qazanmış şagirdlər, “Şahin” hərbi-idman oyununun qalib komandası və fəal gənclər iştirak ediblər.
Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov çıxış edərək əsası Ulu öndər tərəfindən qoyulan dövlət gənclər siyasətinin uğurlarından danışdı və bildirdi ki, məhz bu siyasətin nəticəsidir ki, bu gün ölkəmizdə idarəetmə bacarığı ilə seçilən intellektual, dünyagörüşlü yeni nəsil yetişib. Tədbirdə həmçinin rayonun fəal gənclərindən biri, Ülvi Osmanlı məruzə ilə çıxış edib.
Çıxışlarda gənclərlə iş və idman sahəsində həyata keçirilən layihələrdən söz açılıb, əldə olunan uğurlardan danışılıb. Bildirilib ki, bu gün hər bir Azərbaycan gənci ümummilli lider Heydər Əliyevin ideyalarını öz fəaliyyətində daim rəhbər tutmalı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın müstəqilliyinin əbədi yaşaması üçün yumruğunu bir hədəfə vurmalıdır.
Tədbirdə bir qrup gənc rayonun ictimai həyatında fəal iştirakına və gənclərlə iş sahəsində səmərəli fəaliyyətinə görə Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsinin birgə təsdiq etdiyi Fəxri fərmanları ilə təltif olunublar.
Sonda xatirə şəkli çəkilib.
R.Firudinova